525.Az

"Pedaqoji Universitetin Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"


 

"Pedaqoji Universitetin Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"<b style="color:red"></b>

İyunun 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüş təşkil olunub. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi universitetin zəngin inkişaf tarixi və ənənələri haqqında məlumat verib. C.Cəfərov ölkədə yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında, pedaqoji təhsilin inkişafında ADPU-nun mühüm rolundan və strateji hədəflərindən danışıb.

Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı dövlət başçısının təhsil sahəsinə qayğısının növbəti təcəssümüdür.

Rektor əlavə edib ki, universitetin Ağcabədi filialı vaxtilə Şuşada fəaliyyət göstərib. Xankəndi Pedaqoji Universitetinin Azərbaycan bölməsi isə Şuşada fəaliyyət göstərirdi. Onun sözlərinə görə, müharibə başladıqdan sonra Azərbaycan bölməsi qısa müddət Gəncədə köçürülsə də, sonradan Ağcabədidə fəaliyyət göstərməyə başlayıb: "Bu səbəbdən universitetimizin Ağcabədi filialını Şuşaya köçürmək istəyirik. Təhsil Komissiyasına təklifimizi vermişik. Eyni zamanda, istərdik ki, həmin universitetin bazasında da Qarabağ Universiteti yaradılsın. Amma bildiyim qədərilə Qarabağ Universiteti tamamilə yeni bazada yaradılacaq. Hər bir halda biz işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərməyə hazırıq. Eyni zamanda, universitetimizin tələbələri təşəbbüs göstəriblər ki, işğaldan azad olunmuş ərazilərdə tikiləcək məktəblərdə dərs deməyə hazırdılar".

Universitetin prorektoru, professor Fikrət Rzayev ADPU-nun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planının icra vəziyyəti haqqında məlumat verib.

Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov isə qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü müəyyən şərtlər daxilində keçirilə bilər. Onun sözlərinə görə, əvvəllər məzun günü adətən universitetin əsas korpusunda təşkil edilirdi: "Pandemiya ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı olarsa, sosial məsafə, tibbi maskadan istifadə və digər qaydalara riayət etməklə müyyən şərtlər daxilində məzun gününün keçirilməsini istəyirik. Bununla bağlı Təhsil Nazirliyinə müraciət ediləcək. Məzun gününün əsas korpusla yanaşı, filiallarda da qeyd olunmasını arzu edirik. Fikrimizcə, məzunlar xüsusi geyimlərdə universitet binasında otaqları gəzərək şəkil çəkdirməklə bu günü qeyd edə bilərlər. Əgər razılıq verilərsə, iyulun ilk on günlüyündə məzun gününün keçirilməsi ilə bağlı elan verilə bilər".

Sonra universitetin tanıtım filminin təqdimatı olub.

S.QARAYEVA

 





12.06.2021    çap et  çap et