525.Az

Sözə və dövlətə xidmət ənənəsi - Sabir Rüstəmxanlıdan yeni yazı


 

Sözə və dövlətə xidmət ənənəsi - <b style="color:red">Sabir Rüstəmxanlıdan yeni yazı </b>

Birinci Qarabağ savaşında köhnə Sovet ordusunun yardımı ilə Ermənistan Azərbaycanın gözəl guşələrindən biri olan Kəlbəcər rayonunu işğal etdi; dağların dağ təbiətli, vüqarlı insanları amansız taleyə boyun əyərək 30 ilə yaxın öz cənnətlərini tərk edib Azərbaycanın çeşidli bölgələrinə səpələndilər və ya yad ölkələrə üz tutdular. Alınmaz qala saydığımız dağlar düşmən əlinə keçdi. Lakin Kəlbəcərin başqa alınmaz qalaları da var - saz və söz qalaları... Bu torpaqlarda doğulan Söz daşdan, kərpicdən hörülmüş hər cür qaladan və ya kilsədən yüz qat daha uzun ömürlüdür, ölməzdir.

İşğal günlərində Göyçə, Kəlbəcər mahalının yetişdirdiyi böyük söz ustalarının qiymətli irsi - vətən, mərdlik, gözəllik, qəhrəmanlıq tariximiz haqqında qoşmalar, ruha güc verən saz havaları torpaqlarını itirmiş insanlara mənəvi dayaq oldu. Xalqın bir gözü Murovda, Dəli dağda idisə, bir gözü Aşıq Ələsgər, Dədə Şəmşir sözündə və sazda idi.

Azərbaycan Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın "Müqəddəs ocağın yadigarları" kitabı bu ölməz sənət ocağının davamçılarına həsr edilib.

Jalə Əliyeva özü də başqa bir yaradıcı insanın, Azərbaycanın tanınmış şairi, mədəniyyət xadimi, gənclik dostumuz Nurəngiz Günün yadigarıdır. Gözümüzün qabağında böyüyüb, boya-başa çatıb. Uşaqlıq illərindən öz iti zəkası, sözə, sənətə bağlılığı ilə diqqətimizi cəlb edib. Filoloqdur, şərqşünasdır. Tələbliklə vidalaşdığı ildən bəri Bakı Dövlət Universitetində çalışır, klassik Azərbaycan ədəbiyyatı və türk poeziyası üzrə tanınmış mütəxəssislərdən biridir, 13 il Türkiyənin Azərbaycandakı səfirliyində çalışıb, III, IV, V, VI çağırışlarda Milli Məclisin deputatı seçilib və öz seçicilərini ləyaqətlə təmsil edir.

Füzuli yaradıcılığını dərindən bilən Jalə xanım yeni əsərində, təxminən elə Füzuli dövründən başlayaraq Göyçə, Kəlbəcər mahalında boy atıb yüksələn, neçə-neçə saz-söz ustası yetişdirən tanınmış bir nəslin - Miskin Abdal, Ağdabanlı Şair Qurban ocağının Azərbaycan mədəniyyəti tarixində tutduğu yeri və bu ocağı sönməyə qoymayanların yaradıcılığını dəyərləndirir.

Kitabın əsas qəhrəmanı bu nəslin bizim müasirimiz olan şair övladlarından Cavid Qənbəroğludur; lakin kitabda onunla paralel, uzun illər Azərbaycanda müxtəlif vəzifələrdə çalışmış, ölkəmizin inkişafı üçün əməyini əsirgəməmiş, xalq arasında el ağsaqqalı kimi tanınan Qənbər Şəmşiroğlunun yaradıcılığı da təhlil edilir.

Kəlbəcər torpağından, onun gözəlliklərindən, təbii zənginliyindən söz açan müəllif yeri gələndə tarixə də müraciət edir, yer-yurd adlarının etimalogiyasını araşdırır, nəhayət, Qarabağ savaşlarında dağıdılmış yurdlarımızın faciəli günlərini xatırladır.

