525.Az

Geyim mağazaları üçün təəccüb doğuran qadağa


 

MÜŞTƏRİLƏRƏ GEYİM MAĞAZALARININ PALTARDƏYİŞMƏ OTAQLARINDAN İSTİFADƏ QADAĞAN OLUNUR

Geyim mağazaları üçün təəccüb doğuran qadağa<b style="color:red"></b>

Koronavirus epidemiyasının ölkəmizdə yayıldığı ilk gündən demək olar ki, hamımızda yeni məcburi vərdişlər formalaşıb.

Açıq və qapalı məkanlarda tibbi maska taxmaq, məsafədən iş rejiminə keçmək, onlayn alış-veriş etmək, kütləvi tədbirlərin ləğvi və digər bu kimi hallar həyatımızda artıq rutin formaya keçid edib. Lakin iki ilə yaxındır müəyyən müddətlərlə tətbiq edilən karantin rejimi, qapanmalardan sonra, nəhayət, qadağaların yumşaldılması ilə müşahidə olunmağa başladı. Bu il ötən illə müqayisədə yumşalmalar daha geniş arealı əhatə edir. Misal üçün, keçən il çimərliklərə icazə yayın sonu - avqustda verilsə də, bu il iyunun 10-dan dəniz mövsümü açıq elan edildi. Yaxud da artıq insan səhhətinə faydasından çox ziyanı olan açıq havada maska taxmaq qərarının ləğvi, idman zalları və ibadət yerlərinin yenidən istifadəyə verilməsi virusla mübarizənin müsbət tendensiyasından irəli gəlir. Lakin bu qərarlarla yanaşı, qəbul edilən bəzi yeni qaydaları sözün əsl mənasında, dərk etmək olmur. Yeni qaydalar, yaxud əvvəlki qaydalara edilən dəyişikliklər sadəcə, sənədlərdə əksini tapır, vəssalam. Amma bu qayda və dəyişiklikləri əsaslandıran, izah edən bir nəfər də tapmaq olmur. Hələ bu azmış kimi, yeni qərarlar özündən bir əvvəlkiləri gülünc şəkildə inkar edir. Adam xüsusilə, səlahiyyətli səhiyyə qurumlarının məsul şəxslərinin imzası olan qaydaların əlində çaş-baş qalır. Elə götürək Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli qərarına bir gün öncə edilən dəyişikliyi. Həmin dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə sağlamlıq-bərpa obyektlərinin və ibadət yerlərinin koronavirus infeksiyasının (COVİD-19) idarə olunmasına dair metodiki göstərişlərin təsdiq edilməsi tapşırığı verilib.

Qərarı daha sadə dillə izah etsək, ölkənin Baş dövlət sanitariya həkiminin  metodik göstərişlərinin təsdiqi idman obyektləri, ibadət yerləri və geyim satışı ilə məşğul olan mağazalarda bir sıra dəyişikliklərlə əlaqəlidir. Bu məsul şəxsin ən ağılasığmaz və ani qərarı deyəsən, geyim mağazaları ilə bağlıdır. Yeni qərara görə, geyim alarkən müştərilərə mağazalardakı paltardəyişmə otaqlarından istifadə qadağan edilib. Halbuki bu günə qədər koronavirusla əlaqədar xarici və yerli mediada geyimlərdən virus yayılması ilə bağlı ortada heç bir elmi araşdırma yoxdur. Belə çıxır ki, Baş dövlət sanitariya həkimi qərarı qəbul edərkən ehtimal nəzəriyyəsini əsas götürüb. Bu, koronavirusla bağlı müzakirəyə səbəb olan birinci qərar deyil. Lakin hər dəfə eyni nəticə ilə qarşılaşırıq. Ölkədə iki böyük səhiyyə qurumu, Baş epidemioloq, Baş infeksionist, Baş sanitariya həkimi və TƏBİB fəaliyyət göstərir. Lakin adətən bir qurumun tibb işçisinin dediyini digəri inkar edir, yaxud da hamısı kütləvi şəkildə susur.

İndi belə çıxır ki, yeni qaydalara görə, ölkədə geyim mağazaları açıq fəaliyyət göstərəcək, lakin orada aldığın geyimi geyinib yoxlamaq imkanın olmayacaq. O zaman bu dünkanlar onlayn satış xidmətlərindən nə ilə fərqlənəcək? Yaxud alıcılar bu qərara nə dərəcədə uyğunlaşa biləcəklər? Əhalinin müxtəlifliyini nəzərə alıb yaranacaq vəziyyətə nəzər yetirək. Geyim almaq üçün mağazaya uşaqlı şəxslər, hamilə qadınlar, fiziki məhdudiyyətli şəxslər, yaxud yaşlılar gələ bilər. Aldığı geyimi yoxlamaq imkanı olmayan bu insanların evlərinə geri dönüb yenidən mağazaya qayıtma problemini təsəvvür edin.

Bu il iyulun 1-dən qüvvəyə minəcək bu qaydalarla bağlı bir neçə geyim mağazasından vəziyyəti maraqlandıq. Mağazaların hamısında işçilərdən eyni cavabı aldıq. Hələ tətbiqinə başlanılmadığı üçün alıcıların nə reaksiya verəcəyini dəqiq bilmədiklərini dedilər. Lakin belə olanda alıcıların daha çox xaricdən onlayn sifarişlərə üstünlük verə biləcəyini və alışın aşağı düşəcəyini vurğuladılar. Qaydalardan xəbərsiz olan bəzi satıcılar və mağazadakı müştərilərin təəccüb dolu baxışlarını da müşahidə etdik. Əlində seçdiyi paltarla geyim otağı qarşısında növbədə dayanan bir xanımın, "Belə də qayda olar?" sualı qarşısında isə mat qaldıq.

Təkcə bir misalla bu  qərarın özü ilə gətirdiyi problemləri görmək çətin deyil. Anlaşılandır ki, verilən bütün qərarların əsası vətəndaşları virusdan maksimum qorumaq məqsədi daşıyır. Lakin bu cür ironik gülüş doğuran qaydaların qəbuldan əvvəl ciddi araşdırmalara da ehtiyac var.  Üstəlik, dünyada, eləcə də ölkəmizdə vaksinasiya prosesinin başlanılması, digər ölkələrdəki nəzərəçarpan yumşalmalar və ənənəvi həyata keçidin sürətlənməsi insanları haqlı olaraq müsbət dəyişikliyə kökləyir. Həmçinin, koronavirusla bağlı daha ciddi araşdırılmalı, elmi əsaslandırılmalı mövzular var ki, yerli səhiyyə sistemimiz bu sualların cavabı qarşısında hələ də çarəsizdir. Yaxşı olardı ki, sanitariya həkimi də öz səssiz mövcudluğunu bu tip daha önəmli sualların cavabı ilə pozsun. Yoxsa hamımızın bir ağızdan verəcəyimiz sual eynidir: "Belə də qayda olar?"

Afaq RZA

 





18.06.2021    çap et  çap et