525.Az

İran prezidenti qadağalardan qurtula biləcəkmi?


 

İran prezidenti qadağalardan qurtula biləcəkmi?<b style="color:red"></b>

İyunun 18-də keçirilən prezident seçkilərində İbrahim Rəisiyə səs verən İran vətəndaşları heç şübhəsiz, öncə sosial-iqtisadi vəziyyətin dəyişəcəyinə ümid edirlər.

Son illər İran ağır iqtisadi böhran keçirir. Milli valyutanın sürətlə dəyərdən düşməsi, qiymətlərin bahalaşması bir neçə dəfə iri miqyaslı sosial etirazlara səbəb olub. Həmin etirazların qarşısı rejim tərəfindən sərt şəkildə alınsa da, iqtisadi problomləri güc tətbiq etməklə həll etmək olmur. Əksinə, gücə istinad etməklə dövlətin idarə olunmasını davam etdirmək cəhdi sosial-iqtisadi böhranı dərinləşdirir. Ali təhsili olmayan, bütün əmək fəaliyyəti cəza aparatı funksiyasını yerinə yetirən prokurorluq və məhkəmə orqanları ilə bağlı olan bir şəxsin dərin iqtisadi və ideoloji böhran keçirən İranı vəziyyətdən çıxarması möcüzə olacaq.

İran iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. İqtisadiyyatı böyük ölçüdə neftin istehsalı və satışından asılı olan ölkə beynəlxalq qadağalar səbəbindən neftin ixracatında ciddi problemlərlə üzləşib. Hər kəs anlayır ki, beynəlxalq qadağalar aradan qalxmasa, İran neft ixracatında nailiyyət əldə edə bilməyəcək. Belə olacağı halda İran iqtisadiyyatının böhrandan çıxması müşkül görünür. Bu çətin vəziyyəti aradan qaldırmaq üçün İranın yeni prezidenti fəal xarici siyasət aparmalıdır. İbrahim Rəisinin bu vəzifənin öhdəsindən gələ biləcəyi şübhə altındadır. Çünki  İbrahim Rəisinin adı ABŞ-ın və Avropa Birliyinin sanksiya tətbiq etdiyi şəxslərin siyahısındadır. İbrahim Rəisiyə qarşı beynəlxalq hüquq-müdafiə təşkilatlarının da sərt tənqidi münasibəti var. Belə bir vəziyyətdə olan adamın ölkəsini börandan çıxarmaq üçün beynəlxalq aləmdən dəstək ala biləcəyi mümkünsüz görünür. Bu isə sərmayələrin cəlb olunmasını və sərfəli ticarət müqavilələrinin bağlanmasını mümkünsüz edir. Əgər İbrahim Rəisi vəziyyəti dəyişə bilməsə, onun prezidentliyi illərində İranda sosial-iqtisadi böhranın daha da dərinləşəcəyini proqnozlaşdırmaq olar.

İbrahim Rəsinin üzləşdiyi çətinliklər bununla da bitmir. İslam İnqilabından sonra ilk dəfədir ki, İran dərin ideoloji böhranla üzləşib. İran İslam Respublikasının varlığını təmin edən islami dəyərlər gözdən düşür, rejimə rəğbət kəskin azalır. Bu, son iki ildə İranı sirkələyən etiraz aksiyalarında aydın görünürdü. İranın ali rəhbərinin ünvanına kəskin ifadələrin işlənməsi İslam inqilabından sonra ilk dəfə idi ki, müşahidə olunurdu. Son prezident seçkiləri isə son 40 ildə seçicilərin ən aşağı səviyyədə iştirak etdiyi seçki idi. Bunu hətta seçicilərin seçkini passiv baykotu kimi də dəyərləndirmək olar. İbrahim Rəisinin prezident seçilməsinə səs verənlər isə İranın ümumi seçicilərin 30 faizindən də azdır. Faktiki olaraq seçicilərin 70 faizindən artığı İranda yeni hakimiyyətin formalaşmasında ya iştirak etməyib, ya da ona qarşı olub. Belə bir vəziyyətdə İbrahim Rəisin nələr edə biləcəyini təsəvvürə gətirmək çox çətindir. Çox böyük ehtimalla demək olar ki, İbrahim Rəisinin prezidentliyi dövründə İranı çox çətin sınaqlar gözləyir.

 





23.06.2021    çap et  çap et