525.Az

"Elə vəziyyətdə idik ki, iqtidar-müxalifət dialoqunu ATƏT təşkil edirdi"


 

TURAL ABBASLI: "DİALOQUN MÜSBƏT NƏTİCƏLƏRİ ARTIQ HİSS OLUNMAQDADIR"

"Elə vəziyyətdə idik ki, iqtidar-müxalifət dialoqunu ATƏT təşkil edirdi"<b style="color:red"></b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı AĞ Partiyanın sədri Tural Abbaslıdır. 

- Tural bəy, bildiyiniz kimi, il yarımdır ki, ölkəmizdə iqtidarla müxalifət partiyaları arasında siyasi dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz ümumilikdə ötən müddət ərzində həyata keçirilən bu prosesi necə qiymətləndirirsiniz?

- Bəli, doğru qeyd etdiniz, iqtidarla siyasi partiyalar arasında dialoq prosesi il yarımdır ki, başlayıb. Bu prosesə qiymət versək, deyə bilərik ki, dialoqun müsbət nəticələri artıq hiss olunmaqdadır. Yəni sadə vətəndaşlar, insanlarımız dialoqun, bu normallaşmanın, sivilləşmənin nəticələrini görürlər. Necə? Onu da izah edim. Məsələn, ilk başlanğıcda partiyalarla ünsiyyət, onların deyək ki, dövlət qeydiyyatına alınması, hüquqi məsələlərin həllini tapması və sadalayacağımız digər bu kimi bəzi problemlər həllini tapdı. Daha sonra partiyalara mərkəzi- qərargahların verilməsi məsələsi gündəmə gətirildi. Bilirsiniz ki, bu problemin də həlli istiqamətində addımlar atıldı. Bir sıra partiyalar ofislərlə təmin olunub ki, bu da onların fəaliyyəti üçün vacibdir. Bütün bunlar dolayısı ilə ola bilsin ki, hər kəsin diqqətini çəkməsin, onlar bunu hiss etməsinlər. Amma bunlar baş verib. Bundan əlavə, biz müxalif düşüncəli partiya liderlərinin, təmsilçilərinin mətbuata, televiziyalara, həmçinin dövlət KİV-inə çıxışlarının təmin olunmasını qeyd edə bilərik. İstər televiziya məkanında, istərsə də yazılı mediada qoyulan belə demək mümkünsə, qeyri-rəsmi məhdudiyyətlər aradan qaldırıldı. Artıq insanlar hiss etdilər ki, tənqidi mövqe işıq üzü görür. Fərqli fikirlər səslənməyə başladı. İnsanlar da hiss etdilər ki, bu dialoqla qoyulan qeyri-rəsmi qadağalar, “qara siyahı”lar aradan qaldırıldı. Alternativ fikirlər səslənməyə başladı. Cəmiyyət dialoqun bir nəticəsi olduğunu görməyə başladı. Yəni ən azından müxtəlif tənqidi fikirlər eşidirik. Bu, təbii ki, müsbət haldır. Deyərdim ki, il yarıma yaxındır davam edən bu prosesin müxalifət cəbhəsinə qazandırdıqları bunlardır.  Düşünürəm ki, iqtidar da bu dialoq mühitindən kifayət qədər yararlandı. Və bu dialoq mühiti iqtidara da öz töhfələrini verdi. Hamımıza məlumdur ki, İkinci Qarabağ müharibəsi öncəsi, müharibə müddətində siyasi partiyalar birlik nümayiş etdirdilər. Həmin günlərdə partiyaların eyni mövqedən çıxış etməsi çox əhəmiyyətli oldu. Müharibədən sonra istər beynəlxalq aləmin ikili standartlarına qarşı siyasi düşərgənin birgə mövqe sərgiləməsi,  istər Qarabağ məsələsində vahid yanaşmanın ortaya qoyulması, Azərbaycan əleyhinə olan qüvvələrə qarşı eyni cəbhədən cıxış etmək də dialoq mühitindən iqtidarın faydaları idi. Bunlar hamısı müsbət proseslərdir. 50-dən çox siyasi partiyanın birgə bəyanatlarını da xatırlamaq lazımdır. Müxalifət Ermənistanın Gəncəni, digər şəhərlərimizi raket atəşinə tutduğu zaman, Tovuzdakı hərbi təxribatda, Avropa İttifaqının, Fransa Senatının  Azərbaycana qarşı qəbul etdikləri qərarlarla bağlı birgə mövqe ortaya qoydular. Bütün bunlar dediyim kimi, dialoqun hakimiyyətə qazandırdıqlarıdır.

