525.Az

Rusiya üçün "qırmızı xətt" - Xaqani Cəfərlinin şərhi


 

Rusiya üçün "qırmızı xətt" - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

NATO-nun 14 iyunda Brüsseldə keçiriləcək sammiti və Cenevrədə keçirilməsi nəzərdə tutulan Co Bayden-Vladimir Putin görüşü ərəfəsində Rusiya və ABŞ rəsmiləri mövqelərini açıqlamağa başlayıblar.

Rusiyanın mövqeyini prezident Vladimir Putin "Rusiya-1" telekanalına müsahibəsində açıqlayıb. Putin Ukraynanın NATO-ya üzvlüyünün Rusiya üçün "qırmızı xətt" olduğunu elan edərək Şimali Atlantika Alyansının üzvlərini və ukraynalıları yaxşı düşünməyə çağırıb. Rusiya dövlət başçısı bu mövqeyini belə əsaslandırıb ki, Xarkov və ya Dnepropetrovskdan Rusiyanın mərkəzi hissəsinə raketlərin uçuş müddəti 7-10 dəqiqədir. Əgər Ukrayna Alyansa üzv olarsa, Rusiya NATO ordusunun açıq hədəfinə çevriləcək. Ona görə də Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü Rusiya üçün qəbuledilməzdir. 

Rusiya prezidenti ukraynalıları təhdid etməkdən də çəkinməyib. Ukrayna əhalisinin ən azı 50 faizinin NATO-ya üzvlüyün əleyhinə olduğunu bildirən Rusiya prezidenti bu mövqedə olanları ağıllı insanlar kimi xarakterizə edib. Putin hesab edir ki, NATO-ya inteqrasiyanın əleyhdarları atəş xəttində qalmaq, "top yemi" olmaq istəmədikləri üçün ağıllı insanlardır. Rusiya prezidenti bu fikirlərində heç bir istehza olmadığını da qeyd edib və bu fikirlərin açıq təhdiddən başqa bir şey olmadığını nümayiş etdirib. Prezident Putin hesab edir ki, NATO-nun Şərqə doğru genişlənməsində bu günə kimi Rusiyanın mövqeyi nəzərə alınmayıb. Rusiya dövlət başçısı bu yanaşmanın dəyişməli olduğunu qeyd edərək, Moskvanın rəyinin nəzərə alınmalı olduğunu vurğulayıb.

Rusiya ilə Qərb arasında əsas fikir ayrılıqlarından biri məhz NATO-nun genişlənməsi ilə bağlıdır. Qərbdə hesab edirlər ki, ölkələrin və xalqların azad seçim hüququ var. Rusiya hansısa ölkənin Avroatlantik strukturlara inteqrasiyasına veto qoymaq hüququna malik deyil. Moskvada isə hesab edirlər ki, bu zaman Rusiyanın təhlükəsizliyi ilə bağlı ciddi problemlər yarandığı üçün NATO Şərqə doğru genişlənmə planlarından imtina etməlidir. Aydın görünür ki, bu məsələdə Rusiya ilə Qərb arasında çox ciddi fikir ayrılığı mövcuddur. Putinin bu açıqlamalarından bir gün əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiklərini açıq mətnlə bəyan etmişdi. "Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirik. Hazırda Alyansa qoşulmaq üçün Ukrayna lazım olan bütün imkanlara sahibdir".

Vaşinqtonda belə hesab edirlər ki, Rusiyanın Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı indiki barışmaz mövqeyi Moskvanın iddia etdiyi kimi təhlükəsizlik məsələləri ilə əlaqəli deyil. Çünki Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə Alyansın 2008-ci ildə Buxarestdə keçirilən sammitində qərar verilib və o zaman Rusiyanın mövqeyi indikindən fərqli olub. Qərbdə Moskvanın mövqeyindəki bu kəskin dəyişikliyi Rusiyanın keçmiş imperiyanın ərazisini yenidən öz təsir dairəsinə salmaq istəyi ilə izah edirlər.

Putin Says Big Tech Is a Threat to &#39;Democratic Institutions&#39; | Time 

NATO-nun Brüssel sammiti ərəfəsində Rusiya ən yüksək səviyyədə "qırmızı xətti"nin nədən ibarət olduğunu açıqladı və bundan sonra söz Şimali Atlantika Alyansına üzv ölkələrin dövlət və hökumət başçılarınındır. Məhz onlar 14 iyunda Rusiyanın "qırmızı xətti"ni keçib-keçməməklə bağlı qərar verəcəklər. Dövlət katibi Anton Blinken ABŞ Senatının Xarici Əlaqələr Komitəsində bir dinləmədə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Co Bayden administarsiyasının mövqeyinin nədən ibarət olduğu haqqında senator Robert Portmanın suallarını cavablandırarkən deyib ki, ABŞ-dan fərqli olaraq Şimali Atlantika Alyansının bəzi üzvləri Ukraynanın üzvlüyə qəbul edilməsinin əleyhinədirlər. Dövlət katibinin Senatda bu fikri açıq söyləməsi isə o deməkdir ki, NATO-nun Brüssel sammitində Rusiyanın "qırmızı xətti" keçilməyəcək. Görünür, Moskvada da bununla bağlı müəyyən əminlik var. Sadəcə Rusiya prezidenti "qırmızı xətt"i müəyyən etməklə hər ehtimala qarşı Brüssel sammitindən sürpriz bir qərar çıxmasının qarşısını almış olur. Digər tərəfdən, sammitdən sonra bu məsələ ətrafında təbliğat qurmaq imkanları yaradır. Əgər Brüssel sammitindən Ukraynanın NATO-ya üzvlüyü  ilə bağlı müsbət qərar çıxmasa, Moskva bunu özünün qələbəsi kimi təqdim edərək postsovet məkanında əsas söz sahibi olması təəssüratını gücləndirəcək. Rusiya Ukrayna, Moldova, Belarus və Gürcüstanda Qərbyönümlü ictimai rəyi dəyişmək üçün hər il çox böyük vəsait sərf edir. NATO-nun Ukraynanı öz sıralarına almaqdan imtina etməsi Rusiyanın böyük vəsait sərf etmədən postsovet ölkələrinin ictimai rəyində hakim mövqe qazanmasına səbəb olacaq. Rusiya ictimaiyyətinə isə bu hadisə prezident Vladimir Putinin yeni geosiyasi qələbəsi kimi təqdim olunacaq. Dövlət Dumasına seçkilər ərəfəsində Putinin məğlubedilməzliyi haqqında yeni təbliğat rəsmi Kreml üçün böyük əhəmiyyətə malikdir. Məlum olduğu kimi, son illər prezident Putinin təbliğatı məhz geosiyasi "qələbələr" üzərində qurulur. Qərb üzərində növbəti "qələbə qazanan" liderin əvəzedilməzliyi haqqında təbliğatın yeni dalğası NATO-nun Brüssel sammitindən dərhal sonra başlayacaq.

 





14.06.2021    çap et  çap et