525.Az

Paytaxt rayonlarında ingilis layihəsinin tətbiqi uğurla davam edir


 

Paytaxt rayonlarında ingilis layihəsinin tətbiqi uğurla davam edir<b style="color:red"></b>

Artıq üçüncü ildir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası uğurla həyata keçirilir. İlkin zamanda Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunub. Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq bu il martın 1-dən paytaxtın Nizami,  aprelin 1-dən Nəsimi və mayın 1-dən isə Yasamal rayonları da bu layihəyə qoşulmuşdur. Layihənin tədbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda konteyner meydançası yaradılib, meydançalara  2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb.

525.az xəbər verir ki, sakinlərin rahatlığı üçün ilkin mərhələdə Bakı Şəhər və  Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin  könüllülər bu işlərə cəlb edilib, geniş maarifləndirici işlər aparılıb.

Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasina aprel ayında başlanılan Nəsimi rayonunda artıq ilkin müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nəsimi rayonunda aprel ayının ilk günlərdən 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Hazırda bu rəqəm gündəlik təqribən 20-25 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Nəsimi rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər ki, onlara da öz minnətdarlığımızı bildiririk.

Həmçinin qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir  avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olmuşdur.

Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına  və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.

 





25.06.2021    çap et  çap et