525.Az

"Həqiqətin onomastikası" - tarixi faktların ensiklopedik xronikası


 

"Həqiqətin onomastikası" - <b style="color:red">tarixi faktların ensiklopedik xronikası</b>

Müxtəlif toponimlərin, hidronimlərin, oronimlərin adlandırılması həmin ərazidə yaşayan xalqların tarixi, mədəniyyəti, dünyagörüşü, gündəlik yaşam tərzi, dini inancları ilə əlaqədardır. Xalqlar və tayfaların şüuru, təfəkkürü həmin adqoymada öz əksini tapıb. Bu baxımdan Onomastika elminin tədqiqinə verilən töhfə həm coğrafi, həm də tarixi cəhətdən çox əhəmiyyətlidir.

Uzun illərdir ki, Ermənistan Azərbaycan mənşəli toponimlərin saxtalaşdırılması ilə məşğul olub. Bu, erməni vandalizminin bariz nümunəsidir. Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər rayonunda çıxışı zamanı bu məqama toxunub: "İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün..."

Ötən ay dövlət başçısının tövsiyələri əsasında "Həqiqətin onomastikası" kitabı işıq üzü görüb. Kitabın ideya müəllifi akademik Kamal Abdulladır. "Həqiqətin onomastikası" kitabı Bakı Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə tərtib edilib.

Kitab Azərbaycana məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Kitabda indiki Ermənistan respublikası ərazisində azərbaycanlıların tarixən yaşadığı və hazırda adları dəyişdirilmiş yaşayış məntəqələri, ləğv edilmiş və dağıdılmış kəndlər, adları dəyişdirilmiş hidronimlər, oronimlər, yaylaqlar və qışlaqlar, vaxtilə İrəvan xanlığında mövcud olan mahal, sultanlıq və əyalətlər əlifba sırası ilə qeyd edilib. "Həqiqətin onomastikası"nda göstərilən bütün məqamlar faktlarla əsaslandırılıb.

Kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib.

"Coğrafi adlar - etnik tarixin yaddaşı" adlı ön sözdə kitabın müəllifləri - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa "Həqiqətin onomastikası"nın ana xətti barədə geniş izah veriblər. Bu tarixi faktlara əsaslanan müqəddimədə ermənilərin 200 illik müddətdə törətdikləri, yer adlarının saxtalaşdırılması ilə bağlı mühüm məqamlar öz əksini tapıb.

Kitabda 3 xəritə əyani şəkildə göstərilib: Birinci xəritədə Qafqazın 1903-cü ildəki coğrafi vəziyyətinin bir hissəsini əks etdirilib. İkinci xəritədə Ermənistanda yerləşən Azərbaycan toponimləri, üçüncü xəritədə isə Azərbaycan hidronimləri oxuculara təqdim olunub. Ensiklopedik lüğətin xəritələr vasitəsilə əyani izahı oxucuda qaranlıq qalan bütün məqamları aydınlaşdırır. Xəritələrdə müvafiq olaraq Azərbaycan mənşəli adlar və onların dəyişdirilmiş versiyası göstərilib. Məsələn, Göyçə gölünün adı orijinalda olduğu kimi qeyd olunub, aşağıdan isə, ermənilərin dəyişdirdiyi versiya - Sevan gölü yazılıb. Kitabdakı lüğətlərdə bu toponimin tarixi daha geniş versiyada izah olunub.           

Kitabın son səhifələrində "Ermənistan respublikası" adlandırılan tarixi Azərbaycan ərazilərinin vaxtilə kimlər tərəfindən hansı illərdə idarə olunduğu da göstərilib.

"Həqiqətin onomastikası" kitabının qısa zamanda ingilis və rus dillərində nəşri nəzərdə tutulub.

Nadir YALÇIN

 





17.06.2021    çap et  çap et