525.Az

Şəhid övladları üçün möhtəşəm tədbir


 

GÖYGÖL OLİMPİYA KOMPLEKSİNDƏ "QƏHRƏMAN ÖVLADLARI" ADLI İDMAN FESTİVALI KEÇİRİLİB

Şəhid övladları üçün möhtəşəm tədbir<b style="color:red"></b>

Gəncə və Göygöldən olan 67 şəhid ailəsinin 118 nəfər övladı üçün əyləncəli və xeyriyyəçilik xarakterli festival qürurlu və təsirli anları ilə yadda qalıb.

"Qəhrəman Övladları" İdman Festivalı bölgədə fəaliyyət göstərən humanitar "Qardaşlıq" qrupunun, "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun, Göygöl Gənclər və İdman İdarəsinin, Gəncə Regional Mədəniyyət İdarəsinin və Göygöl Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı, həmçinin, Türkiyə Cümhuriyyətinin Gəncə Baş Konsulluğunun, Gəncə şəhər və Göygöl rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə baş tutub.

Festivalın bədii hissəsində uşaqlar və böyüklər Gəncə Dövlət Dram Teatrının və Gəncə Kukla Teatrının hazırladıqları maraqlı səhnələri, eləcə də Gəncə Dövlət Filarmoniyasının musiqi və rəqs qruplarının çıxışlarını maraqla izləyiblər.

Festival çərçivəsində təşkilatçılar və tərəfdaşlar, eləcə də bu bölgədə fəaliyyət göstərən bir sıra şirkətlər tərəfindən şəhid övladları üçün  maraqlı oyunlar, müsabiqələr təşkil edilmiş, eləcə də hədiyyələr və nahar tədarükləri görülmüşdü.

Yaşıl meydanda Gəncə və Göygöldən olan məşqçilərin rəhbərliyi altında gənc idmançıların bir neçə idman növündə nümunəvi çıxışları təqdim edilib.

Şəhid övladladlarına isə onların ürəyincə olan idman növünə aid tədris-təlim qruplarına  yerindəcə yazılmaq və bu qruplarda təmənnasız məşğul olmaq imkanı yaradılıb.

Yarışlar hissəsində 7-12 yaş qrupunda olan şəhid övladları "Həmrəy ol - Qalib ol!" idman layihəsi çərçivəsində 6 komanda estafet yarışmasında iştirak ediblər.

"Bu gün baş tutan "Qəhrəman Övladları" İdman Festivalı şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Əlbəttə, şəhidlərimizin ailələri  üçün nə etsək də, bizim rahat gələcəyimiz üçün canlarını qurban vermiş bu igidlərimizin haqlarını ödəyə bilmərik! Amma uşaqların bugünkü sevinclərini, yarışmalarda coşqu hisslərini seyr etmək hər kəsin qəlbini oxşayır. Bu festivalın bir məqsədi də uşaların sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların idmana olan marağını artırmaq, düzgün fiziki və psixoloji inkişafına dəstək olmaqdır", - deyə təşkilatçı qurumlardan birinin, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun təmsilçisi Müzadil Həsənov bildirib.

Festivalda uşaqların təntənəli mükafatlandırılma mərasimini Azərbaycanın məşhur idmançılarından olan Olimpiya, Dünya, Avropa çempionları və mükafatçıları Mövlud Mirəliyev, Rövşən Bayramov, Hacı Əliyev, Mariya Stadnik, Şahmuraz Qasımov, Hakim Nəzərəliyev, eləcə də  Türkiyə Cümhuriyyətinin Gəncədəki  Baş Konsulu Zeki Öztürk həyata keçiriblər.

Zakir MURADOV
Gəncə-Göygöl
 





22.06.2021    çap et  çap et