Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tanınmış şahmatçımız, qrossmeyster Şəhriyar Məmmədyarovu Rumıniyada start götürən "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin - "Superbet Chess Classic Romania" turnirinin qalibi olması münasibəti ilə təbrik edib.
Təbrikin mətnini təqdim edirik.
"Qrossmeysterimiz Şəhriyar Məmmədyarovun Rumıniyada keçirilən "Superbet Chess Classic" şahmat turnirinin qalibi olması xəbərini eşidəndə çox sevindim. Bildiyimə görə, dünyanın top onluqda olan ən güclü sahmatçılarından yeddi nəfəri bu turnirdə iştirak edib. Böyük uğurdur, əlamətdar hadisədir.
Mən beynəlxalq turnirlərdə yarışan Azərbaycan şahmatçılarını, o cümlədən, həm Şəhriyar Məmmədyarovu, həm Teymur Rəcəbovu, neçə illərdir ki, müntəzəm izləməyə çalışıram. Onların ölkəmizin adına qazandığı hər bir uğuru həmişə təqdir etmişəm. Teymur Rəcəbov bu ilin yanvarında "Airthings Masters" şahmat turnirində qalib gələndə mətbuat vasitəsi ilə onu təbrik etmiş, xoş arzularımı çatdırmış, böyük uğurlar arzulamışdım. Ümumiyyətlə, müxtəlif sahələrdə çalışan, fərqli peşə və sənətlə məşğul olub beynəlxalq səviyyədə nailiyyət qazanan hər bir həmyerlimizin, o cümlədən, dünyanın ən güclü şahmatçıları arasında xüsusi yer tutan Şəhriyar Məmmədyarovun müvəffəqiyyətləri əslində, hamımızın diqqətində olmalı, onlar bu qayğını, bu sevgini daima hiss etməlidirlər ki, belə münasibət gələcək fəaliyyətlərində onlara stimul versin.
Şəhriyarın bu qələbədən sonra sosial şəbəkədə paylaşdığı və müxtəlif media orqanlarında yayılan açıqlamasındakı bir fikir diqqətimi çəkdi. Deyir ki, təbrik almamağıma baxmayaraq, ümid edirəm, mənim bu qələbəmə bizim aidiyyatı qurumlar da sevinir. Şəhriyarın bu fikrindən bir inciklik duyulur. Məncə də, dediyim kimi, hər birimizin, xüsusilə də aidiyyatı qurumlarda çalışanların öz fəaliyyətləri ilə Azərbaycan nüfuz qazandıran insanları daima diqqətdə saxlamalarına ehtiyac var. Bu mənada, Azərbaycan Prezidenti cənab İlham Əliyevin belə insanlara qarşı həmişə müşahidə etdiyimiz həssas və qayğıkeş münasibəti ən yaxşı nümunə sayıla bilər. Şəhriyar Məmmədyarov kimi insanlarımızın işi ölkəmizə uğur qazandırmaqdırsa, bizim də mənəvi-vətəndaşlıq borcumuz onların bu əməyini diqqətdə saxlamaq, əldə olunan nailiyyətləri vaxtında, layiqincə təqdir və təbliğ etməkdir.
Qalib qrossmeysterimiz Şəhriyarı yeni əlamətdar qələbəsinə görə səmimi qəlbdən, böyük bir sevgi hissi ilə təbrik edir və inanıram ki, uğurlarının davamı daha böyük nailiyyətlərlə gələcək".
çap et