525.Az

"Qarabağ Universiteti güclü bir universitet brendi olacaq" - Təhsil


 

"Qarabağ Universiteti güclü bir universitet brendi olacaq" - <b style="color:red">Təhsil </b>

Prezident İlham Əliyevin 28 May - Respublika  Günündə Ağdam rayon ictimaiyyət nümayəndələri, ziyalılar  ilə görüşündə Ağdamın Baş Planı da müzakirə olundu.

Ağdamı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək Baş Planda Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur.  44 günlük Vətən müharibəsinin yaratdığı ən mühüm imkanlardan biri kimi regionda modern universitet modelinin bənzərsiz nümunəsi  olacaq Qarabağ Universiteti yaşadığımız 4-cü sənaye inqilabının tələblərini nəzərə alaraq, Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək insan kapitalını formalaşdıran ali təhsil müəssisəsi kimi həyatımıza daxil olacaq.

Qarabağ Universitetinin yaradılması məsələsi hələ işğal dövründə bir neçə dəfə gündəmə gətirilmişdi. Belə bir təklif var idi ki, bu universitet ya Ağcabədidə, ya da Bərdədə yaradılsın. Bu illər ərzində yeni universitetin yaradılması ilə bağlı səslənən bütün təkliflər elə təklif olaraq da qaldı. Lakin zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycanda yeni reallıqlar ortaya çıxardı. Artıq bu gün vaxtilə Qarabağla bağlı irəli sürülən ideyaların reallaşdırılması istiqamətində konkret addımlar atılır. Prezidentin tapşırığı əsasında Ağdam şəhərində Qarabağ Universitetinin yaradılmasının nəzərdə tutulması bunun bariz nümunəsidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, "Qarabağ" Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaq. Rektor yeni yaradılacaq universitet ilə bağlı bəzi təkliflər irəli sürüb: "Bu brendin özəllilikləri kimi "tələbə mərkəzli" universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet, təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın "təhsil izi",  XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modelini göstərmək olar. Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet, dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi, xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet, "Smart universitet", Şəhid övladlarının təhsil aldığı universitet. Mən əminəm ki, "Qarabağ" güclü bir universitet brendi olacaq".

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovun sözlərinə görə, azad edilən ərazilərin bərpasında təhsilin inkişafına böyük rol düşür: "Hər şeydən əvvəl onu qeyd edim ki, haqq savaşında zəfərlə başa çatan şanlı qələbəmizdən sonra azad edilən ərazilərdə sosial-iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması fonunda təhsilin də bərpası qürurvericidir. Həmin bölgələrdə təhsilin bərpası və inkşaf etdirilməsi ilə bağlı dövlətimiz tərəfindən bütün işlərin planlaşdırıldığı və quruculuq işlərinə başlanıldığı barədə xəbərlər sevindiricidir. Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihənin təsdiq olunması, Ağdamda məktəb və digər təhsil müəssisələrinin təmir və tikintisinin yüksək templə davam etdirilməsi və bir çox digər əməli işlər dövlətimizin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Bu gün qarşıda duran əsas məqsəd doğma Qarabağda aktiv həyatı yenidən bərpa etmək, bir çox sahələrdə quruculuq işlərini həyata keçirməkdir. Azad olunan torpaqlarımızda ilkin olaraq həyata keçiriləcək işlərdən biri də təhsilyönümlü layihələrdir ki, bununla bağlı da müvafiq fəaliyyət planı hazırlanıb və işlər davam etdirilir".

Ekspert Ağdamda Qarabağ Universitetinin yaradılmasını yüksək qiymətləndirib: "Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar".

Ekspert onu da vurğulayıb ki, Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində bölgədəki təhsil sisteminin inkişafı həlledici rol oynamalı, pedaqoji kadrlar, inşaat mühəndisləri yetişdirməli çoxsahəli bir universitet yaradılmalıdır: "Bundan başqa, Qarabağda həmişə əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axın etmədən saxlamağa kömək edəcək. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır. Bu sahədə aparılan işlərin yüksək tempi ona əsas verir ki, infrastruktur dəyişiklikləri gedir, sadəcə bu sahədə irəliləyiş zamana bağlıdır". 

