525.Az

Co Baydenlə Vladimir Putin anlaşdımı? - Xaqani Cəfərlinin şərhi


 

Co Baydenlə Vladimir Putin anlaşdımı? - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə Cenevrə görüşünün bütün məqamları məlum olmasa da, iki liderin arasında müvəqqəti də olsa, anlaşma əldə edildiyini söyləmək mümkündür.

Bu qənaəti doğuran bir neçə məqam var. Birincisi, iki liderin görüşündən dərhal sonra səfirlərin fəaliyyətlərinin bərpa ediləcəyi məlum oldu. Məlum olduğu kimi, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov iki dövlət arasındakı münasibətləri dəyərləndirmək üçün Moskvaya çağırılmış, ardınca da ABŞ-ın Moskvadakı səfirinə ölkəsinə dönmək məsləhət edilmişdi. Bu isə soyuq müharibə dövründə belə müşahidə edilməyən bir vəziyyət idi və iki böyük dövlət arasında münasibətlərin ən aşağı səviyyəyə düşdüyünü göstərirdi. Cenevrə görüşündə isə səfirlərin fəaliyyətlərini bərpa etməsinə qərar verilib.

Cenevrə görüşündə iki lider arasında anlaşma əldə edildiyini göstərən ikinci məqam toplantıdan sonra keçirilən mətbuat konfransında prezidentlərin bir-birinin ünvanına kəskin ifadələr işlətməkdən çəkinməsi, hətta müəyyən tərifli ifadələrdən istifadə etməsidir. Xüsusilə də Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Bayden haqqında fikirləri çox diqqətçəkici idi. Halbuki bir neçə ay öncə Co Bayden Vladimir Putinin qatil olması haqqında düşüncələrini ifadə etmişdi. İndi Rusiya prezidenti Vladimir Putinin onu qatil adlandıran bir liderin ünvanına tərif deməsi iki böyük dövlətin başçıları arasında anlaşma əldə olunduğunu göstərən ikinci mühüm məqamdır.

Co Baydenlə Vladimir Putin arasında anlaşma əldə edildiyini göstərən üçüncü məqam Rusiyanın Əfqanıstan məsələsində ABŞ-la əməkdaşlıq edəcəyilə bağlı mesajın verilməsidir. Məlum olduğu kimi, prezident Co Bayden ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması qərarını verib. ABŞ-la yanaşı, NATO da Əfqanıstanı tərk edir. Bu prosesdən sonra Əfqanıstanda yaranacaq boşluğu "Taliban"ın ələ keçirəcəyi və Rusiyanın sərhədləri yaxınlığında yeni bir təhlükə mənbəyinin yaranacağı ilə bağlı Moskvada narahatlıq var. Eyni zamanda, ABŞ da Əfqanıstanın gələcəyindən narahatdır. İndi isə məlum olur ki, iki rəqib dövlət Əfqanıstan məsələsində əməkdaşlıq etmək niyyətindədir.

Co Baydenlə Vladimir Putin arasında görüşün ABŞ-la Rusiya arasındakı münasibətlərin azacıq da olsa, yumşalacağına səbəb olacağı qənaəti isə NATO-nun sammitindən sonra yaranmışdı. Şimali Atlantika Alyansının Ukrayna və Gürcüstanı öz sıralarına qəbul etməyi təxirə salması məhz ABŞ-la Rusiya arasındakı münasibətlərin yumşalmasına imkan yaratmağa xidmət edirdi. Rusiyanın çox həssas yanaşdığı məsələdə - postsovet ölkələrinin NATO-ya qəbulu məsələsində Moskvanı qane edən qərarın verilməsi Co Baydenlə Vladimir Putin arasında görüşün müəyyən müsbət nəticələrə səbəb olmasına yardım göstərdi.

Putin və Bayden bu ölkədə görüşə bilərlər 

Bu müsbət məqamlarla yanaşı, iki dövlət arasında kəskin fikir ayrılığının qaldığı, iki liderin həll edə bilmədiyi məsələlərin olması da göz önündədir. İki dövlət arasında ən ciddi problem kiberhücumlarla bağlıdır. Vaşinqton ABŞ-ın dövlət və özəl strukturlarına edilən kiberhücumların Rusiyadan qaynaqlandığını bəyan edir. Rusiya isə öz növbəsində ən kütləvi kiberhücumların ABŞ ərazisindən həyata keçirildiyini bildirir. Kiberhücumlarla bağlı məsələ o qədər kəskinləşib ki, ABŞ bu məsələnin NATO-nun Nizamnaməsinin məşhur 5-ci maddəsinin əhatə dairəsinə düşməsini təklif edir. Məlum olduğu kimi, NATO-nun Nizamnaməsinin 5-ci maddəsi dövlətlərdən biri hücuma məruz qalarsa, Alyansın kollektiv şəkildə həmin ölkəyə dəstək verməsini nəzərdə tuturdu. Əgər ABŞ-ın təklifi qəbul olunarsa, bundan sonra Şimali Atlantika Alyansına üzv ölkələrdən birinə edilən kiberhücuma Alyans kollektiv şəkildə cavab verəcək. Rusiya prezidenti ilə görüşdə ABŞ prezidenti də ölkəsinin kiberhücum məsələsində daha böyük imkanlara malik olduğunu həmkarının diqqətinə çatdırıb və belə hərəkətlərin ağır nəticələr doğura biləcəyini qeyd edib.

ABŞ-la Rusiya arasında fikir ayrılığının qaldığı əsas məsələlərdən biri də demokratiya və insan haqları ilə bağlıdır. ABŞ prezidenti bu dəyərləri təmsil etdiyini, onları bütün dünyada qorumalı olduğunu bəyan edərək Rusiya müxalifətinin lideri Aleksey Navalnının taleyi ilə bağlı açıq narahatlığını bildirib. Co Bayden bu məsələdə həmkarı Vladimir Putini təhdid də edib ki, Navalnı həbsxanada ölsə, bu, Rusiya üçün dağıdıcı hadisə olacaq. Rusiya prezidenti Vladimir Putin bu məsələdə bir qədər yumşaq ifadələrdən istifadə etməklə iki dövlət arasında gərginliyin azaldığı qənaətinin üzərinə kölgə düşməsinə imkan verməyib.

Co Baydenlə Vladimir Putin arasında görüşün iki dövlət arasında bütün problemləri həll etməsini gözləmək sadəlövhlük olardı. Ancaq Cenevrədə bu istiqamətdə kiçik də olsa, ilk addım atılıb.

 





21.06.2021    çap et  çap et