525.Az

Yerlərdə qadın fermerlərin fəaliyyətinə daha bir dəstək


 

QADIN TƏSƏRRÜFATÇILARLA GƏDƏBƏYDƏ İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB

Yerlərdə qadın fermerlərin fəaliyyətinə daha bir dəstək<b style="color:red"></b>

Ölkəmizin iqtisadi və ictimai həyatında qadınların rolu gündən-günə artır, onlar Azərbaycanın  inkiafı naminə bütün sahələrdə get-gedə daha yüksək əzm və işgüzarlıq nümayiş etdirirlər.

Artıq aqrar sektorda da uğurla fəaliyyət göstərən qadın təsərrüfatçılarımız az deyil. Onların bu sahədə daha böyük müvəffəqiyyətlərə nail olmasını təmin etmək üçün dövlətin dəstəyi ilə ardıcıl tədbirlər həyata keçirilir.

Gədəbəy rayonunda "Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" layihəsi çərçivəsində kənd təsərrüfatı ilə məşğul olan qadınlarla işgüzar görüş keçirilib.

"FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı" çərçivəsində həyata keçirilən layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə icra olunur.

Görüşdə layihəyə qatılan qadın sahibkarlara göstərilən dəstəkdən yararlanma məsələlərinin vəziyyəti, həmçinin, onların tekniki dəstəklə bağlı ehtiyacları müzakirə edilib. Həmçinin, qadın fermerlərin təklifləri dinlənilib, onlara gələcəkdə də yeni dəstək yollarının göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

"Dövlətimiz kənd təsərrüfatında çalışanlara, o cümlədən, qadın fermerlərə hərtərəfli kömək edir. Mütəmadi olaraq, bizimlə görüşlər keçirib, təsərrüfatçıların qayğıları ilə maraqlanırlar, sağ olsunlar. Bu cür həssas yanaşma aqrar sahədə məşğulluğun artmasına müsbət təsir edir, biz qadın fermerlər də dövlətin bu dəstəyindən yararlanıb, bölgələrimizin həyatında daha fəal rol oynayacağıq", - deyə Gədəbəydən olan qadın fermer Rüxsarə Məmmədova fikirlərini bölüşür.

"Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" layihəsi Azərbaycanın 12 rayonunda həyata keçirilir. Qazax, Ağstafa,  Tovuz,  Ağdam, Tərtər, Gədəbəy,  Şamaxı, İsmayıllı, Şəki,  Qax, Zaqatala və Balakən rayonundan olan 250 nəfərə yaxın qadın təsərrüfatçı bu layihədən yararlanır. Layihənin məqsədləri kənd qadınlarının innovativ texnologiyalar və bazara çıxış sahələrində texniki bilik və bacarıqlarını artırmaq, kənd qadınlarının iqtisadi imkanlara bərabər çıxışını təmin etmək, onların öz  təsərrüfat sahələrini inkişaf etdirməsinə yardım etməklə ərzaq təhlükəsizliyi məsələlərini daha da yaxşılaşdırmaqdır.

Zakir Muradov
Gədəbəy

 





25.06.2021    çap et  çap et