Kəlbəcərin gözəl təbiətinin, zəngin sərvətlərini təsvir edərkən, onun tarixindən söz açarkən, məncə, Jalə xanım, kitab yazılarkən hələ əlimizdə olmayan rayona hər bir qələm əhlinin duyduğu vətəndaşlıq borcunu verməyə çalışmışdır, yəni torpağımızın bu gözəl guşəsi, müvəqqəti olaraq işğal edilsə də, hər daşı, hər qayası, çayları, meşələri, zirvələri ilə hafizəmizdədir; yaddaşımızın işğalı mümkün olmayan bir ucalığındadır, əlçatmaz və unudulmazdır.

Sonra bu duyğuları müəllif Qənbər Şəmşiroğlunun, Cavid Qurbanovun şeirlərindən gətirdiyi misallarla davam etdirir.

Dədə Şəmşirin övladlarının yaradıcılığı artıq aşıq şeirindən yazılı ədəbiyyata keçid mərhələsidir. Yəqin onlar da saz çalıb, şeirlərini saz havalarına kökləyə bilirlər. Lakin görünən budur ki, aşıq şeiri üslubunda yazsalar da, onların şeirləri daha çox müasir poeziya ilə eyni ruhu daşıyır.

Jalə Əliyevanın kitabı üç bölməyə ayrılıb. "Əyri olan bu dünyada, çətinmiş düz yaşamaq"; "Mən səndən öyrəndim, şeiri, sənəti"; "Dərya, dərya olmaz, dalğalanmasa". Bundan əlavə, akademik Teymur Kərimli kitaba "Baxt məni bu yerə qonaq göndərdi" adlı geniş, tutumlu və səmimi bir ön söz də yazmışdır.

"Müqəddəs ocağın yadigarları" kitabında Dədə Şəmşirin oğlunun və nəvəsinin ədəbi portretləri ilə yanaşı və bu iki insanın simasında, yığcam şəkildə bütün Kəlbəcərin canlı portretinin yardılması mövzunun öz ruhundan irəli gəlir. Xalqın bağrından qopan və ömrü boyu xalqa xidmət etmiş adamlar haqqında başqa cür yazmaq mümkün deyildir, onların dəyərini yalnız doğulub boya-başa çatdıqları mühitlə, təbiətlə, o mühitin insanları ilə birgə dəyərləndirməsən, portretləri tamamlanmaz.

Bu mənada kitabda Ağdaban faciəsinin, Kəlbəcərin yetişdirdiyi qələm sahibləri haqqında bilgilərin yer alması ata - Qənbər Şəmşiroğlu ilə oğul - Cavid Qənbəroğlunun şeirlərinin ruhunu hiss etmək olmaz.

Şəmşir ocağının övladlarından söz açarkən, şəcərənin adı bəlli ilk böyüyü Şeyx Miskin Abdalı xatırlamamaq olmaz. Jalə xanım haqlı olaraq nəzərlərini o uzaq tarixə, Şah İsmayıl Xətai dövrünə çevirir və o vaxtdan ta bu günün Kəlbəcərinə uzanan yolu incələyir.

Jalə Əliyeva - Bioqrafiya.com 

Miskin Abdal on beşinci yüzildə Göycə mahalında anadan olmuşdu. Babaları Ərdəbil Səfəvi ocağının etibarlı dostları, müridləri kimi Göycədə, Azərbaycanın qərb bölgələrində təriqət təmsilçiləri olaraq faliyyət göstərmişlər. Bəlkə elə buna görə Miskin Abdal sonralar Səfəvi sarayına gəlmiş, Şah İsmayıl Xətainin silahdaşlarından biri olmuşdu. 500 ildən sonra yenə onun nəslindən olan insanlar - Cavid Qurbanovun timsalında Azərbaycan dövlətçiliyinə xidmət edirlər. Təxminən 20 nəsil bir-birini əvəz etmiş, lakin Azərbaycan-türk sözünə, saza, dövlətə böyük eşq dəyişilməmiş, atadan-övlada keçə-keçə yaşamışdır.

Miskin Abdaldan üzü bəri uzanan saz-söz silsiləsinin zirvələrindən olan Ağdabanlı Aşıq Qurban və onun oğlu Aşıq Şəmşir - Azərbaycan aşıq sənətini zənginləşdirmiş, ozan-aşıq ədəbiyyatının demək olar ki, bütün növlərində söz qoşmuş, onlarla saz havasının mahir ifaçısı olmuş, el arasında əsl ustad və müdrik ağsaqqal kimi şöhrət qazanmış, öz "bulaq" və "ocaq"ları ilə məktəbə çevrilmişlər.