- Siz dialoq prosesindən müxalifətin, iqtidarın qazandıqlarını açıqladınız. Vətən müharibəsindəki birgə mövqenin ortaya qoyulmasından əlbəttə ki, dövlət, xalqımız qazandı. Bəs cəmiyyətin başqa qazancları hansılar oldu?

- İlk növbədə onu deyim ki, bu proses davam edir və davam etməlidir. Əlbəttə ki, prosesin yekunlaşdığını deyə bilmərik. Düşünürəm ki, bu, başlanğıc hesab olunmalıdır. Prosesi daha intensiv və daha dərinə doğru inkişaf etdirmək lazımdır. Biz iki il əvvələ nisbətən çox-çox irəlidəyik. Amma çatmaq istədiyimiz hədəflərə, əldə etmək istədiyimiz məqamlara görə hələ geridəyik. Cəmiyyətin qazancına gəlincə, əslində, iqtidarla müxalifətin çəkişməsindən, rəqabətindən xalq qazanır. Yəni burda indi biz iqtidar, yaxud müxalifət qazandı deyəndə, dolayısı ilə  xalqın qazandığını söyləyirik. Qarabağ müharibəsində birgə mövqe ortaya qoyulması həm də xalqın qazanması demək idi. Çünki Qarabağın geri qaytarılması bütün xalqımızın istəyi idi. Yaxud da müxalifətin tənqidi fikirlərinin mediada səslənməsi. Müxalifət öz şəxsi problemlərini səsləndirmir axı, xalqın problemlərini, xalqın dilə gətirmək istədiyi məsələləri gündəmə gətirir və onun həllinə çalışır. Və bu mühitdə hakimiyyət də həmin problemlərin həllinə çalışır. Problemin həlli də birmənalı olaraq xalqın marağındadır. Yəni belə deyək, iqtidar və müxalifət çəkişir, rəqabət aparır və bu da xalqa qazandırır. Necə ki, bir məhlədə iki mağaza açılır və onlar bir-birləri ilə rəqabət aparmaq üçün qiymətləri aşağı salır, qiymət azalmasından həmin  məhəllədə yaşayanlar istifadə edir, birmənalı olaraq burda da belədir. İqtidar və müxalifət xalqın rəqabətini qazanmaq uğrunda çəkişir və burdan da xalq qazanır. Proses davam etdikcə xalq daha çox qazanacaq. Demokratik mühüt yaranacaq, məmur özbaşınalığı aradan qalxacaq, korrupsiya, rüşvət halları azalacaq, insanlar öz hüqüqların daha rahat müdafiə edə biləcəklər. Məhkəmə, hüquq-mühafizə orqanları daha ədalətli formada işləyəcək. Bütün bunlardan isə yenə deyirəm ki,  dolayısı ilə xalq qazanır.

- Bildirdiniz ki, başlanğıc mərhələdəyik. Dialoqun daha da dərinləşməsi üçün nələr etmək lazımdır? Sizin bu istiqamətdə nə kimi təklifləriniz, gözləntiləriniz var?

