525.Az

Zəfər gününə həsr olunmuş hekayə müsabiqəsinə start verildi


 

Zəfər gününə həsr olunmuş hekayə müsabiqəsinə start verildi<b style="color:red"></b>

Rəşadətli Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixindən başlanan 44 günlük uğurlu əks-hücum əməliyyatları nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi.

30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın azad olunması göstərdi ki, istər hərbiçilərimizdə, istərsə də cəmiyyətimizdə vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır.
 
Ölkə Prezidenti cənab İlham Əliyev gənclər qarşısında mühüm vəzifələr qoyaraq xüsusi vurğulamışdır ki, gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalı, yaxşı oxumalı, bilikli, savadlı olmalı, ölkənin tarixini yaxşı bilməlidilər 

525.az xəbər verir ki, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələrdə vətənpərvərlik tərbiyəsi və təbliğində fəaliyətini davam etdirir. Vətən torpağına, millətə sədaqət hisslərini aşılamaq məqsədilə 8 noyabr Zəfər gününə həsr olunmuş «Rəşadətlə yaşayanlar ölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsinə start verir.

Müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

“Rəşadətlə yaşayanlar ölümü fəth edənlər” adlı hekayə müsabiqəsi 16 iyun - 15 sentyabr tarixlərində keçiriləcək.

Müsabiqənin şərtləri:

Yazılmış hekayədə fikirlər aydın və səlis ifadə edilməli, tarixləri dəqiq qeyd olunmalı;

Hekayələrdə əks olunacaq rəsmlər iştirakçıların özləri və yaxud dostları tərəfindən çəkilməli;

Hekayənin həcmi 4 səhifədən çox olmamalı;

İştirakçılar hekayə ilə yanaşı özləri haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər, 15 sentyrabr 2021- ci il tarixinə qədər hekayələri kitabxananın elektron poçtasına və ya kitabxanaya göndərməlidirlər.

Hekayə müsabiqəsi 03 noyabr 2021- ci il tarixində yekunlaşacaq.

Müsabiqənin yekununda təqdim olunan hekayələr arasından 20 ən yaxşısı seçilərək kitab halında nəşr olunacaq.

Aşağıdakı link vasitəsi ilə elanla tanış ola bilərsiniz:

https://www.clb.az/radtl-yaayanlar-lm-fth-ednlr-adl-hekay-msabiqsi_d3188.html

 





18.06.2021    çap et  çap et