525.Az

Jurnalistika fakültəsinə maraq niyə azalıb? - Sosial şəbəkədə yazılanlar


 

Jurnalistika fakültəsinə maraq niyə azalıb? - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

İlqar Əlfioğlu, jurnalist:

- Yazırlar ki, bu il bizdə jurnalistika fakültəsinə sənəd verən olmayıb...

Bəs nə bilmişdiniz? Hər partiya, hər məmur, hər biznesmen özü üçün jurnalistlər ordusu saxlayanda və jurnalisti troll səviyyəsinə endirəndə, bir qarın çörəyin çatısını jurnalistin boynuna  keçirib, o yan-bu yana sürəndə, onu rəqiblərinə qısqırdanda, bilmirdiniz belə olacağını?

Nənəm demişkən, ayıbınızı qara yer örtsün!..

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- "Studentlər" romanını bir vaxtlar yalnız bədii əsər kimi oxumuşduq. Amma "gizli tariximiz" üzə çıxandan sonra bu əsərdə çoxlu mühüm ictimai-siyasi məsələlərin, görkəmli ziyalılarımız arasındakı münasibətlərin təsvirinə təsadüf etmək mümkündür. Belə hadisələrdən biri də Əhməd Ağaoğlu ilə Əlimərdan bəy Topçubaşov arasındakı konfliktdir. (Bax: mənim "Problemli dostluq" məqaləm) Doğrudur, Yusif Vəzir Əlyar bəy adı altında təsvir etdiyi Əlimərdan bəyə münasibətdə obyektiv deyil. Romanda  bir neçə yerdə əvvəlcə dost olan bu iki şəxsiyyətin aralarında yaranan intriqadan çıxış edərək onu əsassız yerə tənqid edir.  Romanda oxuyuruq:

"1905-ci ildən sonra başlayaraq Ağabəyin şöhrəti Azərbaycanda artmağa başlamışdı. Bu adam biri türkcə, biri rusca Bakıda iki qəzet nəşr edirdi. Bir çox cəmiyyətin başında durmuşdu. "Difai" kimi Azərbaycana muxtariyyət tələb edən cəmiyyət bunun işi idi. Qoçuluğu aradan qaldırmaq üçün "Hidayət" cəmiyyəti təşkil edən də Ağabəy idi. Bu adamın nüfuzunu təsəvvür ediniz: sünnilərlə şiələri barışdırmaq üçün Şəkiyə gəldikdə şəhərin bütün əhalisi onu qarşılamağa çıxmış və "La-ilahə-illəllah, Ağabəy rəsulillah" - deyə bağırmış.

Ağabəyin bu nüfuzu millətpərəstliyi inhisarında saxlamağa çalışan Əlyarbəyi rahat buraxmırdı. Əlyarbəy Tağıyevin sadiq qullarlından idi və onun naşiri-əfkarı olan "Kaspi" qəzetinin başında dururdu. Əlyarbəy Tağıyevin kapitalına istinad edən kimi Ağabəy də milyoner Murtuza Muxtarova söykənirdi.

Behbudov (Hacı Zeynalabdinin xanımı ilə eşq yaşadığı iddia olunan və buna görə də Hacı tərəfindən ağır cəzalandırılan qarabağlı mühəndis -V.Q.) məsələsi Əlyarbəyin düzəltdiyi bir intriqa idi. O zaman Bakıda məktəb, teatr, mətbuat, cəmiyyətlər sahəsində işləyənlərin əksəri Qarabağdan gəlmə ziyalılar idi. Ağabəy və Behbudov da qarabağlı idilər. Əlyarbəy millətpərəstlik inhisarını əldə etmək üçün ortaya bir bakılı-qarabağlı söhbəti atdı. Həm də bunun təməlini "Bakı padşahı" Tağıyevin evində qoydu.

Nəticədə Əlyarbəy Ağabəy dəstəsinə qələbə çaldı. Qəribə budur ki, Əlyarbəy özü tiflisli idi. Axırda Behbudov Qarabağa getməyə məcbur oldu. Ağabəyi əvvəlcə klubda döydülər, sonra Tağıyev çağırıb Qafqazı tərk etməsini tələb etdi".

