525.Az

Tərbiyə amili peşə təhsilində də ön plana keçir - Tədris


 

MÜTƏXƏSSİSLƏRİN FİKRİNCƏ, İNDİKİ ŞƏRAİTDƏ TƏHSİL PROSESİNDƏ TƏRBİYƏNİN ROLUNA MƏHDUD PRİZMADAN BAXMAQ DOĞRU DEYİL

Tərbiyə amili peşə təhsilində də ön plana keçir - <b style="color:red">Tədris </b>

Bu gün təhsil müəssisəsinin rəhbərliyini və pedaqoji kollektivi  birləşdirən  idarəedici  sistem  məktəbdə  təlim-tərbiyə işinin düzgün təşkilindən çox asılıdır. Odur ki, məktəbdə sağlam təhsil mühiti yaratmaq və məqsədə nail olmaq xüsusi nizam-intizamın və qaydaların tətbiqini zəruri edir. Çünki məktəb təhsilalanın təlim-tərbiyə sistemini həyata keçirir.

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Vüsal Balakişiyev deyir ki, mahiyyətcə, təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. O, öyrədənin və öyrənənin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Təlim prosesində müəllim öz pedaqoji təsiri ilə təhsilalanları potensial imkanlarına uyğun inkişaf dərəcəsində fəaliyyətə cəlb edir. Belə fəaliyyətə öyrənənlərin cəlbetmə potensialı qanunauyğun şəkildə bir-biri ilə əvəz olunur. Bu da qarşıya qoyulmuş vəzifələrin reallaşmasını şərtləndirir: "Tərbiyə nədir və onun cəmiyyətdə rolu nədən ibarətdir? Bütün zamanlarda tərbiyə məfhumu hər bir sahədə insanın şəxsiyyətini tanımaq baxımından istifadə olunan proses kimi dəyərləndirilir. Tərbiyə - insan şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəldilmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Hər iki məfhumun - təlim və tərbiyə prosesinin birlikdə tətbiqinin nəticəsində təhsil müəssisələrində bu gün müasir ənənələrə və soykökünə bağlı mədəni dəyərlərimizə yiyələnən, ailəsini, vətənini, millətini sevən, ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət edən sağlam nəsil yetişməkdədir. Eləcə də məktəb islahatının əsas tələbləri də yeniyetmələrdə əməyə məhəbbət, yoldaşlıq və kollektivçilik, davranış mədəniyyəti, sənətə maraq və dərketmə qabiliyyəti, müstəqillik və intizam kimi yüksək əxlaqi keyfiyyətləri aşılamaqdır. Ona görə də təhsildə təlim-tərbiyə adət-ənənələrə uyğun olaraq əsas keyfiyyətləri fərddə formalaşdırır".

Onun sözlərinə görə, bu gün təhsil müəssisələrində tərbiyənin roluna yalnız bir prizmadan baxmaq doğru deyildir. Bununla bərabər, təlim zamanı tərbiyə işi arxa plana keçməməlidir. Məktəbdə tərbiyə məsələlərini idarə etmək üçün rəhbərlik və nəzarət möhkəm olduqda pedaqoji kollektivin fəaliyyətində sistemlilik, təşəbbüskarlıq özünə yer tapır. Kollektivdə işgüzar mühit, qarşılıqlı hörmət, tapşırılan işin icrasına dərin maraq və məsuliyyət hissi məhz məktəb rəhbərlərinin təşkilatçılıq qabiliyyəti ilə bağlıdır.