Aşıq Şəmşir Dədə Qorquddan başlanana böyük sənət yolunun sonuncu nəhənglərindən idi. Düzdür onun məşhurlaşmasında Səməd Vurğunla görüşü ciddi rol oynamışdır; o vaxt Səməd Vurğun doğrudan da dünyaca adı olan böyük şair kimi məşhur idi. Onun Aşıq Şəmşirlə deyişməsi dillərdə gəzirdi. Lakin Aşıq Şəmşir də özü-özlüyündə elə Səməd Vurğunla çiyin-çiyinə dayanan bir şair idi. Bunu isbat etmək üçün onun uzun sənət yoluna göz yetirmək kifayətdir. Dədə Şəmşir təkcə gəraylıları, qoşmaları, deyişmələri ilə məşhur deyil; aşıq ədəbiyyatının demək olar ki, bütün şəkil və ölçülərində, biri-birindən maraqlı əsərlərin müəllifidir. Yurdu ermənilər tərəfindən yandırılanda bir çox əlyazması itib-batıb. Buna baxmayaraq, qalan əsərləri də bir xəzinədir. Dədə Şəmşirin Azərbaycan mədəniyyətinə verdiyi başqa bir xəzinə də onun ifasında vaxtilə radioda lentə alınmış və qorunub, saxlanılan 70-dən yuxarı saz havasıdır. İfa etdiyi havaların adlarını da özü deyib, yoxsa unudulub gedərdi. Aşıq sənəti həm Quzey, həm Güney Azərbaycanda xalqın taleyində çox önəmli, son dərəcə mühüm yer tutur, xalqımızın ruhunun, kimliyinin, varlığının canlı abidəsi olaraq yaşayır və inkişaf edir.

Nə nə yaxşı ki, Miskin Abdaldan başlanan böyük sənət yolu Dədə Şəmşirlə qırılmır; oğlu Qənbər Şəmşiroğlunun, nəvəsi Cavid Qənbəroğlunun yaradıcılığında davam etdirilir və yəqin ki, onlarla da qırılmayacaq. Bu saz, söz ağacı bundan sonra da neçə-neçə əsrlərə boy atıb, mədəniyətimizi yeni-yeni adlarla zənginləşdirəcəkdir.

Jalə Əliyevanın monoqrafiyasında həm Miskin Abdalın, həm də Ağdabanlı Aşıq Qurbanın, Aşıq Şəmşirin - yaradıcılıqları yığcam şəkildə gözdən keçirilir; bununla yanaşı, onlara el içində şöhrət qazandıran yüksək mənəvi keyfiyyətlərdən, onların Şəmşirin öz sözü ilə desək, "ağıl dəryası", "söz ümmanı", "halal mayasına haram qatmayan" parlaq şəxsiyyətlər olması ardıcıllıqla təhlil edilir.

Beləliklə, müəllif öz əsas qəhrəmanı Cavid Qənbəroğlunun ədəbi, istimai-siyasi fəaliyyətə başlamazdan öncə hansı böyük tarix yaddaşından, hansı böyük mənəviyyat məktəbindən dərs aldığını göstərmiş olur.

Könül, aşiq isən, dolan, yorulma,
Hey başına, ayağına vətənin.

- deyən Dədə Şəmşirin bu sözləri ilə tərbiyələnmiş övladların böyük Vətən sevgisini başa düşmək çətin deyil, bu yolu davam etdirmək onların mənəvi borcudur. Onlar bu yolu öz ocaqlarının ruhuna uyğun ləyaqətlə davam etdirirlər.

Bu varislik Cavid Qurbanovun misraları ilə sərrast ifadə edilmişdir.
 
Gülü çəmənindən, barı bağından,
Eşqi ürəyindən, qarı dağından,
Saf, təmiz ilqarı etibarından,
Yolumu izindəın almışam, Dədə!

Jalə Əliyeva həm Qənbər Şəmşiroğlunu, həm Cavidin yaradıcılıqlarını çağdaş ədəbi-tənqidin tələbləri səviyyəsində təhlil etmişdir.

