525.Az

Azərbaycanda din və dövlət münasibətləri: keçmişdən bu günə


 

Azərbaycanda din və dövlət münasibətləri: <b style="color:red">keçmişdən bu günə</b>

“Din dövlət və cəmiyyət üçün yox, insanlar üçündür” - bu aforizmdə böyük həqiqət olsa da, dini dəyərlərin dövlətin və cəmiyyətin siyasi-ideoloji və sosial-mənəvi həyatında böyük rolu var. Tarix boyu Azərbaycan cəmiyyətində dini inancların rolu nəzərəçarpacaq dərəcədə böyük olub. Müasir dövrdə də Azərbaycan Respublikasında din dövlətdən ayrı olsa da, cəmiyyətdə dini dəyərlərinrolu xüsusi çəkiyə malikdir.

İlkin sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan, tarixlər boyu ilkin dini inancların, səmavi dinlərin və çoxsaylı dini-fəlsəfi cərəyanların məkanı və yayıldığı bir coğrafiya olub. Ayrı-ayrı dövrlərdə tanrıçılıq, bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, İslam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayılmaq imkanı qazanıb, həmçinin bir-birinə qarşılıqlı təsir göstərib.

Azərbaycan ərazisində ilk səmavi din xristianlıq hesab olunur. Xristianlıq Azərbaycanda yeni eranın ilk əsrlərində yayılıb, Qafqazda ilk xristian kilsəsidə məhz Azərbaycandainşa edilib.

IV əsrin əvvəllərində Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini elan etməsi ilə Azərbaycanın şimal bölgələrində hakimiyyət bürokratiyasında dasəmavi dinlərin əsaslarının formalaşması prosesi başlanmışdı.

Bu dövrdə Azərbaycanın güney ərazilərində isə dualizm mahiyyətli zərdüştilik dinicəmiyyətin dini-mənəvi əsaslarını təşkil etməkdə idi. Sasani imperiyasının tərkibində olan Azərbaycanın güney əraziləri zərdüştiliyin mərkəzi hesab edilirdi. Erkən orta əsr ərəb və farsdilli mənbələrin verdiyi məlumatlara görə, zərdüştiliyin baş şəhəri Azərbaycanın Qazaka,müqəddəs odun qorunub saxlandığı şəhər isə Şiz şəhəri idi.

Məlumdur ki, Azərbaycanda İslam dininin yayılma prosesi 7-ci əsrin ortalarınatəsadüf edir. Baş verən ərəb yürüşləri nəticəsində Azərbaycanın bir çox şəhərləri və yaşayış məskənləri ələ keçirilir, bununla da İslam dininin yayılması üçün münbit zəmin yaranırdı.705-ci ildə Azərbaycanın şimalında Alban dövlətinin süqutu və Ərəb xilafətinin tərkibinə qatılması, Dərbənddən Zəncana qədər olan böyük bir Azərbaycan coğrafiyasının vahid bir dini-siyasi məkana çevrilməsinə imkan yaratmışdı.

İslamiyyətin Azərbaycanda intişar tapması,toplum həyatında nəzərəçarpacaq inkişafa səbəb olmuş, İslam dininin cəmiyyətimizə gətirdiyi dəyərlər yeni bir sosial-siyasi və mənəvi mühit yaratmışdır. Lakin ərəb idarəçiliyinin sonrakı mərhələlərində xilafət bürokratiyasında sosial ədalətsizlik meyllərinin güclənməsi, həmçinin mənəvi balansın pozulması,xilafət tərkibində olan əhali arasında sosial mahiyyətli ziddiyyətlərə səbəb olmuş, və bu iğtişalar dini-siyasi xarakter almağa başlamışdı. Azərbaycanda bu cür hərəkatların ən yüksək mərhələsi Xürrəmilər-Babəkilər hərəkatı olmuşdur. Bu hərəkat əsasən sosial ədalətsizlik zəminində yaranmış, sonrakı mərhələdə dini-siyasi xarakter alaraq Azərbaycanın azadlığı uğrunda mübarizəyə çevrilmişdir.

Təəssüflər olsun ki, bəzi elmitədqiqatlarda Xürrəmilər hərəkatı daha çox dini-fəlsəfi aspektdən dəyərləndirilərək, bu hərəkatın sosial ədalətlilik mahiyyəti və işğalçıya qarşı azadlıq xarakteri arxa plana keçirilmişdir.