Ağabəy - Əhməd Ağaoğlu

Əlyarbəy - Əlimərdan bəy Topçubaşov

Behbudov - Lütfəli bəy Behbudov 

Elxan Şahinoğlu, politoloq:

- Nəhayət, ilk addım atıldı. Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun müqabilində, 15 erməni Gürcüstan üzərindən Ermənistana təhvil verildi.

Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması diqqətçəkən idi. Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyinin təqdir edildiyi bildirilən açıqlamada eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edildi. Bu sırada bircə Rusiyanın adı çəkilmədi. Səbəb sadədir. Çünki Rusiya mina xəritələrinin Azərbaycana təhvil verlməsi üçün İrəvana təzyiq etmədi. Halbuki bunu ilk növbədə Moskva həyata keçirə bilərdi. Azərbaycan və Ermənistan bu dəfə başqalarının vasitəçiliyi ilə məsələni yoluna qoydular.

İlk mina xəritəsinin Azərbaycana təhvil verlməsinin aşağıdakı nəticələri ola bilər.

Birincisi, bu yolla biz beynəlxalq aləmin minalar mövzusuna diqqətini artırmış olduq. Bundan sonra Ermənistan "bizdə minalanmış ərazilərin xəritələri yoxdur" yalanını təkrarlaya bilməyəcək. Bu informasiya müharibəsində xeyrimizə işləyəcək.

İkincisi, parlament seçkisi öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 15 ermənini geri qaytarmaqla az da olsa reytinqini artırmağa müvəffəq olacaq. O, bundan sonrakı mitinqlərdə "qalan erməni əsirləri də geri qaytaracam" tipli açıqlamalar verəcək.

Rəsul Həsən, dizayner:

- Çox ümid edirəm ki, dahi şaxsiyyət Əhməd bəy Ağaoğlunun Şuşada ev muzeyi qurulacaq. Təkcə "Sərbəst insanlar ölkəsində" kitabını oxuduqda onun necə böyük ideyalara, sivil cəmiyyət düşüncələrinə malik olduğunu anlayırsan. Əhməd bəy, təkcə Azərbaycanın deyil, eləcə də Türkiyə Cümhuriyyətinin tarixində əhəmiyyətli rol oynayıb. Eləcə də övladları. Onun haqqında geniş məlumat almaq üçün hörmətli Aydın Balayevin "Əhməd bəy Ağaoğlu" adlı yeni nəşr olunmuş kitabını oxumaq olar. Eləcə də özünün müəllifi olduğu "Şuşa, Peterburq və Paris xatirələri" kitabı da çox maraqlıdır.

Şəbnəm Qurbansoy, jurnalist:

- Əmin olduğum bir şey var. Rayondakılar Bakıya heç vaxt gəzməyə, istirahətə gəlmirlər. Ya işləməyə, ya yasa, ya toya, ya da ki, həkim yanına gəlirlər. Çox vaxt isə sonuncu dediyim olur. Çoxları sağalmaq üçün qızılın, torpağın, inəyin satıb gəlir bura. Özəl xəstəxanalar da nəyi var istifadə edir onlardan. Axırıncı qəpiklərini bir qəpiyə dəyməyən klinikalarda qoyub çıxırlar.

Rayonlararası sərnişin daşıma bərpa olunan kimi yenə paytaxtdakı bütün xəstəxanalar rayondan gələnlərlə dolub. Hamı dərdinə çarə tapmaq üçün üz tutur bura. Çünki olduğu rayonda nə normal həkim var, nə də normal xəstəxana. Bu gün 60 yaşlarında bir dayı gözlərini əməliyyat etmək üçün həkim yanına gəlmişdi. Əməliyyat qiymətinin 3000 olduğunu öyrənib bir az həkimə yalvar-yaxar elədi, dil tökdü, sonra gördü ki, mümkün deyil, kor-peşman çıxdı xəstəxanadan. Necə versin o pulu? Hardan gətirsin? Bəlkə də düşünüb ki, aldığı 250 manat təqaüdlə bundan sonra neçə il görəcəyi bəlli olmayan gözlərinə 3000 min manat verməyə dəyməz.

Bütün gün bunu düşünmüşəm. Onlar üçün Bakı həmişə artıq maddi yük, qayğılar şəhəri olub. 

Vasif İsmayıl, həkim:

- Humanitar məsələlərə Gürcüstanı da konstruktiv əməkdaş kimi qatmağımız yaxşı oldu.

