İtkilər böyüdür insanı, müdrikləşdirir. Bəlkə bir az da təmkinli, ağayana edir. Çünki itirdikcə qorxuların çıxır canından. Daha hər balaca təhlükəyə təlaşla, əsə-əsə yanaşmırsan. İtirməyə də vərdiş edirsən zamanla. Həyatla hesablaşmağı, onun qanunları ilə yaşamağı, qaydalara tabe olmağı öyrənirsən. Anlayırsan ki, böyük qazancların ardınca çox ciddi bir itki gəlməlidi, bütün başlanğıcların sonu var. Və özünü göyə qaldırıb yerə vursan da, dəridən-qabıqdan çıxsan da, son qaçılmazdı. Əslində, bunu dərk etməyin təslim bayrağı qaldırmaq, çərçivələrə sığmaq, sıradan biri olmaq demək deyil. Sadəcə böyümüsən, daha ayağını yerə vurub “YOX!” deyən uşaq deyilsən. Amma bu, acizlik yox, müdriklikdi, məncə.
Ən dəhşətlisi və dözülməzi isə özünü itirməyindi. Günlərin bir günü ayılıb görürsən ki, yoxsan, hardasa unutmusan özünü, itirmisən. Sanki heç tanımırsan bu yeni mənini. Yaddaşını alıblar elə bil... Heç cür xatırlaya bilmirsən ki, nə baş verdi, necə oldu! Gündüzlər bir təhər qatırsan başını, kənardan, yad biri kimi müşahidə edirsən təzə adamı. Anlamağa, dərk etməyə çalışırsan. Zahiri parıltılarla gizlədirsən itkini... Sanki elə həminkisən, heç nə dəyişilməyib, o şuxluğun da yerindədi.
Amma gecə! Gecələr! Yaddaşını əzik-üzük, köhnə əlyazmalar kimi tapırsan künc-bucaqdan... yenə, bir də itirməkdən qorxaraq asta-asta vərəqləyirsən xatirələrini! Öz qəhqəhələrini, gülüşlərini eşidirsən, keçmişdə, çox uzaq, lap uzaq keçmişdə qalmış sevinclərin gəlir gözünün önünə. Qəribə bir təklik alır canını. Dünyanın ən tənha insanı sanırsan özünü... Qəhər boğur səni güzgüyə baxınca. Bu yeni adama da heç öyrəşə bilmirsən. Çürükçü bir alim, tədqiqatçı kimi araşdırmağa başlayırsan həyatını... Səhvlərini başa düşməyə çalışırsan. Anlayırsan ki, dərdin çox mücərrəddi, gözlə görünmür, əllə toxunmaq olmur ona. Buna görə də yoxdu çıxış yolun, əndrəbadi hisslərinin, ovqatının əlində acizsən!
Sevgini itirincə, özünü də itirmisən! Kimsə demişdi, öyrəşdirmə özünü belə yaşamağa! Yuvarlandığın boşluqdan çıxa bilmirsən heç nə ilə... Uzanan əllər də gücsüz görünür sənə! Üzünü yan tutursan sevgi dolu baxışlardan... Daha o adam deyilsən, yenisən, təzəsən ona görə... İlqar Fəhminin “Mən ki zülmət gecələrdə azıb itmiş kimiyəm” misrasıyla başlayan qəzəlində də insanın bu halı, özünü, yəni sevgisini itirmiş adamın ovqatı ifadə olunub. Qəzələ anlaşıqlı dil gətirən, “gündəlik ifadələri”, kənardan adi görünən təsvirləri sehrləməyi bacaran İlqar bu şeirində də özünəməxsusdu. Qəzəlin hər misrası ayrıca bir şeirdi əslində. Şair hər beytdə o ağrını, itkini müxtəlif formalarda təsvir edir. Və bütün təsvirlər kədərlidi, çox kədərli. Çünki hamısı tənhalığı ifadə eləyir. Mövzunun ağırlığı, üstəgəl şairin qəmli intonasiyası şeirin təsir gücünü bir az da artırır.
Sevgisini, özünü itirmiş, son dərəcə bədbin görünən insanın “danışıq tərzi” maraqlıdı burda... öyrəşdiyimiz ittiham tonu yoxdu şeirdə. Şair sadəcə dərdini bölüşür, özündən danışır. Hətta “yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm”, yaxud “...onu bir isti xəyanətdə əritmiş kimiyəm...” misralarında da acıq vermək, sancmaq niyyəti duyulmur. Böyük, çox böyük dərdin dilləndirdiyi kaman musiqisi kimi səslənir bu misralar... Və yəqin ki, aşiqin özünü bitmiş, qəmli mahnıya bənzətməsi də təsadüfi deyil burada!
Şair misradan-misraya dərdini danışır və dərinə getdikcə zülmət bir qaranlığa qərq olur sanki... Qəzəlin əvvəlində dediyi zülmət gecədə azıb itir. Və elə bu qaranlığın içərisindən çox qəmli bir “etiraf” gəlir: “... bilirəm hər şeyi mən!” Ən böyük dərd də budu. Hər şeyi bilməyin...
Bilməsəydin, kaş ki bilməsəydin!
İlqar Fəhmi: “Demə buzdur ürəyin...”
Mən ki zülmət gecələrdə azıb itmiş kimiyəm,
Öz yanımdan da gözüm görməyib ötmüş kimiyəm.
Necə dərin yara vursan da mənə ağrısı yox,
Yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm.
Demə buzdur ürəyin, məndə ürəkdən yox əsər,
Onu bir isti xəyanətdə əritmiş kimiyəm.
Nəfəsimdə daha əvvəlki odu axtarma,
Baxma yanındayam, amma elə getmiş kimiyəm.
Əbədi musiqi yox, mən də sənin ömründə,
Qəmli bir mahnı idim ki daha bitmiş kimiyəm.
Olduğundan ki böyük zənn eləmişdim səni mən,
Ondan ötrü sənə dünyanı dar etmiş kimiyəm.
Söyləmə dərdini, Fəhmi, bilirəm hər şeyi mən,
Deməmişdən elə zənn eylə eşitmiş kimiyəm.
çap et