Azərbaycanda Xürrəmilər hərəkatının sosial-siyasi və dini mahiyyəti təhlil edilərkən, bu hərəkatın İslama qarşı deyil, ərəb idarəçilik sisteminə qarşı, vergi yükünə və sosial ədalətsizliyə qarşı bir azadlıq hərəkatı olduğu nəzərdən qaçırılmamalıdır. Çünki bu hərəkatın xalq azadlıq mahiyyətində olduğunu çoxsaylı tədqiqatçılar, dövrün sosial-siyasi gerçəklikləri, həmçinin həmin dövrdə xilafət işğalında olan digər xalqların ərəb zülmünə qarşı mübarizə hərəkatlarının mövcudluğu da təsdiq edir.

Xürrəmilər hərəkatına yanaşma yeni düşüncə və məntiqli elmi-konseptual əsaslara söykənməli, xürrəmilik fəlsəfəsiİslami qanunlarla qarşı-qarşıya qoyulmamalı və bir qrup insanın neqativ istiqamətdə təbliğat alətinə çevrilməməlidir.
Orta əsrlərdə Azərbaycan dövlətçiliyində təriqətlərin rolunun öyrənilməsi tarix elmində yeni bir mərhələnin əsasını qoymuşdur. Xüsusilə orta əsrlərdə teokratik İslam coğrafiyasında böyük nüfuz qazanan Sufilik təriqətiXI əsrdən etibarən cəmiyyətin siyasi sisteminə və dövlətçilik məsələlərinə də nüfuz etmişdir. Sufiliyin və xüsusilə də onun qollarından biri olan hürufiliyin müsəlman cəmiyyətində böyük nüfuz qazanması ehkamçı dindarlarla ciddi qarşıdurmalara da səbəb olmuşdur. Bu yolun Yolçuları –Həllac Mənsurun, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin timsalında ağır mənəvi və cismanı təzyiqlərə də məruz qalmışlar. Şah İsmayıl Səfəvinin öz şeirlərindən birində dediyi kimi,

Şah Xətai, didarə bax,
Mənsur ipin boynuma tax.
Nəsimi oldu haqla haqq,
O üzülən dərisidir.

Orta əsrlər boyu Azərbaycanda Sufi Xəlvətiyyə təriqəti və bu təriqətin bir qolu olan Gülşəniyyə təriqəti də olduqca yayğın olmuşdur.

Sonralar bir çox təriqətlər, o cümlədən Nəqşbəndiyyə təriqəti dəAzərbaycana və Azərbaycan vasitəsilə bütünQafqaza nüfuz etmişdir.

Xüsusilə vurğulamaq lazımdır ki, orta əsrlər dövründə dini-siyasi hadisələrdə yaxından iştirak edən hürufi və digər dini-fəlsəfi cərəyanların siyasi məqsədlərinə çatması məqamını, əsasısufi-qızılbaşlıq ideologiyası təşkil edən Azərbaycan Səfəvi dövlətinin yaranmasında görmək olar. Bu baxımdan Azərbaycanda qızılbaşların hakmiyyətə gəlişini sufiliyə bağlı təriqətlərin siyasi hakimiyyətə gəlişi kimi də xarakterizə etmək mümkündür.

Şah İsmayılın yaradığı Azərbaycan Səfəvi dövləti xürrəmilərin, hürufilərin, qızılbaşların uzun illər dini-siyasi həyatda mücadilə apararaq yaratdıqları bir Sufi dövləti idi. Avropalı müəlliflərin Sah İsmayıla Böyük Sufi deyərək xitab etməsi, həmçinin tarixi qaynaqlarda Səfəvi dövlətinin adının Dövləti-Sufiyan, Dövləti Qızılbaşan adı ilə qeyd edilməsi bu deyilənləri təsdiq etməkdədir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Səfəvi dövlətinin dini əsaslarını siyasiləşmiş şiə məzhəbi ilə eyniləşdirməkməntiqdən kənar olmaqla bərabər, həm də elmi gerçəkliyi əks etdirmir. Bu konteksdən yanaşaraq, qızılbaşlıq fəlsəfəsiİslami dəyərlər ilə qarşı-qarşıya qoyulmamalı, bu dövlətin siyasi və din tarixi gerçək mənbələr əsasında dəyərləndirilməlidir. Səfəvi dövlətinin dini-ideoloji dəyərlər sisteminə məzhəbçilik prizmasından baxmaq, Azərbaycan dövlətçilik tarixinə və müasir dövlətçilik prinsiplərinə uyğun deyildir.