V.Balakişiyev bildirib ki, müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Hər bir insanda hansısa bir peşəyə və sənətə yaradıcı meyillilik olur. Bu mənada müəyyən peşə üzrə biliklərin əldə edilməsi məqsədi ilə həyatın bir çox sahələrində əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Ümumtəhsil müəssisələrini bitirən gənclərin ilkin peşə bacarıqları ilə təmin olunması gələcəkdə inkişaf və karyerayönümlü istiqamətdə bu təcrübənin onlar üçün yararlı olması səbəbindən peşə təhsili əhəmiyyət kəsb edir. Qloballaşan dünyanın tələbləri bu gün təhsilin bütün sahələri kimi peşə təhsilinə olan marağı da gücləndirib. Azərbaycanda da bu sahənin modernləşdirilməsi zərurəti günün aktuallığına çevrilib. Peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədi ilə "Peşə təhsili haqqında" qanun peşə təhsili sisteminin quruluşunu və iqtisadi əsaslarını müəyyən edir. Qanundan irəli gələn tələblər nəzərə alınaraq dövlət siyasətinin prinsipləri peşə təhsilinin inkişafında öz əksini tapıb. Peşə təhsili müəssisəsi "Peşə təhsili üzrə Strateji Yol Xəritəsi", "Təhsil haqqında", "Publik hüquqi şəxslər haqqında" qanunlar və nizamnamələrə uyğun olaraq idarə edilir: "Hər hansı bir peşəyə yiyələnmək baxımından peşə təhsili müəssisələri əvəzsizdir. Bu gün də cəmiyyətdə peşələrə tələbat artdığı bir zamanda həmin peşələrə təhsilalanların ümumtəhsil müəssisələrində yiyələnməsinə də məhdudiyyət qoyulmur. Yeni "Ümumi təhsil haqqında" qanunda göstərilən normalara əsasən, ümumtəhsil müəssisələrinə sahibkarlıq fəaliyyətini həyata keçirmək imkanı da verir. Bu məqsədlə təhsil müəssisələrində peşə hazırlığını həyata keçirmək üçün emalatxanalar fəaliyyət göstərir. Təhsilalanlar həm peşə hazırlığı keçir, həm də əməyə alışırlar. Yeni Qanunla təhsilalanlara imkan yaradılır ki, onlar öz qabiliyyətlərini aşkar edə bilsin və peşə seçimini qabiliyyətlərinə uyğun olaraq özləri etsinlər".

 

Direktor müavinin dediyinə görə,  müstəqilliyimizin hazırkı mərhələsində yeniyetmələrdə milli şüurun artması və əxlaqi keyfiyyətlərin inkişafı çox önəmlidir. Yeniyetmələrin milli adət və ənənələrimiz ruhunda tərbiyəsi onları cəsur tərbiyə etmək deməkdir. Gənc nəslin tərbiyəsi gələcəyimiz üçün zəruri şərtdir. Əsas da yeniyetmələrin milli dəyərlərimizə və dövlətçiliyimizin xeyrinə vicdanla işləmələri, milli sərvətlərimizi layiqincə qoruyub saxlamaları deməkdir. Ona görə də peşə təhsili müəssisələrində təhsilin humanistləşdirilməsi əsas prinsip kimi nəzərə alınmalı və neqativ halların aradan qaldırılmasında mühüm işlər görülməlidir. Təhsil müəssisəsi bu gün təhsil və tərbiyə verərkən yaxşılıq etməyi öyrətməli və təhlükəli bəlanı cəmiyyətdən gizlətməməlidir".

O vurğulayıb ki, peşə təhsili müəssisələrində istedadların aşkar edilməsi, onların inkişaf etdirilməsi istiqamətində işlərə bilikli, metodik, psixoloji hazırlığı və pedaqoji ustalığı ilə fərqlənən müəllim heyəti cəlb olunmalıdır. Bu işi müvəffəqiyyətlə həyata keçirmək üçün qrup rəhbəri ən yaxın köməkçidir. Hazırda təhsilalanlarla aparılan tərbiyə işinin məzmunu xeyli artmış, ona görə də qrup rəhbərinin funksiyası genişlənib. Qrup rəhbərinin vəzifəsi ənənəvi olaraq təhsilalanlarla müəyyən tərbiyəvi tədbirlər keçirmək, digər şəxsi işləri və sənədləri tərtib etməklə məhdudlaşmır. İlk növbədə tələbə şəxsiyyətinin inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq və onların tədris nailiyyətlərinə nəzarət etmək məqsədi ilə vaxtında kömək göstərməkdir: "Peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, özəl müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübə keçirlər. İstehsalat təlimi ustasının əsas vəzifəsi təhsilalanların peşə təlimini, əmək və istehsalat təlimi üzrə tədris plan və proqramlarının yerinə yetirilməsini təşkil etməkdən ibarətdir".

