525.Az

Keçmişə qayıdıb babanızı öldürsəniz... - El Romandan yeni yazı


 

Keçmişə qayıdıb babanızı öldürsəniz... - <b style="color:red">El Romandan yeni yazı </b>

Zaman içərisində səyahət edə bilmək, ümumiyyətlə, belə bir şeyin mümkünlüyünü sorğulamaq belə, mənə həmişə həyəcan verib. Dinozavrların yaşadığı dövrə səyahət etmək, atalarımızın yaşadığı dünyanı görə bilmək, ya da insanlıqdan əvvəlki dövrü kəşf etmək.

Keçmiş zamana qayıtmaq mümkündürmü? Bir çox filmdə bu mövzunun işləndiyini görmüşük. Bunun ən yaxşı örnəklərindən biri də "Predestination" filmidir. Filmlərdə bu tip utopik vəziyyətlərin şahidi oluruq, ancaq belə vəziyyətlər nə dərəcədə gerçəkçidir? Elmi-fantastik yazar Reyn Barjevil də bu barədə düşünüb ki, kitablarının birində zamanda səyahətlə bağlı bir paradoksdan bəhs edir: "Baba paradoksu". Keçmişə apara bilən bir zaman maşınının icad olunduğunu, sizi yaşadığınız andan babanız yaşayan dövrə apardığını təsəvvür edək. Əgər zamanın axışına müdaxilə edib babanızı öldürsəniz, atanız heç doğulmayacaq və siz də heç vaxt var olmamış olacaqsınız. Məhz bu ehtimal mövcud olduğu üçün keçmişə getmək mümkünsüzdür.

Məsələni bir az daha çətinləşdirək. Keçmişə getdiyinizi, amma insanlarla heç bir əlaqə qurmadığınızı düşünək. Keçmişə gedərək etdiyiniz hər bir hərəkət, məsələn, bir ağacın budağından qopardığınız bir alma, ya da axan çaydan içdiyiniz bir qurtum su həmin andan etibarən fərqli bir gələcək yaradacaq. Çünki siz olmasaydınız, yediyiniz alma və içdiyiniz bir damla su başqa bir canlıya qarışacaqdı. Zamanın normal axışında həyat davam edərkən, sizin gələcəkdən gəlib mövcud axışa müdaxilə etməyiniz mümkün deyil. Bir meşədə addımladığınızı xəyal edin. Ətrafınızda milyonlarla canlı var, amma mən sadəcə bir canlının nələri dəyişdirdiyindən bəhs edəcəm. Bir ceyran sizin varlığınızı fərqinə vardığı an normal zaman axışının xaricinə çıxar. Yəni siz olmadan öncəki davranışıyla sizdən sonrakı davranışı dəyişər. Məhz o andan etibarən ceyranın davranışları "qartopu effekti" yaratmağa başlayacaq. O, əvvəlcə çevrəsinə, sonra zamanla dünyaya, hətta zamanla evrənə belə təsirini göstərəcək. Aranızda mütləq ki, "bu qədər də yox" deyənlər olacaq. Yaxşı, elədirsə, bunu bir ssenariyə dönüşdürək. Normalda çaya tərəf gedən bir ceyran sizin varlığınızı hiss etdi və istiqamətini dəyişdirdi, getdiyi yerdə onu bir ovçu ovladı. Ovçu ceyranın ətini satdı və pulu ilə qızının çox istədiyi, amma normalda ala bilmədiyi pianonu aldı. Ovçunun qızı bunun sayəsində özünü inkişaf etdirdi və zamanla çox yaxşı bir pianoçu oldu. Bir gün piano çaldığı bir anda küçədən keçən birinin diqqətini çəkdi. Bir müddət sonra tanış oldular və münasibətləri başladı. Bəlkə də, tanış olduğu şəxs Hitler olacaqdı və Hitler bu qızla tanış olduğu üçün əsgər olmayacaqdı. Yəni sadəcə bir ceyranın ən xırda davranışını dəyişdirmək bütün insanlığın taleyini dəyişdirə bilərdi.

Bir dəqiqə öncəsinə gedə bildiyimiz bir zaman tuneli olduğunu düşünün. Əlində silah olan bir nəfərin bir dəqiqə keçmişə gedib gələcəkdəki özünü vurduğunu təsəvvür edin. Gələcəkdəki özü ölərkən, keçmişdəki özü hələ tətiyi sıxmamış yox olacaq. Bəs o halda ən başından tətiyi kim sıxmışdı?

Bu sadaladıqlarımızı düşünsək, hazırda keçmişə səyahətin mümkünsüzlüyünü anlamaq olar. Tək bir şey xaric. Yaddaş.

Yaddaşımızda keçmişə aid milyardlarca an gizlənir. Bunların bir çoxu yeni xatirələr yaşadıqca itməyə başlayır və sadəcə ən önəmli olanlar özünə yer edə bilir. Əslində, bütün xatirələr beynimizin içərisində bir yerdədir, ancaq biz onların hamısını xatırlaya bilmərik. İnsanlıq bunun üstündə çalışsa, bəlkə də qismən keçmişə səyahət etmək mümkün olar. Amma nə olursa olsun, bütün hökm zamanın əlindədir və onun əsirləri olaraq, biz zamanın içində baş verən hər hansısa gedişata heç bir müdaxilə edə bilmərik...

 





18.06.2021    çap et  çap et