Jalə Əliyevanın kitabının uğurlu cəhətlərindən biri Cavid Qənbəroğlunun yaradıcılığına böyük bir nəslin canlı, inkişafda olan budaqlarından biri kimi baxması, aşıq ədəbiyyatına xas olan varislik mövqeyindən təhlil etməsidir. Aşıq məktəblərinin şəyird ənənəsi ailə içində də davam etdirilmiş, oğul atanın, ata babanın şəyirdi olmuşdur.

Bu sənət ötürücülüyü ənənəsini Cavid Qənbəroğlunun qələmində belə səslənir:

Sənətdə qazandın şanı, şöhrəti,
Sənə sərvət oldu xalq məhəbbəti.
Mən səndən öyrəndim şeir, sənəti,
Hər kəlmə başında gəlirsən, baba.

Biz Ağdabanlı Şair Qurban və Aşıq Şəmşir yaradıcılığında - bütövlükdə Ozan-Aşıq sənətinin həm mövzu dairəsini, həm aşıladığı mənəvi dəyərləri, həm də yüzildən yüzilə ötürülən mükəmməl poetikasını, söz estetikasını işləmişik. Bu böyük yol Şəmşir ocağının digər yetirmələrinin yaradıcılığında da davam etdirlir. Yüksək əxlaqi dəyərlər, yurda bağlılıq, ocağa-kökə sayqı, böyük-kiçik, ustad-şəyird yerini bilmə, haqq və ədalət uğrunda hər cür fədakarlığa hazır olmaq, halallıq, nəhayət dünyanın "məhvəri" olan sevgi...

Aşıq poeziyasının yazılmamış qanun səviyyəsində olan bu xüsusiyyətləri Cavid Qənbəroğlunun da yaradıcılığında davam etdirilir:

Tufan qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşıram bədənsiz,
Oba köçdü, ellər qadlı Vətənsiz,
Dilim gəlmir deyim yoxsan, Vətən! Ox!

Mövzuya bu yöndən yanaşan Jalə xanım tez-tez Qənbər Şəmşiroğlunun yolunu davam etdirən Cavid və Cabirin xalq məhəbbətini klassik xalq poeziyası ilə paralel və ya müqayisəli şəkildə incələyir.

İşğal altında olan yurdlar, əlimiz çatmayan dağlar - Şəmşir ocağının yetirmələrinin əsas mövzularından biridir. Jalə ata və övladlarının bu qisimdən olan yazılarına kitabda geniş yer vermişdir.

Qənbər Şəmşiroğlunun bu misraları övladlarının yaradıcılığında da əks-səda verir:
 
Əsirlikdə sızıldayır, göynəyir,
Ünüm yetmir qulağına dağların.

Jalə Əliyeva bu müqayisəni belə yekunlaşdırır: "Dədə Şəmşirin ocağından boy verən, Azərbaycan ədəbiyyatının ideya-estetik dəyərlərindən qaynaqlanan, köklü ənənələrdən pöhrələnən poeziya sözün həqiqi mənasında vətəninə, xalqına, onun inkişafına və gələcəyinə xidmət edən, böyüməkdə olan nəslə doğru yolu göstərməyi bacaran bir poeziyadır və inanırıq ki, bu yaradıcılığın ömrü sözün, sənətin ömrü qədər olacaqdır".

Vətən nisgili bir çox hallarda Cavid Qənbəroğlunun - insan, dünya, ömrün qısalığı haqqında, aşıq poeziyası ənənələrinə bağlı didaktik-fəlsəfi şeirlərinin yaranmasına səbəb olmuşdur.

Kitabda şeirlərin təhlilindən çıxarılan nəticə də maraqlıdır: "Cavid... həyəcanlarını, üzüntülərini, kədərini, sevincini yazır. Bu yazılarda o, olduğu kimidir. Həssas, kövrək, sadə, dinləməyi bacaran, köməyə çatan, sevindirməyə tələsən, dost dediklərinə sonuna qədər dost olan, sevdiklərinə, torpağına bir sədaqət andı içən Kişi. Cavidin şeirləri onun könül pıçıltılarının ağ vərəqlər üzərindəki inikasıdır".

