525.Az

Ümid - "Bir rəsmin dedikləri"


 

ÜMİD ONLAR ÜÇÜN MƏNFİ ATRİBUT İDİ

Ümid - <b style="color:red">"Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru  Elnarə Musayevadır. Elnarə xanımla Corc Frederik Uottsun "Ümid" əsəri haqqında danışmışıq. 

- Əvvəlcə əsər haqqında qısa məlumat verin.

- Simvolizm cərəyanın görkəmli nümayəndəsi Corc Frederik Uottsun  1886-cı ildə çəkdiyi və fantastik bir yuxuya bənzəyən bu əsərində əsəs mövzu adından göründüyü kimi ümiddir. Rəssam 1886-cı ildə əsərin ilk iki versiyasını tamamlayıb. Bu mövzunu daha öncələr bir çox rəssamlar müraciət etsə də,  Uottsun "Ümid"i tamamilə fərqli şərhə malikdir.

- "Ümid" necə yarandı?

- XIX əsrdə Avropa incəsənətində sərt və süni akademizmə, tablolarda solğun qəhvəyi tonlara qarşı çıxan prerafaelitlər əlvan və təmiz rənglərə, canlı naturaya üstünlük verirdilər. Başlanğıcda Bibliyadan gələn və alleqorik süjetlərə, daha sonra isə antik mövzulara  müraciət edirdilər. Corc Frederik Uotts da öz növbəsində simvolizm cərəyanın nümayəndəsi kimi çoxmənalı və gizli simvollara üstünlük verirdi. O, əsərlərində yüksək mənəvi başlanğıc axtarışında idi. Hələ Uotts həyatdaykən Avropa mədəniyyəti ümid konsepsiyasını şübhə altına almışdı. Fridrix Nitsşenin nəzəriyyəsinə əsalanan yeni fəlsəfi məktəb ümidi mənfi atribut kimi qəbul edirdi. 1870-ci illərin uzun sürən depressiyası həm iqtisadiyyatı, həm də Britaniyanın güvənini qıraraq müasir həyatı daha mürəkkəb və ruhsuz etmişdi. Uotts bu əsərlə həm də inkişaf və varolma konsepsiyasına inanmağa məcbur edilmiş cəmiyyətin ümidini təsvir göstərməyə çalışırdı. Uottsla yanaşı, dövrünün bir sıra rəssamları da ümid mövzusuna müraciət edərək Bibliya, mifologiya və alleqorik şərhə üstünlük vermişdilər.

- Əsərdə kifayət qədər maraqlı detallar var. O detallar ki, biz onları ilk baxışdan görə bilmirik. Siz bir peşəkar baxışı ilə hansı detalları önəmli hesab edirsiniz?

 

- Corc Frederik Uottsun "Ümid" əsərinə ilk baxdığımızda paltarları islanmış, tarazlığını hər an itirə biləcək bir kürənin üzərində  oturub simləri qırılmış liranın tək simi ilə çalmağa çalışan gözləri bağlı tənha qadın əks olunub. Arxa fon tamamilə boşdur, orada sadəcə bir tək ulduz parlayır. Bütün bu gördüklərimiz bizi sanki ümidsizliyə qərq edir. Burada Uotts bilərəkdən simvolikaya üstünlük verərək ümid mövzusunun ənənəvi şərhindən qaçaraq əsəri gizli mənalara qərq edir. Əsərdə simvolizm cərəyanının səciyyəvi xüsusiyyətlərindən olan dumanlı, gizli atmosfer effekti öz əksini tapır. Sanki rəssamın demək istədikləri qatı duman pərdəsi arxasında gizlənib. Su üzərində yırğalanan və hər iki tərəfdən qaranlığa bürünmüş kürə üzərindəki qadın istənilən an tarazlığını itirərək suya düşməklə həyatın acı həqiqətləri arasında boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Tamaşaçıda saysız suallar doğuran bu sirr pərdəsi fonundakı yalnız qadın yaşadığı bütün uğursuzluqlara rəğmən, tək simlə də olsa, əlindəki musiqi alətini dilləndirməyə çalışır. Bəlkə də, rəssam bununla ümidə ən çox ehtiyacı olan insanların ən ümidsiz insanlar olduqlarını, ümidə ən çox onların layiq  olduğunu vurğulayır.

- Uottsun digər əsərlərində gördüyümüz rəng texnikası bu əsərdə də var. Bu barədə nə deyə bilərsiniz?

- Corc Frederik Uotts tablolarına xas olan daha bir xüsusiyyət parıltısız, mat və dumanlı görüntü idi. Bunun üçün o, əsəri yaratmazdan öncə yağlı boyanı kağız üzərinə sıxaraq tərkibindəki yağın kağıza keçməsini gözləyirdi. Bununla da o, istədiyi parıltısız effekti əldə etmiş olurdu.

- Tablo hazırda harda saxlanılır?

 

- Bu əsəri əldə etmək istəyənlər çox olub. Bu səbəbdən də Uottsa tez-tez əsəri satın almaq üçün təkliflər gəlirdi. 1886-cı ildə Uotts köməkçisi ilə birgə əsərin ikinci nüsxəsini işləyirlər. Əsərin birinci və ikinci nüsxəsi arasında bəlli fərqlər var. İkinci versiyada fiqur kürədən kiçikdir. Fon daha işıqlı və açıq tonlarda işlənib. Əsəri bitirdikdən sonra ilkin versiyası olan orijinal nümunə xalqın ixtiyarına verilmək naminə satılır. İkinci nüsxə isə Cənubi Kensiqton (indiki Viktoriya və Albert) muzeyinə hədiyyə edilir. Bu səbəbdən də əsərin ikinci versiyası daha çox məşhurluq qazanır. Əsər hazırda Londondakı Tate Modern muzeyində saxlanılır.

- Sizcə, "Ümid" bizə nə deyir?

- Əsərdə simvolizm cərəyanına xas olan ikimənalı yanaşma da var. Burada rəssam həm ümidi, həm də ümidsizliyin təmsilçisi olan tənha qadını göstərir. Ümid isə sadəcə tabloda əks olunan ümidsizləyə qarşı olaraq əsərə verilmiş addır. Bununla biz Uottsun ümidlə ilə bağlı yeni axtarışlarda olduğunu da görürük.

Aytac SAHƏD

 





16.06.2021    çap et  çap et