525.Az

Şuşanın musiqi məktəbləri və məclisləri


 

TANINMIŞ PUBLİSİST VASİF QULİYEVİN TƏQDİMATINDA

Şuşanın musiqi məktəbləri və məclisləri<b style="color:red"></b>

Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında Şuşa şəhərində yetişən xanəndə və musiqişünasların müstəsna xidmətləri var.

Qarabağ xanəndələri burda muğam sənətini daha da inkişaf etdirmiş, onu zənginləşdirərək bu günə qədər gətirib çıxarmışlar. Şuşanın klassik xanəndələri məlahətli, gözəl səsləri və sənətkarlıqları ilə bütün Qafqazda, Orta Asiyada, Yaxın və Orta Şərq ölkələrində məşhur olan böyük və möhtəşəm muğam ifaçılığı məktəbi yaratmışlar. XIX əsrin ikinci yarısında xanəndəlik və vokal sənətinin inkişafında Şuşada müxtəlif sənətkarların yaratdıqları musiqi məktəblərinin mühüm əhəmiyyəti olub.

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: "Xarrat Qulunun musiqi məktəbi-XIX əsrin məşhur musiqişünası, klassik Şərq muğamlarının kamil bilicisi, şair Xarrat Qulu Məhəmməd oğlu Yusifinin Şuşada yaratdığı bu məktəb dinə xidmət məqsədilə açılmışdı. Məktəbə gözəl səsi olan gənclər cəlb olunur, iştirakçılara dini mərasimlərin, xüsusilə məhərrəmlik təziyəsinin keçirilməsi üçün şəbih rollarında oynamaq, o cümlədən, Şərq musiqisinin əsasları, muğamlar, el havalarını düzgün oxumaq qaydaları öyrədilirdi. Həmin yığıncaqlar get-gedə sırf musiqi məclislərinə çevrilmiş, instrumental musiqinin, xanəndəlik və vokal sənətinin inkişafında Hacı Hüsü, Məşədi İsi, Qaraçı Əsəd, Şahsənəm oğlu Yusif, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaği Zülalov, Sadıqcan, Cabbar Qaryağdıoğli, Keçəçi oğlu Məhəmməd kimi bir sıra ustad sənətkarların yetişməsində əhəmiyyətli rol oynayıb.

Xarrat Qulunun vəfatından sonra 1883-cü ildə "Kor Xəlifə" ləqəbli bir musiqişünas onun yolunu davam etdirərək Şuşada yeni musiqi məktəbi açıb. "Kor Xəlifə"nin musiqi məktəbi 1883-1893-cü illərdə dini xarakterli musiqi məktəbi olub. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən "Kor Xəlifə" ləqəbli Molla Əli Molla Kəlbəli oğlu tərəfindən açılıb. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şair və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində ifa etmək də öyrədilir, klassik musiqi əhali arasında geniş təbliğ olunur, şagirdlər kamil bir musiqişünas kimi formalaşır, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri təşkil edilir, daha çox istedadlı gənclər üzə çıxarılır, onları həvəsləndirmək üçün mükafatlar verilirdi. Şagirdlər xalq və şəbih tamaşalarında, müxtəlif dini mərasimlərdə, xüsusilə məhərrəmlik mərasimlərində daha fəal iştirak edir, həmin tədbirlərin daha təntənəli, təsirli və yüksək səviyyədə keçməsinə çalışırdılar.

Onillik fəaliyyəti dövründə "Kor Xəlifə"nin məktəbi nəinki Qarabağda, hətta qonşu vilayətlərdə və İranda da tanınıb. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində, vokal və çalğı musiqisinin tərəqqisində bir çox ustad sənətkarların, musiqi xadimlərinin yetişməsində böyük rol oynamış, Azərbaycan musiqisinin inkişafına təsiredici təkan vermişdir.

1893-cü ildə "Kor Xəlifə" vəfat edəndən sonra məktəb sahibsiz qalmış, bir müddət sonra isə bağlanmışdır.

 

XIX əsrin axırlarında Şuşada açılan Molla İbrahimin musiqi məktəbi özündən əvvəl fəaliyyət göstərən məktəblər kimi dini xarakter daşıyır, təlim fars dilində keçilirdi. Məktəbə 10 yaşından 12 yaşınadək yalnız gözəl səsi, poeziyaya xüsusi həvəsi olan, həmçinin gələcəkdə məhərrəmlik taziyələrində kişi rolları ilə bərabər, qadın və qız rollarını da ifa etmək üçün yüksək səsə malik istedadlı uşaqlar qəbul edilirdi. Məktəbdə klassik muğam dəsgahları, onların nəzəriyyəsi, quruluşu, tərkibi, ifası, eyni zamanda, ərəb, fars, türk dilləri, dini mərasimlər, şəbihgərdanlıq, Hafiz, Nizami, Sədi, Xəyyam, Füzuli, Zakir, Seyid Əzim Şirvanı, Tofiq Fikrət kimi Şərq şairlərinin qəzəlləri öyrədilirdi. Ümumiyyətlə, götürdükdə bütün diqqət dini misteriyalara - şəbih üçün müğənnilər yetişdirilməsinə verilirdi. Burunda və boğazda oxumaq qadağan idi, çünki bu, xoşagəlməz hal hesab olunurdu.

Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Mehralı oğlu Bahadır, Bülbül və başqa sənətkarlar ilk musiqi təhsillərini Molla İbrahimin məktəbində almışlar. Məktəb XX əsrin təxminən ikinci onulliyinin axırlarına qədər fəaliyyətini davam etdirib.

XIX əsin axırlarında məşhur musiqi xadimi Xarrat Qulu Yusifinin vəfatından sonra böyük muğam ustası Hacı Hüsünün yaxından iştirakı ilə musiqişünas-alim Mir Möhsüm Nəvvab Qarabağinin Şuşada təşkil etdiyi musiqi məclisi həm də "Xanəndələr məclisi" adlanırdı. Burada əsas məqsəd yeni xanəndələr nəsli yetişdirmək, xanəndəlik sənətini xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək idi. Bəzən "xanəndələr ittifaqı" adlandırılan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynayıb. Məclisdə vaxtaşırı musiqi yarışları, muğam müsabiqələri keçirilir, gənc istedadlar üzə çıxarılırdı. Məşədi İsi, Keştazlı Haşım, Şahsənəm oğlu Dəli İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz Abbas, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Malıbəyli Həmid, Xanlıq Şükür, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev kimi sənətkarlar məclisin yetirmələri və eyni zamanda əsas üzvləri idilər.

"Xanəndələr məclisi" Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında, yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynayıb".

 





23.06.2021    çap et  çap et