525.Az

ADMİU-da Vətən müharibəsinə həsr olunmuş “Zəfər lövhəsi”nin açılışı olub


 

ADMİU-da Vətən müharibəsinə həsr olunmuş “Zəfər lövhəsi”nin açılışı olub<b style="color:red"></b>

İyunun 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə ADMİU-nun II Qarabağ müharibəsində iştirak etmiş döyüşçüləri və şəhidlərinin şərəfinə hazırlanan “Zəfər” lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və ADMİU-nun döyüşçü məzunları iştirak ediblər.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ceyran Mahmudova qeyd edib ki, II Qarabağ müharibəsində ADMİU-nun 50-dən çox nümayəndəsi iştirak edib və şərəflə döyüşüb. Onlar arasında əməkdaşlar, tələbələr və məzunlar var: “Üç məzunumuz şəhidlik zirvəsinə ucalıb. Bir sıra döyüşçümüz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən medallarla təltif olunub. Biz universitet olaraq hər biriylə fəxr edir, müharibə dövründə necə onlara dəstək olmağa çalışırdıqsa, bundan sonra da hər zaman yanlarında olmağa çalışacağıq. Çünki bu, bizim vətəndaşlıq borcumuzdur. Onların sayəsində Azərbaycan xalqının 30 illik torpaq həsrəti başa çatdı. Bu gün Qarabağ və bütün torpaqlarımız azaddır. Bu günlərimiz özündən sonrakı nəsillərə də ən gözəl nümunədirlər”.

Rektor 24 iyun tarixində Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında yeni medallarla təltif olunmuş ADMİU-nun Vətən müharibəsi iştirakçılarının da adlarını çəkib, onları universitetin kollektivi adından təbrik edib.
ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli çıxışında deyib: “Gün o gün olsun ki...
İllərdir əlamətdar günlərdə dilədiyimiz dilək…

Bu gün biz bu arzumuza yetmişik. Bizi bu arzuya çatdıran Ali Baş Komandanımız, müzəffər ordumuzdur. Qarşılarında durduğumuz bu gənc balalardır. Onlar Azərbaycanı qarış-qarış, kənd-kənd işğaldan azad etdilər. 44 günə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Qarabağ məsələsinə nöqtə, nida qoyuldu. Şəhidlik də, qazilik də şərəf zirvəsidir. İgid oğullarımız özlərini düşünmədən bu zirvəyə atıldılar və qalibiyyət qazandılar. Onların hərəsi bir bədrlənməmiş hilaldır. Və nə qədər ki, Azərbaycan müstəqildir, bu müstəqillik isə əbədidir. Hər dəfə üçrəngli bayrağımız şərəflə, qürurla dalğalananda o bayrağda əbədi həkk olunmuş bədrlənməmiş hilal görünəcək. Bu igid oğulların nişanəsi hilal. Bildiyimə görə, bu günlərdə 100-cü şəhid balası gəldi dünyaya. Bizim borcumuz o balaların boynubükük olmaması üçün çalışmaqdır. Çünki onların ataları bizim əyilmiş qəddimizi dikəltdi”.

 

Daha sonra ADMİU-nun Ümumi işlər üzrə prorektoru Təriqəddin Həmidov, ADMİU-nun rektorunun müşaviri, dosent Nigar Rüstəmova, ADMİU Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, kafedra müdirləri, professorlar Əli Əmirli və Gülşad Baxşıyeva, ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov çıxış edərək bildiriblər ki, Azərbaycan ordusu və xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiylə qısa müəddətdə elə bir zəfərə nail oldu ki, bu, müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olundu. Bundan sonrakı nəslin əsas missiyası şəhidlərimizin, qazilərimizin qanı, ordumuzun əzmi və xalqımızın birliyiylə qazanılmış bu möhtəşəm qələbəyə layiq olmaq və torpaqlarımızı gözbəbəyi kimi qorumaqdır.

Tədbirdə ADMİU-nun Vətən müharibəsi iştirakçıları da çıxış ediblər. Universitetin Televiziya və Kino-Tədris studiyasının video mexaniki - operatoru Azər Həsənov çıxışında öz atasının da I Qarabağ Müharibəsi veteranı olduğunu bildirib. Qeyd edib ki, müharibə başlanandan bir gün sonra-28 sentyabr tarixində könüllü ordu sıralarına qatılıb və müharibənin sonuna kimi döyüşüb, sonra isə azad olunmuş ərazilərin müdafiəsində iştirak edib. Bu müddətdə və müharibədən sonra da onlara, ailələrinə göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edən A.Həsənov yaradılan “Zəfər” lövhəsini də təqdirəlayiq hal hesab etdiyini vurğulayıb.
ADMİU-nun məzunu, aktyor, Vətən müharibəsi iştirakçısı Şahmar Məmmədov öz çıxışında istər tələbəlik dövründə, istərsə də, müharibə zamanı universitet rəhbərliyindən hər zaman diqqət, qayğı gördüyünü vurğulayıb. Keçdiyi döyüş yolundan bəhs edən Ş.Məmmədov bu azadlıq sevincini Azərbaycan xalqına yaşadanlar arasında özünün də adının olmasından böyük qürur hissi keçirdiyini bildirib.

Tədbirdə iştirak edən döyüşçülərdən Tərlan Əsgərli, Röyal Allahverdiyev, Ceyhun Əlizadə, Səlimov Əli, Cavid Arzumanov, Xankişi Bağırov, hərbi xidmətdə olduğu üçün qatıla bilməyən Kənani Əlirzanın anası Firuzə xanım və başqaları göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Sonda döyüşçülərə ADMİU tərəfindən hədiyyələr təqdim olunub.

 

 

 


 

 





25.06.2021    çap et  çap et