525.Az

Gəncəlilər xüsusi rəğbət bəslədikləri jurnalistlə yenə görüşdülər


 

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ TƏSİRLİ REPORTAJLARI İLƏ SEÇİLƏN FULYA ÖZTÜRK HAQDA FİLM ÇƏKİLİR

Gəncəlilər xüsusi rəğbət bəslədikləri jurnalistlə yenə görüşdülər<b style="color:red"></b>

Millətimizin öz əzəli torpaqlarının işğaldan azad edilməsi naminə apardığı Vətən müharibəsinin ən qaynar nöqtələrdə olub, Azərbaycanın haqq səsini dünyaya çatdıran türkiyəli jurnalist Fulya Öztürkə ölkəmizin hər bir guşəsində, xüsusən də erməni terrorunun xain zərbələrini öz sinəsində dəfələrlə hiss etmiş Gəncə torpağında dərin rəğbət bəslənilir.

Amma bu dəfə Fulya Gəncəyə öz yeni reportajlarını hazırlamaq üçün deyil, onun özünün hərbi jurnalist kimi fəaliyyətindən bəhs edəcək bir filmin çəkilişləri ilə bağlı gəlib. Belə ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə işi olan "Fulya" filminin çəkilişlərinə başlanılıb.

Hərbi jurnalist Fulya Öztürkün Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın digər şəhər və rayonları kimi Gəncənin də dinc əhalisinə qarşı törətdiyi terror zamanı təqdim etdiyi reportajların da yer alacağı film Gəncədə çəkilir. Filmi birgə istehsal edən "Azərbaycanfilm" kinostudiyasının və Türkiyənin "Dado Produksion"un çəkiliş qrupu Fulya Öztürklə bərabər Gəncədədir. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da Fulya Öztürkü qəbul edib.  Görüşdə Türkiyənin Gəncədəki baş Konsulu Zeki Öztürk də iştirak edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Fulya Öztür Gəncənin onun ürəyində xüsusi yer tutduğunu dilə gətirib və  müharibə zamanı baş verən dəhşətli hadisələrin bir daha təkrarlanmamasını arzulayıb.

"Hadisələrdən böyük sarsıntı keçirməyimə baxmayaraq, gərginlik bitməyincə geri dönməyi, yaxud bu işdən imtina etməyi heç vaxt düşünmədim. Çünki bu savaşı çəkməyi və müharibə nə zaman bitəcəksə, o zamana qədər burada qalacağımı özüm istəmişdim", - deyə Fulya xanım əlavə edib.

Şəhər rəhbəri gəncəlilər adından hazırladığı reportajlarla hər kəsin rəğbətini qazanan Fulya Öztürkə göstərdiyi fədakarlığa görə minnətdarlığını bildirib. Türkiyəli jurnalist təşəkkürnamə ilə təltif edilib və ona xatirə hədiyyəsi təqdim olunub.

Zakir MURADOV
Gəncə
 





19.06.2021    çap et  çap et