525.Az

Azərbaycanın COVİD-19-la effektli mübarizəsi


 

ÖLÜM SAYI SIFIRA NECƏ DÜŞDÜ?

Azərbaycanın COVİD-19-la effektli mübarizəsi<b style="color:red"></b>

Azərbaycanda pandemiya ilə ilk gündən aparılan sistemli mübarizə öz bəhrəsini verməkdədir. Bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş koronavirus infeksiyası ilə ölkəmiz ilk günlərdən effektiv mübarizə apardı, müvafiq dövlət strukturları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirildi.

2019-cu ilin sonundan bütün dünyanın üzləşdiyi koronavirus bəlası ilə ilk gündən effektli mübarizə aparan ölkələrdən biri məhz Azərbaycan olub. Ölkə rəhbərinin birbaşa nəzarəti altında virusun geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının və təhlükəsizliyinin qorunması, qısa müddətdə infrastrukturun yaradılması, modul tipli yeni xəstəxanaların qurulması istiqamətində mühüm addımlar atıldı. Həmçinin, virusun iqtisadiyyata, sahibkarlara, vətəndaşlara vurduğu ziyanı qarşılamaq üçün dövlət tərəfindən vəsait ayrıldı. Beynəlxalq təşkilatlar, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı, xarici ölkələr Azərbaycanın koronavirusla mübarizəsini bir nümunə olaraq göstərirlər. Azərbaycan təkcə ölkə daxilində həyata keçirdiyi tədbirlərlə deyil, bu istiqamətdə beynəlxalq təşəbbüsləri, ehtiyacı olan bir çox dövlətlərə bu çətin günlərdə yardım göstərməsi ilə də bir nümunə oldu. Ölkəmiz, həmçinin, dünyada virusa qarşı hazırlanmış ilk vaksinləri alan, geniş vaksin kampaniyasına başlayan ilk dövlətlər sırasındadır. Azərbaycanda hərtərəfli aparılan mübarizə, sistemli iş nəticəsində son bir neçə gündə koronavirusdan ölüm qeydə alınmayıb. Yoluxma sayının azalması, sağalanların artması, ölümün qeydə alınmaması, əlbəttə ki, sevindirici xəbərlərdir. Bu tendensiyanın daha güclü davam etməsi, növbəti yumşaldılmalara gedilməsi üçün təbii ki, vaksin edilənlərin sayının artması, qəbul edilmiş qaydalara əməl olunması vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin bir neçə gün əvvəl yaydığı açıqlamada Azərbaycanda koronavirusa yeni yoluxma hallarının və bu xəstəliklə bağlı ölümlərin sayında azalmanın müşahidə olunmasının çox sevindirici olduğu vurğulanıb: "Eyni zamanda, ölkə əhalisinin vaksinasiya prosesində iştirakı sevindiricidir".

Bildirilib ki, Azərbaycan əhalisinin 20 faizi artıq vaksinasiya edilib: "Bu, böyük bir müvəffəqiyyətdir və şübhəsiz ki, ölkənin COVİD-19-la mübarizəsinə müsbət təsir göstərəcək".

Qeyd olunub ki, pandemiyanın hələ də bitmədiyi nəzərə alınaraq sayıqlıq itirilməməlidir: "Yaxın gələcəkdə maska taxmağa, fiziki məsafəni qorumağa, əllərimizi yumağa və izdihamlı yerlərdən uzaq durmağa davam etməliyik. Çünki bu tədbirlərin virusun yayılması ilə mübarizədə effektiv olduğunu bilirik. Vaksinasiya sayıqlığı itirməyə əsas vermir və insanlar özlərini və başqalarını qorumağa davam etməli, ictimai səhiyyə və sosial tədbirlərə bundan sonra da riayət etməlidirlər. Eyni zamanda, ictimai səhiyyə və sosial məhdudiyyətləri yumşaldarkən diqqətli olmaq, ən çox risk altında olanlara və hələ də vaksinasiya olunmayanlara xüsusi diqqət yetirməliyik".

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə Çinin Sinovac Biotech (SVA.O) şirkəti tərəfindən istehsal olunan CoronaVac, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan AztraZeneca (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində yaradılan Sputnik V və Pfizer - Almaniya biotexnologiya şirkəti BioNTech tərəfindən Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış COVİD-19 əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur. Son günlər peyvənd olunanların sayının artması ölkəmizdə insanların bu bəladan qurtarması, normal həyatlarını yaşamaları, təhlükəsiliklərinin təmin olunması istəklərindən irəli gəlir.

Həm xarici, həm yerli ekspertlər Azərbaycanda tətbiq edilən bütün peyvəndlərin təsirli və effektli olduğunu bəyan edirlər. Braziliyalı alimlər Sinovac vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər. AstraZeneca-ya gəldikdə aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər. Vaksin vektor üsulu ilə hazırlanıb. Bu üsül yenilik deyil, vektor üsulu ilə vaksinlərin tədbiqi 1990-cı illərdə başlanıb. Orqanizm xarici bir zülalla təmasdan sonra virusa qarşı anticismlər istehsal etməyə başlayır. Peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə mətbuata açıqlamasında bildirib ki, "Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri - standart soyuducuda 2-8 dərəcədə saxlanılmasının mümkünlüyüdür. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

Rusiyanın "Sputnik V" vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır.

PƏRVANƏ

 

 





15.06.2021    çap et  çap et