525.Az

“Tanımadığımız Nizami” adlı mühazirə keçirilib


 

“Tanımadığımız Nizami” adlı mühazirə keçirilib<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycan farsdilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi  münasibətilə 2021-ci il “Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirib.

525.az xəbər verir ki, tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı il ərzində  Rayon Təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz...” devizi ilə “Nizami mühazirələri”nin üçüncü toplantısı 15 iyun tarixində onlayn formatda baş tutub.

Onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini yüksək formada əks etdirən, Yaxın Şərq xalqları bədii idrakının zirvəsi olan, yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradaraq dünya ədəbiyyatı tarixində yeni mərhələ, yeni bir tarixi dövr açan müdriklik zirvəsi Nizami Gəncəvi poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyindən bəhs etmişdir. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Fərid Hüseyn “Tanımadığımız Nizami” mövzusunda məruzə edib.
Məruzədə Fərid Hüseyn Nizami Gəncəvi əsərlərinin yeni rakursdan, fərqli metodoloji sistemlərlə təhlili məsələsinə toxunub. O, bildirib ki, N.Gəncəvi yaradıcılığı ənənəvi yaradıcılıq təkamülü metodologiyası ilə tədqiq edilməməli, ədibin obrazlar sistemi sadəcə əsərlərin yazılma illəri ilə bağlı sadədən mürəkkəbə prinsipi ilə şərh olunmamalıdır. N.Gəncənin əsərlərindəki qadın surətləri vasitəsi ilə “Xəmsə”nin ideya kateqoriyalarından danışan F.Hüseyn həmin surətlərin Nizami düşüncəsinin, dünyabaxışı formulunun açılması üçün vacibliyi məsələlərinə toxunub. Eyni zamanda, məruzəçi “Sirlər xəzinəsi” əsərinin N.Gəncəvi yaradıcılığının özül əsəri olması, digər məsnəvilərinin ideyalarını adı çəkilən nümunədə icmal şəkildə əks etdirməsi kimi məsələlərə toxunub.
        

Mühazirəyə xeyli sayda Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulmuşlar. Mühazirəçi böyük məmnunluqla dinləyicilərin suallarını cavablandırıb. Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov təhsil işçiləri adından mühazirəçiyə və onlayn mühazirənin moderatoruna təşəkkürünü bildirib.

 

 





16.06.2021    çap et  çap et