525.Az

Mədəniyyət naziri BMT-nin ali nümayəndəsi ilə görüşüb


 

Mədəniyyət naziri BMT-nin ali nümayəndəsi ilə görüşüb<b style="color:red"></b>

İyunun 21-də Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinosla görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir qonağı səmimi salamlayaraq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib. Otuz illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğulayıb, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb: "Biz inanırıq ki, təşkilat poskonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək".

Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir "Peace for Culture" layihəsi haqqında məlumat verib. Qeyd edib ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı Anar Kərimov Prezident İlham Əliyevin "Bakı prosesi" təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb. Vurğulayıb ki, "Bakı prosesi" mədəniyyət naminə sülh və siyasi məsələləri hər zaman prioritet saxlamağa yardımçı olacaq, əməkdaşlığımızda önəmli bir platforma rolunu oynayacaq.

Qonaq səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək qeyd edib ki, səfərinin məqsədi Azərbaycana dəstəyini nümayiş etdirməkdir. M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib, konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

 





23.06.2021    çap et  çap et