525.Az

ADPU və ADMİU rektorları əməkdaşlıq haqqında müqavilə imzalayıblar


 

ADPU və ADMİU rektorları əməkdaşlıq haqqında müqavilə imzalayıblar <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qeyd olunub.

525.az xəbər verir ki, İyunun 18-də  ADPU-nun 100 illik yubileyi münasibətilə  ADMİU-da dəyirmi masa keçirilib.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova çıxış edərək qonaqları salamlayıb və yubiley münasibətilə çoxminlik ADPU kollektivini təbrik edib. Rektor bildirib ki, çox az xalqlar var ki, özünün belə güclü pedaqoji ali təhsil müəssisəsi var. Pedaqoji Universitet fəaliyyət göstərdiyi bir əsr ərzində çox vacib bir missiyanı, - cəmiyyət üçün müəllim hazırlamaq vəzifəsini daşıyır. Bu olduqca məsuliyyətlidir və müəllim hazırlığı sahəsində son illər ADPU-da aparılan ardıcıl islahatlar təqdirəlayiqdir.

 

Göstərilən diqqətə görə ADPU kollektivi adından öz təşəkkürünü bildirən universitetin rektoru, professor Cəfər Cəfərov cari ilin aprel ayında ölkə başçısı tərəfindən ali təhsil müəssisəsinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını, burada Pedaqoji Universitetin fəaliyyətinə olduqca böyük qiymət verildiyini diqqətə çatdırıb və digər universitetlərin, o cümlədən ADMİU-nun bu ümumxalq bayramına verdikləri töhfəyə görə minnətdarlığını bildirib. Rektor çıxışında ADPU-nun tarixi inkişafı, keçdiyi zəngin elmi-pedaqoji yol və son dövrlərdə aparılan genişmiqyaslı fəaliyyət nəticəsində pedaqoji təhsilin ölkədə yenidən öz nüfuzunu bərpa etdiyini diqqətə çatdırıb. Yubileyin özünün və cəmiyyətin qarşısında hesabat və yeni strategiya üçün fürsət olduğunu deyən prof. C.Cəfərov ADPU-nun əldə etdiyi uğurlar və tətbiq etdiyi yeniliklər, genişlənən xarici əlaqələr haqqında geniş məlumat verib, yeni yüzilliyin ilk beşilliyinin hədəflərindən söz açıb.

ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva Pedaqoji Universitetin tarixi haqqında məruzə edib, həmçinin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

 

Daha sonra ADMİU-nun tədris işləri üzrə prorektoru, ADPU-nun məzunu olan professor Validə Məmmədova, kafedra müdirləri, professor Əli Əmirli və ADPU-nun aspirantı olmuş dosent Yeganə Eyvazova, ADPU-nun məzunu, baş müəllim Əminə Qədimova, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, dosent Laçın Həsənova və kafedra müdiri, professor Zemfira Abdullayeva çıxış edərək öz təəssüratlarını bölüşmüş və Pedaqoji Universitetin cəmiyyətimizin həyatında oynadığı müstəsna rola diqqət çəkmişlər.

Çıxışlardan sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqavilənin imzalanma mərasimi keçirilib. Müqaviləni rektorlar imzalayıblar.

 

Qeyri-rəsmi hissədə ADMİU-nun yaradıcı kollektivi ADPU-nun 100 illiyi münasibətilə hazırlanmış xüsusi konsert proqramı ilə çıxış ediblər.

 





19.06.2021    çap et  çap et