525.Az

Bu il ixtisas seçiminə hansı amillər təsir edəcək? – Ekspert şərh edir


 

Bu il ixtisas seçiminə hansı amillər təsir edəcək? – <b style="color:red">Ekspert şərh edir   </b>

Hər il olduğu kimi bu il də may-iyul aylarında abituriyentlərin universitet, kollec və peşə məktəblərinə qəbulu üçün imtahan və ixtisas seçimi mərhələləri başlayıb. Məlumdur ki, dünyada baş verən müxtəlif proseslər və fərqli sahələrin inkişafı, abituriyentlərin ixtisas seçiminə müəyyən qədər də olsa təsir edir. Ancaq seçimlərdəki ən böyük mənfi cəhətlərdən biri odur ki, hələ də kosmik sahəyə bağlı ixtisaslara maraq çox azdır. Eyni zamanda danılmazdır ki, bu il həm koronavirus pandemiyası, həm də qələbə ilə başa çatan Vətən müharibəsi abituriyentlərin ixtisas seçiminə də öz təsirini göstərəcək.

Bu təsirlərin hansı ixtisaslarda özünü necə göstərməsi barədə təhsil eksperti Kamran Əsədov  525.az-a açıqlama verib. Ekspert bildirib ki, bu il 1-ci ixtisas qrupu üzrə abituriyentlərin sayının daha çox olması texnologiya ixtisaslarına marağın yüksələcəyinin göstəricisidir:

 

“İstər pandemiya, istərsə də zəfərlə nəticələnən 44 günlük müharibəmiz ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçiminə bilavasitə öz təsirini göstərib. Məlum oldu ki, dünyanın yeni bir dövrə, texnologiya və kompüter elmləri üzrə ixtisaslara daha çox ehtiyacı olacaq. Eyni zamanda, pandemiya dövrü qida təhlükəsizliyi, ekologiya və səhiyyə ilə bağlı ixtisaslara marağı ciddi şəkildə artırıb. Artıq Azərbaycanda ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsi başa çatıb. Müəyyən bal toplayan abituriyentlər seçim edərkən daha çox qeyd etdiyim istiqamətlərə meyillənirlər. Onlar bu ixtisasların əmək bazarında rolu, keçid balları, müsabiqə şərtləri, tədris olunan fənlərlə bağlı araşdırma və müqayisələrə başlayıblar. Bu onu göstərir ki, pandemiya təsirini təkcə təhsilalma və təhsilverməyə yox, abituriyentlərin ixtisas seçiminə də göstərib. Ona görə də, gələcəkdə bütün xidmət sektorlarında və dövlət orqanlarında kompüter elmlərinin, informasiya təhlükəsizliyinin və kompüter mühəndisliyinin rolu danılmazdır. Təbii ki, bu, abituriyentlərin marağını ciddi şəkildə artırır. Hesab edirəm ki, onlar gələcəkdə bu ixtisaslar üzrə əmək bazarında daha uğurlu olacaqları qənaətindədirlər”.

Ekspert onu da vurğulayıb ki, ölkəmizdə bu gün kosmik sanaye və  astronomiya üzrə ixtisaslara maraq azdır:

“Marağın az olmasının əsas səbəbi isə bu ixtisaslar üzrə iş yerlərinin az olması və Azərbaycanın kosmik sahələr üzrə uğur əldə etməməsinin nəticəsidir. Çünki bu ixtisaslar üzrə kadr hazırlığı daha çox dünya üzrə nüfuzlu universitetlərdə həyata keçirilir. Ölkəmizdə o ixtisaslar populyar olur ki, fənni tədris edən müəllimlər həmin sahə üzrə mütəxəssisdirlər. Amma Azərbaycanda  müəllimlər astronomiya, kosmik sanaye və səma cismləri ilə bağlı fənlər üzrə o qədər də ixtisaslı deyillər. Bir çox hallarda bu və ya digər sahənin mütəxəssisləri yalnız nəzəri bilikləri tələbələrə çatdırır. Bu da tələbələrin həmin ixtisaslara qarşı marağını formalaşdırmır. Bu gün Milli Aviasiya Akademiyasına qəbul olan tələbələrin ballarına baxanda görürük ki, digər universitetlərdən o qədər də fərqlənmir. Halbuki neft, qaz sahəsi üzrə Bakı Ali Neft Məktəbinə daha çox tələbə gedir. Həmin ali təhsil müəssisəsi, demək olar ki, ixtisas qrupu üzrə ən yüksək bal toplamış abituriyentləri qəbul edir. Hətta bu gün baxıb görürük ki, Bakı Ali Neft Məktəbi Azərbaycanda 1-ci ixtisas qrupu üzrə 700 bal toplayan bütün abituriyentləri özünə cəlb edə bilir. Amma biz bunu digər universitetlərdən görə bilmirik.

Bunun əsas səbəbi tədrisin keyfiyyəti ilə bilavasitə bağlıdır. Yəni Azərbaycanda bu gün kosmik sanaye, astronomiya üzrə ixtisaslara maraq azdır. Amma Türkiyənin özündə belə ali təhsil müəssisələrində təyyarə mühəndisliyi, kosmik sanayeyə çox ciddi maraq var. Bunun nəticəsidir ki, universitetlərin məzunları “Bayraktar” kimi pilot layihələrini həyata keçirdilər. Azərbaycan da bundan yararlandı. Dünya texnologiya dövrünə qədəm qoyub. Hesab edirəm ki, biz xarici mütəxəssisləri cəlb etməklə maraq oyada, mütəxəssis yetişdirə bilərik. Sırf göstəriş xətrinə plan yeri açmaq lazım deyil. Artıq dron, insansız hava nəqliyyatları dövrüdür. Bu təkcə müharibə dövründə yox, dinc vaxtda da daşımaları həyata keçirə bilər”.

Aytac Aslan

 





23.06.2021    çap et  çap et