- Dialoq dedikdə, biz əslində, demokratikləşmə prosesini nəzərdə tuturuq. Dünənə qədər görün biz hansı vəziyyətdə idik ki, iqtidar-müxalifət dialoqunu ATƏT, ABŞ səfirliyi, Avropa Şurası və digər beynəlxalq strukturlar təşkil edirdi. Onların vasitəçiliyi ilə iqtidar və müxalifət partiyaları bir araya gəlirdi. Biz eyni dövlətin nümayəndələri bir masa arxasında oturaraq hər hansı məsələni müzakirə edə bilmirdik. Bizi Amerika səfirliyi, yaxud ATƏT, Avropa Şurası, digər xarici təşkilatlar bir araya gətirib, ağsaqqallıq edirdi. Bu gün isə iqtidar və müxalifət onların iştirakı olmadan bir araya gəlir. Amma bu, yenə qeyd edirəm ki, başlanğıcdır. Başlanğıc mərhələsini bitmiş hesab etmək olar. Artıq növbəti mərhələyə keçmək lazımdır. Bu mərhələdə isə müxalifətçilyin xalqdakı etimadına adekvat olaraq, yəni xalqdan aldığı dəstəyə adekvat olaraq iqtidarda, dövlət idarəçiliyində təmsilçiliyin təmin olunması mərhələsidir. Söhbət, məsələn, parlamentdə daha çox müxalifətçinin yer almasından, həmçinin, nazirliklərdə, dövlət qurumlarında müxalif düşüncəli insanların təmsilçiliyindən gedir. Artıq məsuliyyət hakimiyyətlə müxalifət arasında bölünməlidir. Yəni belə deyək, müxalifət hakimiyyətdə sıfır təmsilçiliklə müxalifət olmalı deyil. Artıq müxalifət hakimiyyətin 30-35 faizində təmsilçiliklə müxalifət olmalıdır. Məsələn, Türkiyə nümunəsinə baxaq, Cümhuriyyət Xalq Partiyası (CHP) parlamentdə ən azı 30 faiz deputat qrupu ilə təmsil olunur. Amma müxalifətdir. Ən böyük şəhər bələdiyyələri CHP-nin əlindədir. İstanbul, Ankara, Antalya, İzmir hamısı CHP-nin əlindədir, amma müxalifətdir. Eyni hal Azərbaycanda da olmalıdır,  iqtidar məsuliyyəti bölməlidir. Artıq iqtidar müxalifəti mediada deyil, parlamentdə, nazirliklərdə, dövlət idarəçiliyində görməyə hazır olmalıdır. Artıq bu istiqamətdə addımlar atılmalıdır.

- Gələcəkdə bu təkliflərin həyata keçəcəyini gözləyirsiniz?

- Ümid edirəm ki, olacaq. Çünki sadə dillə deyək, biz indi taxıl əkirik. Taxıl əkdikdən sonra biz bunu vaxtlı-vaxtında suvaracağıq, həşaratlardan qoruyacağıq, təbii ki, taxıldan sünbül törəyəcək. Sünbüldən də məhsul əmələ gələcək. Əgər demokratikləşmə mühiti təklif olunubsa, başlanğıc varsa, məntiqi sonluğu da olmalıdır. Yox əgər, mən dediyim kimi, təmsilçilik olmayacaqsa, hakimiyyətlə məsuliyyət bölünməyəcəksə, onda buna dialoq da demək mümkün deyil.

- Dialoq nə vaxta qədər davam edə bilər?

- Dialoq davamlı prosesdir və hər an davam etməlidir. Sabah tutaq ki, AĞ Partiya hakimiyyətdə olacaq, o da bu prosesi davam etdirməlidir. Demokratikləşmə, demokratik cəmiyyət quruculuğu canlı mexanizmdir,  bunu elədik, bitdi yox, həmin dövrün, müasir zamanın çağırışları, insanların tələbləri, texnika və texnologiyanın inkişafı, texnologiyanın inkişafının yaratdığı sosial münasibətlər, bütün bunların hamısı siyasi münasibətlərdə nəzərə alınmalıdır. Dialoq əlbəttə ki, davam etməlidir. Bizim indi barəsində danışdığımız dialoqun başlıca məqsədi sistemi qurmaqdır. Bu sistemi qurduqdan sonra artıq kimin iqtidar olmasından asılı olmayaraq bu sistem işlək vəziyyətdə olacaqsa, iqtidar bu sistemi davam etdirəcək. Sistem iqtidarı bu sistem üzrə davam etməyə məcbur edəcək. Amerikada, Avropada, dünyanın digər demokratik dövlətlərində iqtidarın kim olmasından asılı olmayaraq demokratik proses inkisaf edir, biz o sistemi qurmağa çalışmalıyıq. Əslində, müxalifətin səyləri, çağırışları o sistemi qurmağa yönəlib.

PƏRVANƏ

 





16.06.2021    çap et  çap et