525.Az

Dövlət Komitəsi 20 yaşında - Yubiley


 

MÜBARİZ QURBANLI: "BU 20 İL DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN YARADILMASI İLƏ BAĞLI QƏRARIN NƏ QƏDƏR DOĞRU VƏ ZƏRURİ OLDUĞUNU BİR DAHA TƏSDİQLƏDİ"

Dövlət Komitəsi 20 yaşında - <b style="color:red">Yubiley</b>

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 20 ili tamam olub.

Komitə ölkədə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir. Ümumiyyətlə, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, Dövlət Komitəsi fəaliyyət göstərdiyi 20 il ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli dini cərəyanların təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilib və onların həllində müsbət nəticələr əldə olunub. Dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Bu istiqamətdə Dövlət Komitəsi müvafiq dövlət qurumları, Qafqaz Müsəlmanları İdarəsi və digər dini konfessiyalarla birgə qarşılıqlı əməkdaşlıq edib.

M.Qurbanlının sözlərinə görə, Prezidentin xüsusi diqqət və qayğısının nəticəsi olaraq ölkədə dövlət-din münasibətləri təkmilləşməkdə və möhkəmlənməkdədir. Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığının təminatı sahəsində həyata keçirdiyi tədbirlər öz müsbət bəhrəsini verməkdədir: "Hazırda Azərbaycanda dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir. Təcrübə göstərir ki, bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə İslamın olduğu kimi təqdim edilməməsi dayanır. Məhz bu səbəbdən Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi önəm verir. Çünki dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, qarşıdurmaların qarşısı alınır".

Komitə sədri bildirib ki, maarifləndirmə işi Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Dövlət Komitəsi ölkədə dövlət-din münasibətlərinin, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini radikalizm meyllərinin qarşısının alınması, o cümlədən, milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işi aparır.

M.Qurbanlının dediyinə görə, ötən 20 il ərzində Dövlət Komitəsi tərəfindən ölkədə dini durumu hərtərəfli öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində radikal dini cərəyanların və ekstremist qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində müvafiq qurumlarla, o cümlədən, mərkəzi və yerli icra strukturları, hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirib: "Hesabat dövrü ərzində ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi baxımından da işlər davam etdirilərək müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Xaricdən gətirilən, eləcə də ölkədə yeni nəşr olunan dini təyinatlı ədəbiyyat öyrənilib, təhlil olunub, onlardan zərərlilərinin adları ölkədə nəşri və yayılması məqsədəuyğun hesab edilməyən dini təyinatlı ədəbiyyat siyahısına daxil edilib. Ümumilikdə ötən 20 il ərzində idxalla bağlı Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 25 min 368 adda dini məzmunlu ədəbiyyata baxılıb. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən 2725  adda dini məzmunlu ədəbiyyatın nəşrinə razılıq verilib".

Komitə sədri vurğulayıb ki, ümumiyyətlə, müstəqilliyimizin bərpasının ilk illərindən başlayaraq dövlət-din münasibətləri sahəsində irəli sürülən ideyaların bu günün reallıqları kontekstində oynadığı müsbət rol daha aydın görünür. Müasir dövrün çağırışları və Azərbaycanda dini münasibətlərin inkişaf səviyyəsi dinlə bağlı  dövlət siyasətində yeni prioritetlər və hədəflər müəyyənləşdirir. Məlumdur ki, dünyəvi dövlət quruluşu Azərbaycan xalqının mühüm tarixi nailiyyətidir.  Ölkə unikal tarixi-mədəni şəraitə, dini sahənin özünəməxsus xüsusiyyətlərinə, demokratik prinsiplərə əsaslanan dövlət-din münasibətlərinə malikdir ki,  bütün bunlar  dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. M.Qurbanlının sözlərinə əsasən, tarixi-dini abidələrimizin, o cümlədən, məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Təkcə bir faktı qeyd edək ki, sovetlər zamanı ölkədə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, indi bu rəqəm 2253-ə çatıb, ölkəmizdə 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə minlərlə məscid tikilib və əsaslı bərpa olunub. Bu proses indi də davam etməkdədir. Prezidentin müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işlərinin aparılması, Gəncədəki İmamzadə kompleksinin yenidən qurulması, Qafqazın ən möhtəşəm məscidi hesab edilən və Ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidinin, Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarının inşası və dini qurumlara dövlət büdcəsindən mütəmadi olaraq maliyyə vəsaitinin ayrılması xalqımızın ən yeni tarixinin şanlı səhifələrindəndir. Ötən müddət ərzində Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində tarixi kilsə və sinaqoqlar da təmir olunub, yeniləri inşa edilib. Bakı şəhərində Katolik kilsəsinin və dağ yəhudiləri üçün sinaqoqun inşası, Lüteran məbədinin bərpası və yenidən qurulması buna bariz nümunədir: "Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian, yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən, ölkədəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atıb. Son illər Fondun xətti ilə bir çox dini abidələr, o cümlədən, Xəzər rayonu Binə qəsəbəsində Möhsün Səlim və İmam Rza məscidlərində, Gəncə şəhərində Şah Abbas və Həzrət Zeynəb məscidlərində, Buzovna qəsəbəsində Cümə məscidində, Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahında, Bakı şəhərində yerləşən İmam Hüseyn məscidində təmir və bərpa işləri həyata keçirilib. Fondun dəstəyi ilə Bakıda yerləşən "Bakirə Müqəddəs Məryəm" Katolik Kilsəsi və Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində yenidənqurma və bərpa işləri aparılıb. Sevindirici haldır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda "Qiyaslı" məscidinin yenidən qurulması işlərinə başlanılması, həm də "Qazançı" kilsəsində bərpa işlərinin aparılması  dövlətimizin milli-mənəvi, tolerantlıq dəyərlərinə verdiyi önəmin növbəti təzahürüdür".

M.Qurbanlı qeyd edib ki, ölkədə bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də sağlam təməllər üzərində qurulub: "Fəxrlə deyə bilərik ki, son illər ölkə başçısının diqqət və qayğısı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti daha da təkmilləşdirilib. Arxada qoyduğumuz 20 il Dövlət Komitəsinin yaradılması ilə bağlı qərarın nə qədər doğru və zəruri olduğunu bir daha təsdiqlədi. Amma 20 illik tarix həm də bir həqiqəti göstərdi: dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində hələ çox işlər görülməlidir. Dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da artırılması, milli-mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində digər aidiyyəti qurumlarla birgə əməkdaşlığın  davam etdirilməsi, ölkədəki mövcud dini konfessiyalararası münasibətlərin, eləcə də multikultural və tolerant mühitin qorunub saxlanılması, dini radikalizmlə mübarizə çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsi Dövlət Komitəsinin gələcəkdəki fəaliyyətinin prioritetləri sırasındadır. Həmçinin, Dövlət Komitəsinin gələcək hədəfləri sırasında tabeliyində fəaliyyət göstərən qurumlarla - Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu ilə birgə ilahiyyatçı mütəxəssislərin, dini sahədə milli kadrların hazırlanması, habelə digər dövlətlərin oxşar qurumları ilə birgə əlaqələrin təkmilləşdirilməsi vəzifələri durur. Əminliklə deyə bilərik ki, Dövlət Komitəsinin kollektivi Prezident İlham Əliyevin etimadını doğruldacaq, onun rəhbərliyi altında, diqqət və qayğısı nəticəsində üzərinə düşmüş bu şərəfli vəzifəni uğurla yerinə yetirəcəkdir".

Sevinc QARAYEVA

 





23.06.2021    çap et  çap et