525.Az

"Qız nədir, rep nədir?" - Müsahibə


 

TELEAPARICI FİDAN CƏFƏROVA: "KİMİNSƏ MƏNİ GÖRMƏK İSTƏDİYİ KİMİ OLMAQ İSTƏMİRƏM, ÖZÜM OLMAQ İSTƏYİRƏM"

"Qız nədir, rep nədir?" - <b style="color:red">Müsahibə </b>

Fidan Cəfərova bu gün ölkənin ən tanınan teleaparıcılarından biridir. Üstəlik də, gənc və istedadlıdır.

Onu demək olar ki, evdə oturan nənə-babalarımız da tanıyır, balaca uşaqlar da. Amma Fidanın xitab etdiyi tamaşaçı kütləsi daha çox gənclər və rep dünyasıdır. Ən maraqlısı da onun cəmiyyətin standartlarını aşmış tərzi, fərqliliyi və cəmiyyətdə qəbul edilib-edilməyəcəyinə əhəmiyyət vermədən bu tərzi ilə ənənəvi televiziyada yeni nəsili təmsil etməsidir.

O, nazlanıb-forslanmayan, ətəksiz, dikdabansız, standart saç və geyim tərzinə sahib olmayan, tamamilə fərqli bir gənc xanımdır. Görəsən, onda bu cəsarət hardandır? Elə bu suala cavab tapmaq üçün də Fidan Cəfərova ilə həmsöhbət olduq. 

***

- Ölkənin rəsmi televiziya kanalında proqram aparıcısısan. Tərzin, imicin də elə proqramın formatına uyğundur. Nə uzadım, əslində, demək istədiyim odur ki, görünüş olaraq cəmiyyətin "Azərbaycan qadını" stereotipinə uyğun gəlmirsən, tamamilə fərqlisən. Xarici görünüşünlə bağlı ətrafından, izləyicilərdən necə reaksiyalar alırsan?

- İzləyicidə özümlə bağlı düzgün fikir formalaşdırmaq bir az vaxtımı apardı. Bu məsələdə çətinlik yaradan bir çox faktor vardı. Əsası da mənim obrazımın yerli tamaşaçı auditoriyası üçün yeni olması idi. Ümumi dəyərləndirsək, ilk mövsüm mənim üçün də, izləyici üçün də adaptasiya dövrü idi. Əvvəllər reaksiyalar sırasında yaxşı rəylərlə bərabər, müəyyən qədər obrazıma skeptik yanaşan insanların rəyləri də vardı. Təbii ki, bu kimi hallar həmişə yalnız sosial şəbəkələrin rəy bölümündə baş verir. Sağlam tənqidə həmişə açığam. Çünki inkişafa aparan yol elə həmin tənqidlərdən keçir. Elə rəylər vardı ki, özümü kənardan görməyə və tənqid olunan vəziyyətləri işləyib düzəltməyə kömək elədi. Düşünürəm ki, zaman keçdikcə izləyici məni tanıya bildi və belə neqativ hallar xeyli azaldı. Ümumiyyətlə, gələn reaksiyalar həmişə saçlarım qədər rəngbərəng olub.

- Artıq Fidan Cəfərova deyəndə ağla rep, musiqi və rep yarışlarının, o qızğın deyişmələrin təqdimatları, təşkilatları gəlir. Necə oldu ki, bu prosesin içərisinə düşdün?

- Əslində, universitetdə təhsil aldığım illər elə bu proseslərin ortasında keçib. Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuduğum dövrlərdə təhsilim rejissorluq üzrə idi. "Fidan Yeraltı" olmazdan illər əvvəl də mən "Yeraltı"dan idim. Azərbaycan repi üçün xeyli vizual işlər görmüşəm, ən məşhur reperlərlə işləmişəm. Hətta 2017-ci ildə "Grime Clash" adlanan bir "Youtube battle" layihəsi yaratmışdıq, rejissoru mən idim. O dövrdə ilk dəfə battle ab-havası ilə yaxından tanış oldum. Sonra 2018-də İctimai Televiziyada işə başladım. Hər şey teleaparıcı Leyla Quliyevanın Musiqi, əyləncə və xüsusi layihələr departamentinə rəhbər qismində gəlişi ilə başladı. İlk söhbətlərimizdən birində mənim bundan əvvəlki illərdən "Azrap" üçün gördüyüm işlərə baxdı. Planında olan "Yeraltı" layihəsinin ideyasını mənimlə bölüşdü. Sonrasını isə artıq özünüz bilirsiz.

- "Yeraltı" verilişində rep batlları da olur. Rep sənətinin bu gərgin aurası o an səni sıxmır, ya qorxutmur ki? Bu mühitdə, o an olayların ortasında olmaq sənə nələr hiss etdirir?

- Əslində, gərgin olduğu qədər də maraqlıdır. Repin ümumiyyətlə, çox spesifik auditoriyası var. Hər hansısa narazıçılığa səbəb olan bir hadisə onlar tərəfindən çox sərt qarşılana və kütləvi bir etiraz formasına çevrilə bilər. Münsif  belə qərar verərkən çox diqqətli və ədalətli olmalıdır, çünki əks halda sonradan uduzan tərəfin kütləsinin sərt reaksiyası və etirazı ilə qarşılaşacaq. Battle meydanın çox başqa aurası var. Rəqəmsalda izləmək başqa, amma bunu tam anlamaq üçün canlı izləmək lazımdır.

