525.Az

Baş sanitariya həkimindən "kreativ" təşəbbüs - Münasibət


 

Baş sanitariya həkimindən "kreativ" təşəbbüs - <b style="color:red">Münasibət </b>

Qonşuluqda bir kişi var idi, bələdiyyə sədri camaatla görüş keçirəndə o kişi görürdü ki, səsdən-küydən bunun danışdığı eşidilmir, eşidilən sözünə də əhəmiyyət verilmir. Elə olanda da, dəxlisiz bir vaxtda ayağa qalxıb qışqırmağa başlayırdı:

- İstidən qırılırıq, əlac edin!

Deyirdilər ki, a kişi, otur aşağı, camaat problemini həll eləməyə gəlib, iki saat səbr eləyə bilmirsən?

Cəmiyyətdə aktuallığını, mahiyyətini itirən, insanların yadından çıxan bəzi adamlar hərdən o qonşumuz kimi "mən də varam" demək üçün çox qəribə təşəbbüslər irəli sürürlər.

Bununla həm özlərini, həm də insan

ları aldatmağa çalışırlar ki, "Yox əşi, siz bilmirsiniz, biz fəaliyyət göstəririk". Sonra da, Məşədi İbadın sözləri yada düşür: "Heç hənanın yeridir?!" Məşədi İbadın həna məsələsi də bunun yanında sanballıdır. Heç olmasa, bilirdik ki, Məşədi İbad başı ağrımasın, ya qoca görünməsin deyə həna qoyur. Amma bəzi təşəbbüslər nəinki yersizdir, hətta həna məsələsindən fərqli olaraq heç bir yaraya da dərman olmur.

Götürək elə bizim Baş dövlət sanitariya həkiminin qərarını. İnsanların çoxunun heç bu qurumdan xəbəri də yoxdur. Axırıncı dəfə sabiq Baş sanitariya həkiminin işdən çıxarılması zamanı sözügedən idarə gündəmə gəlmişdi. İndi də bu qərar: "Ticarət obyektlərində geyim satışı zamanı paltar dəyişmə otaqlarından istifadə qadağandır".

Əvvəla, pandemiya başlayan ilk günlərdən həm yerli, həm də xarici KİV-dən aldığımız məlumatlardan məlum olub ki, koronavirus paltar vasitəsilə keçə bilməz. Çox qəribə paradoks yaranır. Virus daşıyıcısı toxunduğu əşyaya virus ötürürsə və bu da başqa bir şəxs üçün yoluxma təhlükəsi yaradırsa, nəinki satış zamanı geyim dəyişmə, ümumiyyətlə, küçəyə çıxmaq da qadağan olunmalıdır. Bu isə, çox absurddur və gündəlik həyatın iflic olması deməkdir. Bundan əlavə, ortaya başqa bir sual da çıxır. Əgər bu proses virusa yoluxma təhlükəsi yaradırsa, bir ildən artıq müddətdə bu, niyə Baş sanitariya həkiminin yadına düşməyib? Nəzərinizə çatdırım ki, karantin dövrü boyu bir sıra mərhələrdə indi olduğu kimi, geyim mağazalarının fəaliyyətinə icazə verilib. Onda belə çıxır ki, sanitariyamızın mühafizəsi indi yada düşüb?

Məsələyə başqa tərəfdən yanaşsaq, yenə də məntiqsizliklə qarşılaşırıq. Bu, ac adamın ağzını bağlayıb qarşısına kabab qoymaq kimi bir şeydir. Demək olar ki, heç kəs seçdiyi paltarın ölçüsünü geyinib yoxlamadan almır. Paltarların ölçüsünün uyğunluğu stabil deyil. Bir insan paltarın ona uyğun olub-olmamasını yoxlaya bilməyəcəksə, onu necə ala bilər? Tutaq ki, bir paltarı aldı, gedib hardasa geyindi və ölçü düz gəlmədi. Haqqıdır ki, alınan malı geri qaytarsın. Daha nə fərqi var ki, dükanda geyinib yoxlasın, ya bir az kənar yerdə?! (Yenə Məşədi İbad yada düşür: "Zarafat deyil, bir ətək pul verirəm, bir baxım görüm, mal necə maldır, verdiyim pula dəyərmi?").

Hələ ki geyim mağazalarına bununla bağlı göstəriş ünvanlanmayıb. Amma qərar onları da narahat edir. Yeni "kreativ" əmrlə bağlı bir çox adamla həmsöhbət oldum. Dedilər ki, vəziyyət belədisə, gərək qanun aradan götürülənə qədər təzə paltar almayaq. Şalvarın balağı qısalsa, bir az uzadaq, beli daralsa, genəldək. Gərək qolu qüvvətli adamlar da təyin eləsinlər, köynəklərimiz daralanda o baş, bu baş yapışıb dartınsınlar, bəlkə genəldi. Əlqərəz, məsələyə ciddi don biçmək olmur. Yox, belə ağıryana cümlələrə baxmayın, qərar çox gülməlidir. Kimsə aidiyyatı yerlərə çatdırsın ki, kreativlik belə olmur, bir az da fikirləşmək lazım idi...

Tez-tez fikirlərimi Baş sanitariya həkiminə xitabən deyirəm. Amma yəqin ki, bu qərarı o, təkbaşına verməyib, qərara xüsusi məsləhət-məşvərətin nəticəsində ortaya çıxıb. Bəs yaxşı, niyə qərarın təfərrüatı heç kəsi maraqlandırmayıb?!

Yəqin ki, bir də bir ildən sonra sanitariya ilə məşğul olan bu qurum haqqında nəsə eşidərik. Çox sağ olun, mənim yadıma düşdü ki, siz varsınız. Amma gələn dəfə daha kreativ qərarlar gözləyirik...

 





18.06.2021    çap et  çap et