Təhsil üzrə ekspert Elçin Əfəndi Qarabağda universitetin yaradılmasının əhəmiyyətinə toxunaraq deyib ki, bu layihə bölgənin daha sürətlə inkişafına təkan verəcək: "Biz Qarabağda elə bir ali məktəb yaratmalıyıq ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabətqabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Məsələn, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kosmik texnologiyalar mühəndisliyi, uçuş aparatlarının hazırlanması mühəndisliyi, silah hazırlığı mühəndisliyi, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, informatika müəllimliyi, mühasibat, maliyyə, dövlət və bələdiyyə idarəetməsi, menecment, biznesin idarəolunması, coğrafiya müəllimliyi, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tarix, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ingilis dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, tərcümə, tibb, ictimai səhiyyə, beyin cərrahlığı, biotibbi texnologiya mühəndisliyi, gen mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, musiqi nəzəriyyəsi, muğam sənəti və xanəndəlik, idman və s. ixtisaslar olmalıdır. Qəbul zamanı bütün şəhid övladları imtahansız qəbul olmalı, ödənişsiz təhsil almaları təmin edilməli, həmçinin, qazi övladlarına ödənişsiz təhsil almaq hüququ verilməlidir. Universitetə peşəkar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara-vətəndaşlarımıza üstünlük verilməlidir. Azərbaycana qərəzli mövqe tutmayan başqa xarici ölkələrin yüksəkixtisaslı kadrları da təhsilverən qismində prosesə cəlb edilməlidir. Xarici ölkə vətəndaşlarının Ermənistan istisna olmaqla universitetə qəbulu həyata keçirilməlidir. Çünki bunun Qarabağın təbliğatı aparmaq baxımından əhəmiyyəti böyükdür. Digər tərəfdən xarici tələbələri universitetə cəlb etmək üçün ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması vacib məqamdır. Bu, həm də yerli tələbələrin rahat təhsil almaları üçün olduqca əhəmiyyətlidir. Təbii ki, sadaladığım bu detallar Qarabağ Universitetinin təşkili prosesində nəzərə alınarsa, yaxın illərdə həmin təhsil müəssisəsi dünya universitetləri ilə rəqabət aparacaq səviyyəyə çata bilər".

Millət vəkili Fatma Yıldırım Ağdam şəhərində Qarabağ Universitetinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması çox önəmlidir. Düşünürəm ki, bu universitetdə ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Yəni universitetin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmalıdır. Bu amil Qarabağ Universitetinin dünyada tanınması üçün vacib məqamlardan ola bilər".

Kembric Universitetinin professoru Qərib Mürşüdov qeyd edib ki, Ağdamda yeni universitetin yaradılması  çox yaxşı fikirdir. Bu, həm Qarabağ rayonlarının inkişafına təkan verər və həm də bu fürsətdən istifadə edərək təhsil və elm müəssisələrinin böyük şəhərlərdən kənara çıxarılmasına imkan yaradar: "Mənim əsas marağım və təcrübəm texniki elmlərdə olduğu üçün  Qarabağ Universiteti ilə bağlı  fikirlərim  bu istiqaməti əhatə edəcək. Mən Qarabağda bir güclü universitet və beynəlxalq konfrans mərkəzləri görmək istərdim. Universitet Ağdamda yerləşə bilər və elmi konfrans mərkəzləri isə Şuşada. Və həmçinin, yeni universitetə gəncləri cəlb etmək məqsədəuyğun olardı. Dünyada bir neçə qlobal problemlər var. Bunlara daxildir - enerji problemi, iqlim dəyişikliyi, səhiyyə və yaşdan asılı olan genetik xəstəliklər, maşın öyrətmə üsullarının inkişafı və adi insanlar ilə texnologiya arasında məsafənin böyüməsi. Mən bura həmçinin, müxtəlif ölkələrdə tarixin pis öyrədilməsinə və bu istiqamətdə ətraflı tədqiqatın olmamasını da əlavə edərdim. Qafqazda bu problem özünü daha qabarıq göstərir. Yeni universitet bu istiqamətlərin heç olmasa bir neçəsini nəzərə ala bilər. Bu istiqamətlərin hər birinə əsas təsir edən kompüter elmləri, statistika və maşın öyrətmə sahələridir. Ona görə ən birinci istiqamət bu sahələr olsa onlar ətrafında müxtəlif istiqamətləri inkişaf etdirmək olar. Biotibbi mərkəzin yaradılması da yaxşı nəticələr verər. Bu, həm güclü biologiya,  təbabət fakültələri və xəstəxana olmasını tələb edir. Amma bu istiqamət daha çox maliyyə tələb edir və ola bilər ki, bunu ikinci mərhələdə həyata keçirmək olar".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





14.06.2021    çap et  çap et