V.Balakişiyevin sözlərinə görə, kitabxana peşə təhsili müəssisələrinin təlim-tərbiyə prosesində əsas rola malik olub, müəllim və tələbə kontingentinə xidmət göstərir. Məktəb kitabxanasının vəzifəsi kitabxananı təlim, informasiya və mədəniyyət müəssisəsi kimi və təlim-tərbiyə prosesinin informasiya təchizatını təmin etməkdir. Kitabxana fonduna dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, bədii ədəbiyyat, dövri nəşrlər və s. daxildir: "Kitabxanadan bəhs edərkən dərnəklər haqqında da məlumat vermək yerinə düşər. Peşə təhsili müəssisələrində fəaliyyət göstərən dərnəklər təhsilalanların asudə vaxtlarının səmərəli istifadəsində çox faydalıdır. Əlavə məşğələlər öyrənənlərin dünyagörüşünün artırılmasına, yaradıcı qabiliyyətlərinin genişlənməsinə xidmət edir".

Direktor müavini qeyd edib ki, müasir gənclərimizin dövrün tələblərinə uyğun həyat yollarının müəyyənləşdirilməsində peşə seçimi ilə bağlı tövsiyə və məsləhətlərə ehtiyacını nəzərə alaraq "Peşəyönümü işinin təşkili" və "Peşə təhsilinin təbliği" mövzularında aparılan canlı söhbətlər xüsusilə vacibdir. Peşə-ixtisas seçimi zamanı hər bir yeniyetmə əmin olmalıdır ki, seçdiyi, məhz arzuladığı peşədir. Peşə seçərkən onun cəmiyyətdə maraqla və hörmətlə qarşılanacağına əminlik olarsa, bu, yeniyetmədə marağın yaranmasına səbəb olar. Peşə seçərkən həmin peşənin imkanları və özünün ixtisasın tələblərinə uyğunluğu düşünülməlidir. Buna yeniyetmənin peşə yararlığı da deyirlər. Peşə yararlığı seçilən ixtisas üzrə uğur qazanmaq üçün zəruri olan psixi və psixofizioloji xüsusiyyətlər ilə bağlıdır. Peşəyə yararlılıq səhhət və qabiliyyətin seçilən peşənin xüsusiyyətlərinə uyğunluğu ilə bilavasitə bağlıdır. Sağlamlıq və qabiliyyət olarsa, ixtisasa, təcrübəyə, biliyə, bütövlükdə peşəyə yiyələnmək mümkün olur. Düzgün peşə seçimində həm də peşəyə istəklə yanaşı, tələbatın da olması vacibdir: "Seçim üçün əsas şərtlərdən biri də gəncdə zəruri peşə keyfiyyətlərinin olmasıdır. Fərdi-psixoloji keyfiyyətlərin də rolu böyükdür. Yeniyetmələrin fəallığına, ilk növbədə müəllimlər bələddirlər. Bəzən peşə seçiminə dəyişməz hal kimi baxılır. İstənilən fəaliyyət sahəsində ixtisaslaşma səviyyəsi yüksəlir, karyera da dəyişir. Əmək bazarında yeni peşələrin yarandığı məlum olur. Deməli, zəruri olduqda istiqaməti dəyişmək də olar. "Peşənin, sənətin pisi yoxdur" deyiblər. Hər işdə peşəkarlıq daha vacibdir. Peşənin hörməti və nüfuzluluğu nəzərə alınmalıdır, eynilə yeniyetmənin maraq və qabiliyyətləri də. Bəzən yoldaşları da ətrafdan geri qalmamaq üçün gəncin peşə seçiminə güclü təsir göstərir. Qrup hissi, yaşıdlara baxmaq cəmiyyətdə öz "Mən"ini formalaşdırmaq və özünüqiymət üçün lazımdır. Ən doğru seçim qərarı həm gəncin sevdiyi, həm də cəmiyyətə faydalılığı olan peşədir. Peşə və ixtisas seçmək həm də gələcək həyat yolunu seçmək deməkdir. Çünki bu seçim insanın cəmiyyətdə özünütəsdiqinin əsasını təşkil edir. Ona görə də həyat yolunu planlaşdırarkən istəklərin real olmasına iki baxımdan fikir vermək lazımdır. Birincisi, yeniyetmənin qabiliyyət və iddiaları qiymətləndirilməli və imkanına uyğun olmalıdır. İkincisi, yeniyetmənin qabiliyyət və iddiaları peşə və ixtisasın tələblərinə cavab verməlidir".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





18.06.2021    çap et  çap et