Jalənin kitabı bizə Cavid Qurbanovun gənclikdən bəri yazdığı şeirləri izləmək və bu şeirlərin bədii havasında illər uzunu yanaşı yol gəldiyimiz köhnə həmkarımızı, köhnə millət vəkilini, müxtəlif vəzifələrdə çalışmış dostumuzu daha yaxından tanımaq, onun mənəvi dünyası və poetik aləmi ilə tanış olmaq imkanı verir.

Jalə xanımın təqdimatından bəlli olur ki, Aşıq Şəmşir ocağında doğulub boya-başa çatmaq Cavidə elə möhkəm xarakter, yüksək insani keyfiyyətlər verib ki, bunu həyatın sınaqları, enmələri-qalxmaları dəyişdirə bilməz.

Kitabda şair Cavid Qurbanovun yaradıcılığı, ruh-mənəviyyat aləmi ilə, Azərbaycan Milli Məclisindəki deputatlıq fəaliyyəti, yol-nəqliyyat sistemində, yüksək vəzifə sahibi kimi, gördüyü işlər qarşılaşdırılır, paralel şəkildə dəyərləndirilir.

"Dərya dərya olmaz dalğalanmasa" bölümündə müəllif, haqlı olaraq, Cavidin - bir insan, söz adamı, vətəndaş kimi ata-baba ocağında aldığı tərbiyəni, yüksək insani keyfiyyətlərini öz ictimai-siyasi fəaliyyətində də qoruyub saxladığını vurğulayır. Kamil insanı vəzifə dəyişə bilməz, əksinə, insan vəzifəyə yeni özəlliklər qazandırar.

Aşıq Şəmşir Mədəniyyət Mərkəzində kitabın təqdimatı zamanı - bu məsələni xüsusi vurğulamışdım. Məmur, vəzifəli deyib hamıya bir gözlə baxmaq olmaz. Qarabağsız yaşadığımız 30 il çoxları üçün sınaq oldu. Qaçqın və köçkün taleyi çoxlarını çətin imtahana çəkdi.

Cavid Qurbanov millətin dərdini, acı taleyini görüb yaxasını kənara çəkmədi, kabinetlərdə gizlənmədi, köksünü dərdlərə sipər elədi, əsir yurdlarımız üçün ağladı, o yollarda didərgin düşənlərin yaralarına məlhəm olmağa çalışdı, alnını qırışdırmadan, üzünü turşutmadan xalqın üzünə çıxdı, onun qapısına üz tutanlara imkanı daxilində kömək elədi. Kəlbəcərlilər arasında bunun yüzlərlə şahidi var. O, dövlət vəzifəsinin şərəfini, məsuliyyətini yüksək tutaraq - öz imkanlarını xalqdan əsirgəmədi, işsizlərə, imkansızlara əl uzatdı, xalqın xeyrindən-şərindən kənarda qalmadı, tələbələrin, işsizlərin himayədarı oldu.

Bu mənada Cavid Qurbanov bir vicdanlı, xalqa yanan ictimai-siyasi xadim örnəyidir. Ona məmur deməyə dilim gəlmir, o, məhz dövlət xadimdir; xalqına ləyaqətlə xidmət edən, ən ağır problemlərə də öz şair qəlbinin həssaslığı, sevgisi, canıyanalığı, nəhayət, vətəndaş qeyrəti ilə, Şəmşir ocğının təəssübkeşliyi ilə yanaşan şəxsiyyətdir.

Buna görə də hansı işdə çalışıbsa - o işə hörmət gətirib, özü gənc olduğu illərdən istedadlı gənclərə himayədarlıq etməyi, onları irəli çəkməyi bacarıb.

Bu gün Azərbaycan Dəmir Yollarının sürətli inkişafı, yüksək texniki təchizatı dediyimizin təsdiqidir.

Jalə Əliyeva həmişə dövlətə, dövlətçiliyimizə bağlı olan, dövlətin inkişafı üçün gücünü, bacarığını əsirgəməmyən bir insan haqqında yazmaqla formalaşmış vəzifə sahibi şablonunu qırır, oxucuya yeni tipli, zəngin mənəvi aləmi olan, milli ənənələrimizi qoruyan, ləyaqətli bir ziyalı obrazı təqdim edir.

 

 





19.06.2021    çap et  çap et