525.Az

Ağdamım - sınmayan qalib qalam


 

Ağdamım - <b style="color:red">sınmayan qalib qalam  </b>

- Güntəkin xanım, Ağdama getmək istəyərsinizmi?..

Telefonda eşitdiyim səs məni silkələdi.

- Əlbəttə. Nə vaxt, harda görüşürük?

- Sabah saat 3.30-da Az.TV-nin qabağında olun!

Sanki yuxudan ayılıram. Özümü ələ almağa çalışıram. Yata biləcəmmi? Əlbəttə, yox. Yatmaq olmaz, birdən, iraq olsun, gecikərəm.

31 may 2021-ci il. 28 ildə birinci dəfədir ki, Dördyoldan  Ağdama tərəf irəliləyirəm. Hər tərəfdə dağıntı, kol-kos, vəhşi millətin istehkam qalıqları. Minalanmış ərazilər. Hələ ki heç nə tanış gəlmir. Aha, axır ki. "Bura Uzundərədir", - deyə qışqırıram. Bu da körpü. Dağılsa da, bir az tanımaq olur buranı. Mən gözləyirəm ki, indi Ətyeməzli, 50 nömrəli məktəb, böyük Avtovağzalımızdan heç olmasa bir şey görəcəm. Amma əfsuslar olsun ki, heç nə yoxdur.

Aha, məscidimiz görünür. "Şükür Allaha ordan evimizə gedə bilərik" - düşünürəm. Amma məscidin qabağından hara gedəcəyimi bilmirəm. Dəhşətli bir mənzərədir. Küçələr sanki kiçilib. Hər tərəf dağılıb, istiqaməti tapa bilmirəm. Vaxtilə Ağdam Şəhər Sovetində işləmiş Zülfü müəllim bizi Mədəniyyət evinin yanına aparacağına söz verir. "Mədəniyyət evini tapsaq, dəqiq evimizi də tapacağam" - fikirləşirəm. "Hə, bax bura restorandır, bura bulvardır, bura beşmərtəbə, bu da Mədəniyyət evi....", -  Zülfü müəllimin səsi eşidilir. Donub qalmışam. Əslində, bir neçə daş topası, kol-kosdan başqa heç nə yoxdur. Çox böyük axtarışdan sonra Səmayə xalanın çörək dükanı olan ərazini təxmin edirik. 100 metr də irəliləsək, evimiz olmalıdır burda. Amma... yol nəsə bağlıdır, ərazi minalanmış ola bilər! Təsəvvür edirsinizmi?

Biri var idi, biri yox idi. Məşədi Abbas küçəsində qarşısında gül çardaqlı ikimərtəbəli evimiz var idi. Fikirləşirdim ki, heç olmasa atam əkdiyi ağaclardan nəsə qalıb. Heç olmasa bir xatirə,  bir yadigar, bir iz. Heç nə tapa bilmədim.

Ağdama "Qafqazın Xirosiması" deyirlər. Amma bir tarixçi olaraq və həm də Xirosima şəhərində olduğuma görə deyə bilərəm ki, Ağdam Xirosimadan da  pis vəziyyətdədir.  Xirosima bombardman ediləndə şəhərdəki binaların 70 faizi dağılmışdı, Ağdamda isə məsciddən başqa bütün tikililər dağıdılıb. Xirosima seysmik zonada olduğuna görə və evlər əsasən taxtadan olduğuna görə, yanğına məruz qalıb, nəticədə dağıntı çox olub. Ağdamın isə daş evləri özülünə qədər sökülüb. Xirosima faciəsini nüvə silahı vasitəsilə həyat keçiriblər, Ağdam dəhşətləri isə suyunu içib çörəyini yeyən qonşusunun mundar əlləri vasitəsilə törədilib. Xirosima militarist Yaponiyasının qurbanı olub, Ağdam isə öz gözəlliyi ilə düşmənə göz dağı olduğuna görə viran edilib, talanıb, xarabaya çevrilib.

