525.Az

Siyasi həmrəyliyin növbəti nümayişi


 

PARTİYALARDAN ŞUŞA BƏYANNAMƏSİNƏ YÜKSƏK DƏSTƏK

Siyasi həmrəyliyin növbəti nümayişi <b style="color:red"></b>

2021-ci ilin 15 iyun günü tarixi bir hadisəyə şahidlik etdik. İki dost, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında mühüm əhəmiyyət kəsb edən sənəd - Şuşa Bəyannaməsi imzalandı.

Bəyannaməni əhəmiyyətli, tarixi edən səbəblər çoxdur. Ən əsası isə qardaş ölkələrin liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan həmin sənədi məhz Şuşada imzalamalarıdır.

Şuşada imzalanan sənəd rəsmən belə adlanır: "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi". Buna qədər 2010-cu ildə Bakıda "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında Müqavilə", ardınca İstanbulda "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair Birgə Bəyannamə" imzalanmışdı. Şuşada imzalanan Bəyannamə həmin iki sənədin məntiqi davamı olmaqla, bu unikal strateji tərəfdaşlığın bölgədə yaranan yeni reallığa adaptasiyası idi. Eyni zamanda, burada dünyaya və bölgədə marağı olan güclərə bir mesaj vardı.

Bəyannamə hər iki ölkədə bütün dairələr tərəfindən böyük dəstək aldı. Azərbaycanda fəaliyyət göstərən 48 partiyanın Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı birgə bəyanatı yüksək həmrəylin, siyasi birliyin nümayişi oldu. Necə ki, siyasi partiyalar Ermənistanın ötən ilin iyulundakı Tovuz təxribatı, ikinci Qarabağ müharibəsində bilik nümayiş etdirdilər, eyni yanaşma Şuşa Bəyannaməsi ilə bağlı da sərgiləndi. Dövlətçiliyimizə, milli maraqlarımıza uyğun bir addım kimi xarakterizə olundu.

Siyasi partiyaların bəyanatında vurğulanıb ki, 2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. Vurğulanıb ki, Bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.

"Biz - Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik".

Demokratik Maarifçilik Partiyasının sədri, deputatı Elşən Musayev hesab edir ki, Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatı yüksək həmrəyliyin nümayişidir. O vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar bundan əvvəl 44 günlük Vətən müharibəsi dövründə də həmrəylik nümayiş etdirərək, dövlətin, ordunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını bildirdilər: "Çünki Qarabağ məsələsi milli məsələ idi. Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatının verilməsi də vacib idi. Bəzən siyasi düşüncələrimiz, fikirlərimiz fərqli ola bilər ki, bu da normaldır. Amma milli məsələdən, milli təəssübkeşlikdən və milli təhlükəsizlikdən söhbət gedirsə, həmin məqamda hamı bərabər olmalı, bir yumruq kimi birləşməlidir. Bu mənada siyasi partiyaların bu mövqeyini alqışalayiqdir".

E.Musayev qeyd edib ki, Şuşa Bəyannaməsi iki qardaş dövlət üçün yeni yol xəritəsi, Azərbaycan-Türkiyə birliyinin, bütövlüyünün, bərabərliyinin növbəti nümunəsidir.

Təkamül Partiyasının sədri Teyyub Qənioğlunun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin həm müharibə dönəmində, həm müharibədən sonra torpaqlarımızın işğaldan azad edilməsi, quruculuq sayəsində apardığı siyasət yüksək dəyərləndirilir və birmənalı şəkildə dəstəklənir: "AXCP və  Müsavat Partiyası indi də bu sənədə imza atmadılar. İqtidara müxalifətdə olmaq olar, amma dövlətçiliyə deyil. Şuşa bəyannaməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir bəyannamədir".

Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ümummilli xarakterli məsələlərdə bir araya gələrək ortaq addım atırlar. Partiya sədri qeyd edib ki, Prezident Administrasiyasında müvafiq şöbə yaradıldıqdan sonra siyasi partiyaların koordinasiyası işi çox yüksək səviyyədə təşkil olunmağa başlayıb: "Hər kəs öz mövqeyində qalmaqla milli məsələlərdə partiyaların bir mövqedən çıxış etməsi ənənə halı alıb. Biz bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. İndi də ümummilli xarakter daşıyan məsələlərdə siyasi partiyalar bir araya gələrək ortaq addım atırlar. Şuşa Bəyannaməsi də həmin ənənənin müsbət xarakterini göstərdi".

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz söyləyib ki, Azərbaycan-Türkiyə dostluğunun, əməkdaşlığının zirvəsi olan Şuşa Bəyannaməsi çox mühüm sənəddir: "Belə bir mühüm tarixi sənədin imzalanması məsələsinə siyasi partiyalar seyrçi qala bilməzdilər. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar iyunun 16-da bu Bəyannaməyə dəstək nümayiş etdirdilər. Təbii ki, bu məsələdə Azərbaycan ictimaiyyətinin rəyinə təsir göstərən insanlar da dəstəklərini əsirgəmirlər. Bizim gücümüz birliyimizdədir. Heç kimə sirr deyil ki, Qars müqaviləsi Naxçıvanın taleyini müəyyənləşdirdi. 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin və Zaqafqaziya Sovet Sosialist Respublikası (Azərbaycan, Rusiya və Gürcüstan) arasında bağlanan sülh müqaviləsi Naxçıvanı təhlükədən qurtardı. Məhz Qars müqaviləsi sayəsində ermənilər oraya çox hücum edə bilmirdilər".

Partiya sədri bildirib ki, Azərbaycan dövlətinin, dövlətçiliyinin gələcəyə gedən yolunda siyasi partiyalar da iştirak edir və bundan sonra da iştirak edəcəklər. Siyasi partiyalar Azərbaycan xalqının maraqları çərçivəsində milli və dövlətçilik məsələlərində iqtidarla həmişə bir olacaq, həmrəylik nümayiş etdirəcək. Belə addımlar atmaqla Azərbaycan dövlətinin inkişafına öz töhfəmizi verəcəyik.

PƏRVANƏ

 





19.06.2021    çap et  çap et