525.Az

Çinə qarşı ittifaq - Xaqani Cəfərlinin şərhi


 

Çinə qarşı ittifaq - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

"Böyük yeddilər"ə üzv ölkələrin dövlət və hökumət başçılarının Böyük Britaniyada keçirilən sammiti bir neçə cəhətdən diqqət çəkir.

Diqqət çəkən birinci məqam G7 ölkələrinin sammitinin NATO-nun Brüssel toplantısından öncə keçirilməsidir. Məlum olduğu kimi, Yaponiya istisna olmaqla G7 ölkələrinin hamısı NATO-nun üzvüdür. Diqqət çəkən digər məsələ G7 ölkələrinin sammitinin ilk dəfə çox geniş bir tərkibdə, Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen, Avropa Şurasının prezidenti Şarl Mişel, Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikasının liderlərinin iştirakı ilə keçirilməsidir. Məlum olduğu kimi, G7 formatının Avstraliya, Hindistan, Cənubi Koreya dəvət edilməsi ilə genişləndirilməsi və G10-a çevrilməsi ideyası Böyük Britaniyanın baş naziri Boris Consona məxsusdur. Sammitin ölkəsində keçirilməsindən istifadə edən Boris Conson bu təşəbbüsünü  müəyyən qədər gerçəkləşdirməyə nail oldu.

Digər tərəfdən, sammitin əsas məsələsi Çinlə bağlı olduğu üçün Sakit okean hövzəsi ölkələrinin sammitdə iştirakı vaz keçilməz zərurətə çevrilmişdi. Bəzi Avropa ölkələrinin, xüsusilə də Almaniya və İtaliyanın Çinlə bağlı məsələlərdə Vaşinqtonun mövqeyini bölüşməməsinə görə Avstraliya, Hindistan və Cənubi Koreyanın sammitdə iştirakı ABŞ, Kanada və Böyük Britaniyanın maraqlarına uyğun idi. Gözlənildiyi kimi, Almaniya və İtaliya Çinə yönəlik sərt tənqidləri bölüşmədiyini nümayiş etdirməklə yanaşı, Pekinin ünvanına ittihamların qarşısını almağa çalışıb. Xüsusilə, Çində insan haqları, uyğurların soyqırıma məruz qalması məsələsində fikir ayrılığı mövcuddur. Məlum olduğu kimi, ABŞ və Kanada Çində uyğurların soyqırıma məruz qaldığı qənaətindədir və Pekinin buna görə məsuliyyətə cəlb edilməsini təklif edir. Almaniya və İtaliya isə Çinlə iqtisadi münasibətləri, ticarət əlaqələrini daha önəmli hesab edərək ABŞ-ın mövqelərini bölüşmür. Ancaq Almaniya və İtaliyanın fərqli mövqeyinə baxmayaraq, G7 ölkələrinin yekun bəyanatında Sincan Uyğur Muxtar Bölgəsində insan haqlarının və Honkonqun muxtariyyətinin pozulmasına görə Çin hakimiyyəti qınanıb. Həmçinin, sammitin yekun bəyannaməsində  Tayvan boğazında sülhün və sabitliyin vacibliyinə dair bənd də var. Buna görə də  G7-nin son sammitindən sonra birliyin tamamilə ABŞ-ın təklif etdiyi Çinlə qarşıdurma xəttinə yönəlməsini qeyd etmək olar.

Belə görünür ki,  Avstraliya, Hindistan, Cənubi Koreya və CAR-ın G7 sammitində iştirakı Almaniya və İtaliyanın mövqelərinin dəyişməsinə təsir göstərib. Bu məqam Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı "Build Back Better World" (Daha Yaxşı Dünya Yaradaq)  layihəsinin irəli sürülməsini meydana çıxarıb. Bu məsələ G7 ölkələrinin genişləndirilmiş sammitinin ən önəmli nəticəsidir. Çünki ilk dəfədir ki, Çinə qarşı bir layihə gündəmə gəlib. Bu günə kimi Çin Qərbin bütün iqtisadi layihələrində yer alıb, bunun sayəsində də sürətli iqtisadi inkişafa nail ola bilib. İndi isə Çinin iqtisadi-siyasi niyyətlərinin qarşısını almaq üçün Qərb özünün layihəsini irəli sürür.

