525.Az

Arzunu yox, Zəfəri alqışlayırıq... - Məhsəti Musanın yazısı


 

Arzunu yox, Zəfəri alqışlayırıq... - <b style="color:red">Məhsəti Musanın yazısı </b>

İş rejimi, vaxt azlığı ucbatından övladlarıma çox qayğı göstərə bilmirəm. Nə deyim, bu bir ağrı kimi qalır ürəyimdə.

Bugünlərdə, daha doğrusu, iyunun 25-də səhər tezdən fikrimdə Silahlı Qüvvələr Günü ilə bağlı yazını necə başlayacağımı  götür-qoy edə-edə işə getməyə hazırlaşırdım. Eyni zamanda, yatmış övladlarıma da baxıb köks ötürdüm. "Görəsən mən bunların yaddaşında necə bir ana kimi qalacağam, görəsən onlar üçün bugünədək birgə keçirdiyimiz hansı gün daha yaddaqalan olub" deyə düşündüm. Bu vaxt qızım, sonra da oğlum yuxudan oyanıb mənimlə salamlaşdılar. Qeyri-ixtiyari onlara sual verdim:

- Bugünədək sizin üçün daha özəl, daha gözəl gün hansı olub?

Oğlum dilləndi:

-  2 aprel.

Həmin gün oğlumun doğum günüdür. Elə bildim onu nəzərdə tutur. Soruşdum:

-Yox ey, onda gəl belə deyək, qeyd etdiyimiz doğum günlərindən hansı daha yaddaqalan olub?

Oğlum qımışdı:

-Ana, nə ad günü? Aprel döyüşlərini deyirəm. Axı biz torpaqlarımızı azad etməyə onda başladıq?!

Baxmayaraq ki, onda daha kiçik idi,  həmin günü özəl gün kimi yadda saxlamağına çox sevinirəm. Oğlum davam edir:

-Bir də 8 Noyabr.

Bacısı da ona qoşulur:

- Hə, 8 Noyabrda axı Şuşa azad edildi.

Qəhər məni boğur. Səhərdən qəlbimi üzən narahatçılıq, onlara vaxt ayıra bilməməyim, birlikdə keçirdiyimiz xüsusi günlərin az olması ilə bağlı yaşadığım gərginlik bir anda yox olur. Bu uşaqlar hardan alıblar bu ruhu? Bunlara vaxt ayırmadığım halda necə belə yetişiblər?

Lakin bu vaxt  xatirələr çözələnir. Vətən müharibəsi zamanı böyüklərlə yanaşı, bax beləcə kiçik uşaqların sevinci, həyəcanı, televizor qarşısında saatlarla əyləşərək Ali Baş Komandanın daha bir qələbə xəbərini verməsini gözləmələri, ağır artilleriyadan atəş açılarkən ev silkələnəndə qorxmaq əvəzinə "Vur, komandir, vur!" deyə sevincə çığırmaqları...  Həmin günlərdə biz ailə olaraq eyni həyəcanı yaşayırdıq. Eyni vaxtda sevinir, eyni vaxtda qələbə müjdəsini gözləyirdik. Uşaqlı-böyüklü Zəfərimizin elan olunması xəbərini eşitmək istəyirdik. Bax onda bir yumruq olmuşduq. Həm xalq olaraq, həm ailə içində... Uşaqlı-böyüklü arzumuz, istəyimiz, gözləntimiz, sevincimiz eyni idi. Övladlarımın yaddaşında sən demə həmin günlər həm də bizim birgə keçirdiyimiz gözəl günlər kimi  qalıb. Bütün bu hissləri bizə yaşadan isə Azərbaycan Ordusu idi. İllərin sükunətini, qorxusunu, bədbin ruhunu, inamsızlığını vurub parçalayan Azərbaycan Ordusu...

Hər il Silahlı Qüvvələr Günü münasibətilə  hərbi hissələrdə təşkil olunan tədbirlərdə hərbçilərimizə qalib ordunun əsgəri olmağı diləyirdik. Hər dəfə bu arzu böyük alqışlarla qarşılanırdı. 2021-ci ildə isə artıq biz arzunu yox, qələbənin özünü alqışlayırıq...

... Bayaqkı ruh düşkünlüyüm böyük sevinclə əvəzlənir. Balacaların üzündən öpüb işə yollanıram.Yox, bu dəfə mən Silahlı Qüvvələr gününə hazırladığım yazıda Azərbaycan Ordusunun keçdiyi  yolun tarixindən heç nə yazmayacağam. Çünki artıq Ordumuz özü bir şərəfli tarix yazıb.

Bayramın mübarək, Azərbaycan Əsgəri!

Bayramın mübarək, Azərbaycan Ordusu!

 





26.06.2021    çap et  çap et