525.Az

Qəhrəman zabitin döyüş yolu


 

Qəhrəman zabitin döyüş yolu <b style="color:red"></b>

Ehtiyatda olan mayor Hüseyn Akif oğlu Həsənov sentyabrın 27-də başlayan Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq salnaməsi yazan igid hərbçilərimizdəndir. 

Vətənpərvər, yurduna, torpağına  bağlı  bu dəyərli  insan  1976-cı ildə Lerik rayonun  Siyov kəndində dünyaya göz açıb. Kənd məktəbinin yeddinci sinfini başa vurub C.Naxçıvanski  adına hərbi məktəbinə daxil olur. Daha sonra təhsilini  Bakı Ali Birləşmiş Komandirlər  Məktəbində davam etdirən Hüseyn Həsənov 1995-ci ildə  leytenant rütbəsində Tovuz rayonuna  təyinat  alır. İlk gündən canından artıq sevdiyi  Vətənə şərəflə xidmət edir,  bacarıqlı komandir, gözəl insan, vətənpərvər bir şəxs  olaraq tanınır. Təlimlərdə döyüş hazırlığı ilə fərqlənir.  8 il  Heydər Əliyev adına Ali Hərbi Məktəbdə çalışır.  2010-cu ildə xidmət üçün Şəmkir rayonuna göndərilir. Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan naminə qəlbinin odunu, hərarətini əsirgəmir. Cəsur komandir cəbhə xəttində birneçə dəfə yağı düşmənlə  qarşı-qarşıya dayanır. Əsgərlərinə qarşı  səmimi, mehriban olmaqla, onlara Vətəni necə sevməyi, torpağı  necə qorumağı öyrədir. Vətənə nümunəvi xidmətə  etdiyinə görə birinci, ikinci, üçüncü "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin  90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 iliyi", eləcə də "Azərbaycan Qüvvələrinin 100 illiyi" yubiley  medallarına layiq görülür, mayor rütbəsi ilə  ehtiyata  buraxılır.

2020-ci il  sentyabrın  27-də Azərbaycan Ordusu  əks-hücum əməliyyatları başlayan kimi Hüseyn Həsənov döyüş təcrübəsinə malik bir  zabit kimi  Vətənin harayına yollanır və zəfər günümüzə qədər ermənilərə qan uddurur, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Ağdamın, Murovdağın azad olmasında əsl cəngavər kimi vuruşur, düşmənin canlı qüvvəsini, neçə-neçə texnikasını məhv edir və qənimət kimi götürür. Bunlarla bərabər,  Qarabağın, eləcə də ətraf rayonların hava sərhədlərin  müdafiəsində rəşadət göstərir. Hər dəfə  Vətənin azad edilmiş torpaqlarında Müstəqil Azərbaycanın qələbə bayrağı  dalğalananda ürəyi dağa dönür.  Torpaqlarımız işğaldan azad olunandan sonra qazi kimi geri qayıdır...

Şair-publisist Rövşən İmanov qəhrəman zabitimiz Hüseyn Həsənov haqqında ürək dolusu danışır: "Mən Hüseyni doğulduğu gündən tanıyıram. Vətənə, torpağa məhəbbət lap uşaq vaxtlarında hopmuşdu onun canına. Biz indi öz qəhrəman oğlumuzla fəxr edirik. Gözəl vətəndaş, layiqli vətənpərvər kimi, gələn nəsillərə də  örnək olacaq".

Mayor Hüseyn Həsənov həm də əsl  azərbaycanlı  adət-ənənələri  üzərində qərar tutan, pak niyyət və arzulara tapınan gözəl ailə sahibidir. Həyat yoldaşı  Nazilə xanım  Binə qəsəbəsindəki 29  saylı poliklinikada tibb bacısıdır. Qızı Günay  bank işçisidir. Oğlu Xəyal  kollec tələbəsidir. Onların sevdalandığı ali məqsəd   ulu duyğularla yaşayıb, bacardıqca öz xalqına xeyir verməkdir. 

Zəfər ORUCOĞLU

 





15.06.2021    çap et  çap et