- Təxmin edirəm ki, cəmiyyətin qadınla bağlı yaratdığı bütün o mifləri, qəlibləri əlinin tərsiylə itələyib həyatından çıxarmış birisən. Güclü və fərqli görünürsən, özündən əminsən. Həmişə belə idin?

- Zahirən soruşursunuzsa, yeniliklərə açıq biriyəm və zahirən həmişə tez-tez dəyişməyi sevmişəm. Qəliblər yoxdur əslində, hər şey beyindədir. Sadəcə hərəmizin öz prioritetləri var. Bu prioritetlər "filankəs nə deyər"dən yox, sırf öz məntiq və həyata baxışımızdan asılı olmalıdır, məncə. Çox müasirəm, bəli, ancaq "müasirlik" sözünün mənasını bilirəm və bu sözü əsl kontekstindən çıxarmaq fikrim yoxdur. Özümə əmin olduğum qədər də daima hər şeydə özümü tənqid edirəm ki, növbəti dəfə daha yaxşısını edə bilim. Özündən razı insan inkişafı dayanan insandır. Üzərimdə çox işləyirəm, aylar əvvəldən işləri hansı axarla yönəldəcəyimi təyin edib ona doğru irəlləyirəm.

- Rep musiqisinin gözlənilməz yüksəlişə keçdiyi ötən ilin əvvəllərində bir neçə reper qızla gündəmə bomba kimi düşən bir iş ortaya çıxartdınız. Bu, Azərbaycanın aşina olduğu hal deyildi. Reper qızlar hansı reaksiyaları aldı o vaxt və səni qıcıqlandıran tənqidlər oldumu?

- Əslində, o layihəni edəndə heç birimiz düşünmürdük ki, bu qədər tez bir zamanda partlayacaq. "Azrap"da xanım reperlər çox azdır. Məqsəd də o idi ki, biz bunun mümkün ola biləcəyini göstərək və içində rep həvəsi olan qızları bunun ardını gətirmək üçün ruhlandıraq. Bundan savayı, mənə də özümü bu yöndə sınamaq maraqlı idi. Reaksiyalar əsasən müsbət oldu. Kütlənin yaxşı tanıdığı bir çox musiqiçilər bizə dəstək oldular. Bunun sayəsində layihədə olan digər qızların da simaları tanındı, hərəsi ayrı-ayrılıqda iş təklifləri aldı. Rəylərin sırasında mənfilərdən yetərincə "qız nədir, rep nədir?" tənqidi də vardı. Ancaq mən düşünmürəm ki, bunu sağlam tənqid hesab etmək olar. Çünki o işdə bütün tipajları təmsil edən qızlar da var, rep də var.

- Özünü olduğun kimi cəmiyyətə təqdim edə bilmək necə bir hissdir? Xüsusilə qadın kimi.

 

- Cəmiyyətin müəyyən standartları, normaları var və bu, normaldır. Öz şəxsi seçimlərimizə qaldıqda isə, mənə görə, bu, yalnız özümüzün verə biləcəyi qərarlardır. Bu, tənqid olunsa, qəbul edilməsə belə, biz içimizdən gəldiyi kimi edəcəyimiz şeylərdir. Təbii ki, hər kəsin fikrinə hörmətlə yanaşıram, amma kiminsə məni görmək istədiyi kimi olmaq istəmirəm, özüm olmaq istəyirəm. Tənqid edənlər bir müddət sonra sənə olduğun kimi öyrəşir. Buna şahid olmuşam. Amma özünü saldığın qəlibə həmişə yad olacaqsan, çünki bu, sən deyilsən. Özünü olduğun kimi cəmiyyətə təqdim edə bilmək əla hissdir və bunu hər kəsə arzulayıram.

- Ənənəvi televiziya artıq o qədər də aktual deyil, gənclər ən çox sosial şəbəkələrdə yayımlanan proqramlara maraq göstərirlər. Bir aparıcı kimi bu, səni qorxutmur ki? Başqa məcralarda fərqli işlər ərsəyə gətirməyi düşünürsənmi?

- Əslində deməzdim ki, bu gün televiziya bir o qədər aktual deyil. Baxır auditoriyaya nə cür kontent təqdim edirsən. Məncə, əksinə, izləyici hazırda keyfiyyətli kontentə acdır. Həm də televiziya da zamanla ayaqlaşmaq üçün interaktivləşib. Misal olaraq aldığım reaksiyalardan "Yeraltı"nın auditoriyasını analiz edib başa düşmüşəm ki, yutubdan fərqli olaraq, televiziya vasitəsi ilə yaşlı nəsil tərəfindən də izlənirik və bu, əladır. "Yeraltı"ya baxıb rep deməyə həvəsi yaranan on bir yaşlı qız tanıyıram, bu da müsbət haldır.

Yekunda demək istədiyim odur ki, hər şey kontentdən asılıdır. Başqa məcralara qaldıqda isə, "FİDAN TV" adlı yutub kanalını artıq açmışam. Komandamla "Kəs-doğra" adlı layihə üzərində işləyirəm. İnsanların haqqında danışdığı bütün mövzuları onlar üçün tamam başqa bucaqdan təqdim edəcəyəm. İlk buraxılış artıq hazırdır, qrafik işlər gedir və yəqin ki, gələn həftə izləyicilərə təqdim ediləcək. Bir də onu əlavə edə bilərəm ki, "Kəs-doğra" nə qədər baxış toplamağından asılı olmayaraq, Azərbaycanın yutub məcrası üçün yeni keyfiyyət meyarı olacaq. Əsas məqsədimiz də budur.

Natəvan ABDULLA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





17.06.2021    çap et  çap et