525.Az

"Pozitiv addımlara fokuslanmalıyıq" - XİN başçısı


 

"Pozitiv addımlara fokuslanmalıyıq" - <b style="color:red">XİN başçısı</b>

“Regiondakı yeni vəziyyət yeni fürsətlər və yeni təhlükəsizlik paradiqması yaradıb”.

525.az-ın xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” adlı panelində çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, regionda sülh və əməkdaşlıq bir-biri ilə kəsişir və sülh olmadan əməkdaşlıq etmək mümkün deyil:

“10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində çox praqmatik addımlar atıb. Bu qış Gürcüstanın qaz kəmərlərində çətin vəziyyət yarandığı zaman Ermənistanın Rusiya qazlı ilə təmin olunması üçün Azərbaycan öz tranzit imkanlarını təqdim edib. Bu, son onilliklər ərzində ilk dəfə baş verirdi. Bu, Azərbaycanın münasibətlərin normallaşdırılmasında istəkli olduğunu göstərən spesifik addımlardır”.

XİN başçısı qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son verilməsindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün fürsət yaranıb:

“İlk dəfədir ki, bizim müasir tariximizdə, Azərbaycan və Ermənistanın müstəqillik qazanmasından sonra münasibətlərin normallaşdırılmasından danışmağımız üçün imkan yaranıb. Çünki ortada işğal faktı yoxdur. Ölkələrdən birinin digərinin ərazisini işğal etdiyi bir vaxtda münasibətlərin normallaşdırılmasından danışa bilməzsiniz”.


C. Bayramov vurğulayıb ki, indi münasibətlərin normallaşdırılmasına köklənilməlidir və bunun üçün bütün tərəflər kiçik görünən, amma spesifik xarakter daşıyan addımları atmaqdan çəkinməməlidirlər:

“Üçtərəfli razılaşma əsasında təsis edilmiş Azərbaycan, Ermənistan və Rusiya Federasiyanın baş nazir müavinlərinin rəhbərliyi ilə fəaliyyət göstərən hökümətlərarası komissiyanın işində Azərbaycan aktiv şəkildə iştirak edir. Kommunikasiyaların açılması, yeni tranzit dəhlizlərinin yaradılmasının bizim perspektivimizdən sadəcə Ermənistan və Azərbaycan üçün deyil, bütün digər region ölkələri üçün nəhəng əlavə faydaları var. İnanırıq ki, biz hər şeydən əvvəl qarşılıqlı fəaliyyət göstərməklə bu pozitiv addımlara fokuslanmalıyıq. Haqqında danışdığımız ideal vəziyyətin yaradılmasına yol ola bilsin ki, kiçik, amma çox spesifik addımlardan keçir”.

 

 





19.06.2021    çap et  çap et