525.Az

Heyvandarlıqda intensiv üsulların tətbiqi genişləndirilir


 

SÜNİ MAYALANMA SAHƏSİNDƏ TÜRK MÜTƏXƏSSİSLƏRİN TƏLİM KEÇDİYİ MÜTƏXƏSSİSLƏR İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZDA HEYVANDARLIĞIN DİRÇƏLDİLMƏSİNƏ TÖHFƏ VERƏCƏKLƏR

Heyvandarlıqda intensiv üsulların tətbiqi genişləndirilir <b style="color:red"></b>

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlığın müasir qabaqcıl üsullar üzərində qurulması ölkənin ərzaq təhlükəsizliyinin təminatının başlıca şərtlərindəndir.

İntensiv inkişaf üçün bu sahədə istər ölkəmizdəki, istər də dünyadakı səmərəli təcrübənin tətbiqinin genişləndirilməsi vacib şərtlərdəndir. Respublikamızda heyvandarlıq sahəsində aparılan tədqiqatların tarixi yüz ilə yaxınlaşır. Kənd təsərrüfatı elmimizin mərkəzi sayılan Gəncə bölgəsində 1929-cu ildən fəaliyyət göstərən, hazırda Göygöl rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (AHETİ) bu sahənin intensivləşdirilməsi üçün dünya təcrübəsində rast gəlinən ən səmərəli üsulların, xüsusən də qardaş Türkiyənin bu yöndə əldə etdiyi nailiyyətlərin ölkəmizdə tətbiqi istiqamətində fəaliyyətini sürətləndirir.

Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin burada yerləşən Respublika Süni Mayalama Mərkəzinin bazasında ən mütərəqqi üsulların tətbiqi də genişləndirilir. 

Ölkəmizdəki təsərrüfatlarda mal-qaranın kəmiyyət və cins tərkibinin yaxşılaşdırılması üçün əlverişli şərtlərin mövcud olduğunu, xüsusən də bu işlərin işğaldan azad edilmiş torpaqlarımızda gözlənilən böyük potensialını nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda "Azərbaycanda süni mayalanmanın tətbiqi, heyvanlara qulluq və bəslənmə" adlı geniş tərkibli təlim keçirilib. Tədbir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Təlim Türkiydən dəvət olunmuş mütəxəssislər, Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Heyvandarlıq şöbəsinin Təkmilləşdirmə və İnkişaf idarəsinin əməkdaşları Melik Aytac, Hakan Ülgey, Alirza Akıncı və Selcuk Universitetinin professoru Mehmet Bozkurt Ataman tərəfindən keçirilib. Təlimin əsas məqsədi Türkiyənin süni mayalanma, heyvanlara qulluq və bəslənmə sahəsində təcrübələrini öyrənməklə Azərbaycanda bu sahədə yüksək peşəkarlığa sahib kadrlar hazırlamaq olub.

Təlimdə iştirak edib bu sahədə də mütəxəssis kimi yetişən şəxslər Qarabağ bölgəsindən, işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər və Laçın rayonlarından, həmçinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan seçilib.

Təlimin dinləyicilərinə heyvandarlıqda biotexnologiyanın tətbiqi, onun səmərəliyi haqqında məlumatlar verilib. Türkiyəli mütəxəssislər tərəfindən təlim proqramı çərçivəsində süni mayalanmanın texnologiyası, qardaş ölkədə mövcud olan heyvanların şəcərə sistemləri, sürünun idarə edilməsi, süni mayalanma protokolları, xırda və iribuynuzlu heyvanlara qulluq və onların bəslənməsi, yem rasionlarının tərtibi, dişi heyvan üzərində süni mayalanma prosesi, süni mayalanma texnikasından istifadə, embrion köçürmə mövzuları ilə bağlı geniş məlumatlar verilib, bu yöndə təcrübi biliklər aşılanıb, təqdimatlar keçirilib.

Təlim keçmiş süni mayalanma mütəxəssisləri əldə etdikləri bilik və təcrübələri əsasən işğaldan azad edilmiş rayonlarda heyvandarlığın inkişafı, məhsuldar heyvan cinslərinin alınması və ərzaq təhlükəsizliyinin təminatı istiqamətində tətbiq edəcəklər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə 5 min dozalıq toxum çəni, eləcə də süni mayalanma texnikləri üçün zəruri avadanlıqlar hədiyyə edilib.

Zakir Muradov
Gəncə-Göygöl

 





17.06.2021    çap et  çap et