525.Az

Şuşaya tarixi səfər


 

BU GÜN MƏDƏNİYYƏT PAYTAXTIMIZDA AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA GENİŞ ƏHATƏLİ MÜQAVİLƏ İMZALANACAQ

Şuşaya tarixi səfər <b style="color:red"></b>

İyunun 15-də növbəti tarixi hadisəyə şahidlik edəcəyik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birlikdə Şuşa şəhərinə səfər edəcək. Burada Prezident İlham Əliyevlə Ərdoğan arasında görüş keçiriləcək, eyni zamanda, əhatəli bir müqavilə imzalanacaq. Türkiyə lideri  NATO dövlət və hökumət başçılarının Brüsseldəki Zirvə toplantısının ardınca Azərbaycana gəlib.

Ərdoğan səfər ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib ki, Şuşadakı ikitərəfli görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

44 günlük Vətən müharibəsində daim Azərbaycanın yanında olan, onun haqq işinə dəstək verən qardaş Türkiyə liderinin Azərbaycana, xüsusilə işğaldan azad edilmiş Şuşaya səfəri böyük önəm daşıyır. Ərdoğan həm də işğaldan azad edilmiş Şuşaya, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər edən ilk xarici dövlət başçısı olacaq.

Ərdoğan ötən il 10 dekabrda Bakıda keçirilən Zəfər paradı zamanı çıxışında Türkiyənin Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bəyan etmişdir: "Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyil. Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin edib. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl olacaq. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaq".

Ekspertlər bu səfərin mühüm əhəmiyyət daşıdığını, ikitərəfli, regional əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini  düşünürlər.

İqtisadçı deputat Vüqar Bayramov Ərdoğanın bu səfərinin əvvəlkilərdən fərqli olduğunu bildirib. Onun sözlərinə görə, olduqca strateji əhəmiyyət daşıyan səfər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə gətirib çıxaracaq: "Strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşlarının da artmasına imkan yaradacaq. Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub".

Deputat xatırladıb ki, bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib: "Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər".

V.Bayramov onu da nəzərə çatdırıb ki, Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edirlər: "Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək".

PƏRVANƏ

 





15.06.2021    çap et  çap et