 

Vaxtilə gözəl əsərlərə tamaşa etdiyim Ağdam Dram Teatrının  bir neçə divarı qalıb. "Bu binanı Xirosimadakı kimi saxlamaq lazımdır", - düşünürəm. "Atom evi" adlandırılan bina Xirosimada ən çox ziyarət olunan məkandır. Bu tikili YUNESKO-nun Mədəni İrsi siyahısına da salınıb. Binanın yaxınlığında yerləşən muzeydə isə mərkəzdə yerləşdirilmiş monitorda hər bir neçə saniyədən bir şəhərin bombardmandan əvvəlki və sonrakı vəziyyəti nümayış olunur. Onu deyim ki, təsirlənməmək mümkün deyil. Düşünürəm ki, hazırda Yaponiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə olduğundan yaponların muzey sahəsindəki təcrübəsindən istifadə etmək olar. Şərq üslubunda tikilmiş yapon məbədlərini xatırladan Çay evimiz də mütləq bərpa olunmalıdır, çünki o, Ağdamın simvollarından biri idi.  Həmçinin, Çörək muzeyi də bərpa olunmalıdır. Xəyallar içərisində dağıdılmış şəhərimə tamaşa edirəm, göz yaşlarımı saxlaya bilmirəm. Bu bulvarda biz uşaq vaxtı yay düşərgələrinə gedirdik. Hətta "Qarabağ bülbülləri"nin yaradıcısı  Murad Rzayev mənə söz də vermişdi, Cavidin "Qız məktəbində" şeirini demişdim. Yamyaşıl bulvarımız tikanlı, qanqallı, kol-koslu bir xarabazara  çevrilib.

"İndi isə Şahbulağa gedəcəyik". Ayşəm xanımın səsi məni xəyallardan ayırır... Axır ki, doğma Ağdamımı xatırladan bir yerə gəlib çıxıram. Möhtəşəm Şahbulaq qalası məni "yıxılmağa" qoymur. Heç olmasa bura qalıb. Özümə təsəlli verirəm. Buz kimi suyu ilə, yaşıllığı, gül-çiçəyi ilə sanki yarama məlhəm olur.

Ağdamımız bərpa olunmağa başlayıb. Həm də çox tez. Xirosimada bərpa işləri faciədən 4 il sonra başlamışdı. Doğma  şəhərimdə gələcəkdə həm Avropa, həm də Şərq üslubunda olan binalar göz oxşayacaq, kanallar çəkiləcək,  süni salınmış göldə qayıqlar üzəcək, çox böyük yaşıllıqlar salınacaq, hətta tramvay və velosiped yolu da çəkiləcək. Əlbəttə, bütün bunlar çox gözəl layihələrdir. Amma bir məsələnin də həllini tapacağına əminəm. Bütün ağdamlılar kimi, məni də narahat edən məsələlərdən biri Qarağacı qəbiristanlığımızla bağlıdır. Bilirik ki, Ağdamın hətta cansız cəsədlərindən belə qorxan ermənilər qəbiristanlığını da vəhşicəsinə dağıdıblar. Amma orada  doğmalarımız uyuyur. Bu ərazinin ziyarətgaha çevrilməsini arzulayıram. Yəqin ki, əlaqədar qurumlar bu məsələni də, həll edəcəklər.

Mərd sərkərdəmiz, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz Ağdamı tez bir zamanda dirçəldəcəyik! Buna heç şübhəm yoxdur!

Ağdamla vidalaşıram... Sanki bir canlıyla söhbət edirəm. Sənin səhralığa çevrilmiş torpağını övladların göz yaşları ilə sulayacaq, yaranı saracaq, torpağını öpəcək... Bizi əfv edəcəksənmi?..

Güntəkin MƏMMƏDOVA
Prezident mükafatçısı, Qabaqcıl təhsil işçisi

 





18.06.2021    çap et  çap et