Bu gün Gürcüstanın və ABŞ dövlət katibinin iştirakı ilə Ermənistana 15 nəfər qaytardıq. Bunlardan 11-i dekabrda Hadrutda, 4-ü isə mayda Kəlbəcərdə saxlanılan şəxslər idi.

Xəbəri birinci bizim XİN yaydı. Xəbərdə Gürcüstan rəhbərliyinin əməyi xüsusi vurğulandı. Əvəzində isə Ağdam rayonunun mina xəritəsini aldıq.

Ermənistanda ruspərəst Köçəryan tərəfdarları xəbərə sevinə bilmirlər və Paşinyanı söyürlər.  Amma Ermənistan üçün müsbət məsələyə Gürcüstanı qatmağımız bizim üçün yaxşı addımdır.

Çox yaxşı addımdır. Bunun siyasi dividentləri mütləq olacaq.

Qafqazda sülhün bərqərar olması üçün atılan addımlara Gürcüstanın da qatılmasını şiddətlə dəstəkləyirəm! 

Şahin Cəfərli, siyasi şərhçi:

- Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi ilə əldə olunmuş razılığı necə qiymətləndirmək olar?

- Baydenin sözü ilə desək, ABŞ qlobal çapda olduğu kimi, Cənubi Qafqaz subregionunda da oyuna qayıdır, ən azından Rusiyaya "mən də varam" mesajını verir;

- Qərb Gürcüstanı həm alternativ vasitəçi, həm bölgənin demokratik mərkəzi qismində önə çıxarmağa, həm də regional nəqliyyat-tranzit habı kimi Gürcüstanın rolunu məhdudlaşdırmaq istiqamətində Moskvanın siyasətini neytrallaşdırmağa çalışır; 

- Qərb Rusiya tərəfindən boğazı sıxılan Nikol Paşinyana nəfəs verir və seçkiyə 8 gün qalmış onun reytinqini xilas etməyə çalışır;

- Ermənistanın indiki hökuməti Qərbin fəallaşmasından məmnundur, Azərbaycan Prezidenti də buna tərəfdar olduğunu gizlətmir və öz çıxışlarında qeyd edir;  

- Ərdoğan-Bayden görüşündə bu mövzu müzakirə olunacaq və iki ölkə arasındakı son təmaslar işığında deyə bilərik ki, ABŞ prezidenti Türkiyədən Cənubi Qafqaz siyasətini (təbii ki, başqa regionlarda da) Qərblə koordinasiya etməsini istəyəcək;

Lakin bugünkü hadisədən çox dərinə gedən nəticələr çıxarmaq tezdir. Bütün bunlar hələ ki Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılacağı anlamına gəlmir. Qərb Moskvanın Qarabağ savaşını dayandırmasından və ermənilərin təhlükəsizliyini təmin etməsindən heç də narazı deyil. Qərb üçün Cənubi Qafqazda 1 saylı tərəfdaş Gürcüstandır. Gürcüstanın məsələsi həll olunmadan heç kim Azərbaycan və Ermənistan uğrunda Rusiya ilə mübarizəyə başlamayacaq.

Cəlalə Nəzəroğlu, nitq təlimçisi:

- İlahi, Azərbaycanda nə qədər avara, cahil, əxlaqsızlığı təbliğ edən, beyinsiz gənc var imiş! Haradan bildim? tik-tok-dan...

Düz 1 saat vaxtımı ayırıb bu şəbəkəyə baxdım. İnanın səmimiyyətimə, mən ağladım. Oğlum və dünyaya gələcək başqa övladlarım bu cəmiyyətdə böyüyəcəklər?!

Sizi hansı nəsil yetişirdi, can, zavallı gənclər?..

Mirsəməd Cəfərli, jurnalist:

- Dünənki Ukrayna-Niderland matçı, çempionatın bu günədək olan ən maraqlı və baxımlı oyunu idi. Ukraynalıların bu qədər inadlı,   əzmli olduğunu bilmirdim. Ruslardan qat-qat daha güclüdürlər.  0:2 uduzduqları halda, ruhdan düşməyəsən, iki qol vurasan.

Türkiyədən sonra azarkeşlik edəcəyim komanda Ukraynadır.

Slava Ukraine!..

 





16.06.2021    çap et  çap et