Tarixin bütün dövrlərində Azərbaycanda mövcud olan dinlər və dini-fəlsəfi cərəyanların əsas qayəsini,sosial ədalət prinsipi, insanın mənəvi azadlığı, müsəlman dünyasının birliyi kimi ümumbəşəri dəyərlər təşkil etmişdir. Bu mənəvi varislik ənənəsi Əfşarlar sülaləsinin Azərbaycanda hakimiyyəti dövründə də öz mahiyyətini saxlamışdır.
Məlumdur ki, Nadir şahƏfşar Azərbaycanda - Muğan qurultayında şah elan olunduğu gündən (14 fevral 1736) etibarən israrla həllinə çalışdığı məsələ, İslam dünyasını parçalayan məzhəblərarası ədavətə son qoymaq və dini həmrəylik yaratmaq idi.

Bir dövlət xadimi olaraq Nadir şah İslam aləmində sülhün və qardaşlığın yaradılmasını, təfriqçiliyin aradan qaldırılmasını və müsəlman-türk aləminin birləşdirilməsini özünün ən ümdə vəzifəsi hesab edirdi.

Bu məsələnin həlli istiqamətində Cəfəriliyin İslam dünyasında beşinci məzhəb kimi qəbul edilməsi üçün Osmanlı hakimiyyəti ilə intensiv müzakirələr aparan Nadir şah, eyni zamanda bu məsələni müzakirə etmək üçün Nəcəf şəhərində Bəlx, Herat, Buxara, Nəcəf,Bağdad və digər elmi mərkəzlərdən dəvət olunanİslam alimlərinin iştirakı ilə 1743-cü ildə bir məclis təşkil etmişdi. Lakin dövrün siyasi gerçəkliyi və sosial toplumlar arasında fərqli dini-məzhəb mühiti bu təşəbbüsün reallaşmasına imkan verməmişdi.

Doğrudur, Nadir Şah məzhəb siyasətində arzuladığı şəkildə uğur qazana bilməsədə, iki dövlət arasındakı münasibətlərin, əvvəlki dövrlərdən keyfiyyətçə tamamilə fərqli mahiyyət qazanmasına nail ola bildi. Artıq bu dövrdən etibarən istər Azərbaycan Əfşarları, istərsə də Azərbaycan Qacarlarının hakimiyyətinin Osmanlı dövləti ilə siyasi münasibətlərində nəzərəçarpacaq dərəcədə mülayimləşmə hiss olunmaqda idi.

1828-ci ildə Rusiya ilə Qacarlar dövləti arasında bağlanmış Türkmançay sazişi, Azərbaycanın Rusiya tərəfindən işğal olunmuşşimal bölgələrində istər siyasi, istərsə də dini-mənəvi həyatda yeni acı reallıqlar yaratdı. Məlumdur ki, əksər dövrlərdə teokratik müsəlman cəmiyyətinin əsasını təşkil edən dini-ruhanilik sistemi Azərbaycanın ictimai-siyasi həyatında və dövlətçilik məsələlərində mühüm rol oynayırdı. Məhz çar Rusiyası Azərbaycanda müsəlman cəmiyyətinin ictimai-siyasi əsaslarını zəiflətmək, sıradan çıxartmaqvə yaxud nəzarətdə saxlamaq üçünbütün aqressiv metod və vasitələrdən istifadə etmişdir.

Rus imperiyasının bu məqsədəyönlü siyasəti Azərbaycan cəmiyyətində İslami dəyərləri yox etmək gücünə malik olmasa da, cəmiyyətin ictimai-siyasi həyatına və mənəvi mühitinə ciddi zərbə vurmuşdur.

XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində dünyada və Rusiya imperiyasında baş verən siyasi hadisələr Güney Qafqazda da öz təsirini göstərməkdə idi. Bu dövrdə cəmiyyətin şüurunda baş verən milli özünüdərk prosesi, millət, milli şüur, millət və ümmət münasibətlərini ortaya qoymuşdur. Azərbaycanda baş verən maarifçilik hərəkatı bu proseslərin elmi-siyasi və mənəvi əsaslarını formalaşdırmaqda idi. Onlarla ziyalılarımız və demokratik düşüncəli din xadimləri milli-mənəvi və dini dəyərlərimizin modernləşməsi uğrunda yorulmaz mübarizə aparırdılar. Xüsusilə də “Füyuzat” ədəbi məktəbinin nümayəndələri milli və dini kimlik düşüncəsi vəhdətindən çıxış edərək bu dəyərləri qarşı qarşıya deyil, vəhdət halında qiymətləndirmək mövqeyindən çıxış edirdilər.