 

G7 ölkələrinin sammitində koronavirusla bağlı məsələlərin müzakirəsində Çin əsas tənqid hədəfi olub. İlk dəfə olaraq çox geniş bir formatda koronavirusun laboratoriya mənşəli ola biləcəyi müzakirə edilib. "Böyük yeddilər" bununla bağlı təhqiqatın aparılmasının vacibliyini vurğulayıblar. Bu məsələnin məhz Çinə qarşı yönəldiyi şübhəsizdir. Əgər belə bir tədqiqat aparılsa, bunun Çin üçün bir ittiham sənədinə çevriləcəyi qaçılmaz olacaq. Bu isə Çinin çox böyük təzyiqlə üzləşməsinə gətirib çıxaracaq. Hələlik isə G7 ölkələrinin liderləri koronavirusun nəticələri ilə mübarizə aparmaq üçün yoxsul ölkələr üçün 2.3 milyard doza peyvəndin alınmasını maliyyələşdirməyə qərar veriblər. "Böyük yeddilər"in iderləri 2050-ci ilə kimi hər il iqlim dəyişikliyi ilə mübarizəyə 100 milyard dollar sərf etməklə bağlı da anlaşma əldə ediblər.

G7 ölkərinin liderlərinin əsas müzakirə mövzusu Çinlə bağlı məsələlər olduğundan Rusiya ilə bağlı mövzu ikinci plana keçib. Buna baxmayaraq, "Böyük yeddilər" Rusiyanı sabitliyi pozan davranışını dayandırmağa və kimyəvi silahdan istifadə ittihamını araşdırmağa, müstəqil vətəndaş cəmiyyəti və mediaya qarşı sistematik repressiyaları durdurmağa çağırıblar. G7 ölkələrinin liderləri eyni zamanda, Rusiyanı ordusunu və texnikasını Ukraynanın Şərqindən və Krım ərazilərindən çıxarmağa çağırıb. Bu tənqid və ittihamlara baxmayaraq, sammitin yekun sənədində G7 ölkələrinin Moskva ilə sabit və proqnozlaşdırılan münasibətlərdə maraqlı olduğu  da öz əksini tapıb.

G7 ölkələrinin liderlərinin sammitində Belarusla bağlı məsələ də müzakirə mövzusu olub. "Böyük yeddilər" rəsmi Minski yeni prezident seçkisi keçirməyə çağırmaqla yanaşı, “Ryanair” hava yolları şirkətinə məxsus təyyarənin "qaçırılması", NEXTA teleqram kanalının qurucusu Roman Protaseviçin həbsinə görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilib cəzalandırılmasını da hədəflərinin sırasına qoyublar.

G7 ölkələrinin liderlərinin sammitində diqqət çəkən digər məsələ Böyük Britaniya ilə Fransa arasında bir çox məsələlərdə, o cümlədən, Şimali İrlandiya mövzusunda ciddi fikir ayrılıqlarının olmasıdır. Hətta Böyük Britaniyanın baş naziri Boris Consonla Fransa prezidenti Emmanuel Makron arasında söz atışması da müşahidə edilib. 

Ancaq G7 ölkələrinin arasında olan bütün fikir ayrılığına baxmayaraq, Çinin dünya liderliyi iddiası "Böyük yeddilər"in liderlərini onları birləşdirən dəyərləri müdafiə etmək üçün birgə hərəkət etmək məcburiyyətində qoyub. Çox böyük ehtimalla demək olar ki, qarşıdakı 10 il məhz "Böyük yeddilər"lə Çin arasında gərgin rəqabət şəraitində keçəcək. Bu mübarizənin qalibi ilə əsrin qalibini müəyyən edəcək.

 





16.06.2021    çap et  çap et