Bu sahədə Əli bəy Hüseynzadənin xüdmətləri müstəsna dərəcədə böyükdür.Əli bəy Hüseynzadə Azərbaycan xalqının milli oyanışında islamçılıq və qərbçilik ideyalarının inkişaf edilməsində müstəsna rol oynayan, millətimizin islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk millətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən biridir. O, “türkləşmək, islamlaşmaq, avropalaşmaq” formulu ilə türkçülüyün siyasi məramnaməsini, elmi-nəzəri əsaslarını hazırlamış və tariximizə “türkçülüyün atası” kimi daxil olmuşdu. Sonralar milli dövlətçilik ideologiyasına çevrilən bu üçlü formulüçrəngli bayrağımızdakı rənglərlə əbədilik qazanaraq xalqın qan yaddaşına daxil olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə din dövlətdən ayrı olsa da, ölkədə bütün dini təsisatlar mövcud olmuş bu sahədə olduqca əhəmiyyətli işlər həyata keçirilmiş, dini sistemin hüquqi əsasları yaradılmışdır.

Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsinin 4-cü maddəsində deyilirdi, “Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütiin vətəndaşlarına siyasi hüquqlarını və vətəndaşlıq hüququnu təmin edir.”Bu hüquqi və siyasi sənəd Azərbaycan Xalq Cümhuriyyəti daxilində yaşayan bütün xalqların dini və məzəhəb hüququnun siyasi və hüquqi təsbiti demək idi.
Sovet dövrü Azərbaycanınının dini-mənəvi mühitini və sovet rejiminin dinə münasibətini bir cümlə ilə ifadə etmək yetərlidir. Ateizm fəlsəfəsinə söykənən bir totalitar rejim, “Allahsızlar Komitəsi”nin fəaliyyət göstərdiyi bir cəmiyyət, qətliamlara, repressiyalara, milli-mənəvi deformasiyaya düçar edilmiş bir toplum, mənəvi və cismani zorakılığa məruz qalsa belə daxilindəki imanı, mənəvi dəyərləri əzmkarlıqla hifz edərək gələcək nəsillərə ötürməyi bacaran dəyanətli Azərbaycan xalqı.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” əsərində qısa və lakonik şəkildə Sovet totalitar cəmiyyətini bu şəkildə təsvir etmişdir: “Nizaminin “cənnət şəhəri” dindardır, Sovet cənnəti isə dinsizdir. Birinci Allahı tanıyır, o biri isə rədd edir. Birincidə yalan söylənməz, ikincidə isə yalan ən böyük təbliğat silahıdır. Birincidə sevgi əsas, ikincidə isə nifrət hakimdir. Birincidə anlaşma əsas ikən, ikincidə sinif qovğası əsasdır. Birincidə heyvanlar belə təhlükəsiz yaşadığı halda, ikincidə insanlar daim ölüm qorxusu altındadır.”
Hazırda Müstəqil Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsədə, İslam dini üstün mövqe tutmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir.

Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna malik olduğunu təsbit edir və həmin hüququ həyata keçirməyə təminat yaradır.
Qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətinin dini-fəlsəfi dünyagörüşü, məzhəb mənsubiyyətindən asılı olmayaraq, tolerant, liberal və dünyəvi xarakterlidir. Bu amillər bizi digər müsəlman dövlətlərindən fərqləndirən əsas xarakterik xüsusiyyətlərdəndir.

Bu gün Azərbaycan cəmiyyətində “mili kimlik və din” münasibətlərinə elmi-nəzəri və praktikiəsaslara söykənən çoxsaylı yanaşmalar və fərqli izahlar mövcuddur. Fərqli düşüncələrə və subyektiv təhlillərə əsaslanan bu tipli yanaşmalar təhlil olunarkən dövlət və dövlətçilik məsələləri nəzərə alınmalı və Azərbaycan dövlətinin ali maraqları ön planda olmalıdır.
Siyasi və sosial - mədəni sahədə özünün həssas dövrünü yaşayan Azərbaycan cəmiyyətində dini şüur, milli şüur və dünyəvi dəyərlər heç zaman qarşı-qarşıya qoyulmamalı, bu üçlü formul vəhdət halında dəyərləndirilməlidir. Üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı Azərbaycandamilli, dini və dünyəvi birliyin təməl və vəhdəti olmalıdır.

Müstəqilliyimizin və etnik-siyasi vahidliyimizin əsas təminatçısı olaraq cəmiyyətimizin ideoloji dəyərlər sisteminə çevrilən azərbaycançılıq ideologiyası da Azərbaycan Respublikasının siyasi-ideoloji və mənəvi birliyinin qorunmasında, dövlətimizin təhlükəsizlik sisteminin formalaşmasında müstəsna rola malikdir.

 





22.06.2021    çap et  çap et