525.Az

Rusiyadan NATO-ya xəbərdarlıq - Avropa müharibəyə hazırlaşır?


 

Rusiyadan NATO-ya xəbərdarlıq - <b style="color:red">Avropa müharibəyə hazırlaşır? </b>

Rusiya Federal Təhlükəsizlik Xidməti ilhaq edilmiş Krım yaxınlığında Böyük Britaniyanın döyüş gəmisinin yoluna doğru xəbərdarlıq atəşi açıldığını təsdiqləyən videogörüntülər yayımladı. Bununla da Rusiya hərbçilərinin "Defender" döyüş gəmisinə atəş açıb-açmaması ilə bağlı müzakirələrə son qoyulmuş oldu.

Məsələ ondan ibarətdir ki, Böyük Britaniya Müdafiə Nazirliyi "Defender" döyüş gəmisinə Rusiya hərbçiləri tərəfindən xəbərdarlıq atəşi açılması ilə bağlı Moskvanın iddialarını təkzib edirdi. İndi isə məlum olur ki, Rusiya Müdafiə Nazirliyinin "dövlət sərhədinin pozulmasına" görə "Defender" döyüş gəmisinin atəşə tutulması məlumatı həqiqəti əks etdirir. Böyük Britaniya Müdafiə Nazirliyinin hansı əsasla Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatı təkzib etməyə çalışması isə məlum deyil. İstisna deyil ki, rəsmi London bu məlumatların Böyük Britaniyada antirusiya əhval-ruhiyyəsini qızışdıra biləcəyindən ehtiyatlanaraq "Defender" döyüş gəmisi ətrafındakı məlumatı təkzib etməyə çalışıb.

Böyük Britaniyanın bu mövqeyinin əsl səbəbi bilinməsə də, orası məlumdur ki, Rusiya Qərb dövlətləri ilə müharibəyə səbəb olacaq hərəkətlərdən çəkinmir. Bu qənaəti yaradan məqam isə yalnız "Defender" gəmisinə yönəlik xəbərdarlıq atəşinin açılmasından və zərbə endiriləcəyi ilə bağlı təhdid edilməsindən ibarət deyil. Məlum olduğu kimi, 28 iyun-10 iyul tarixləri arasında Qara dənizdə Ukrayna və NATO hərbi birləşmələrinin birgə "Sea Breeze" adlı hərbi təlimləri keçirilməlidir. Böyük Britaniyanın döyüş gəmisi də bu məqsədlə Qara dənizin beynəlxalq hüquqla Ukraynaya məxsus olan ərazi sularına daxil olub. Rusiya isə bu ərazilərin ona məxsus olduğunu iddia edərək öz hüququnu qorumaq üçün silaha əl ata biləcəyini nümayiş etdirib.

Rusiyanın müharibəyə əl ata biləcəyi təəssüratını yaradan ən ciddi məqam isə Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransında Prezident Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu və Federal Təhlükəsizlik xidmətinin rəisi Aleksandr Bortnikovun çıxışında səslənən fikirlərdir. Bu konfrans bir qayda olaraq Rusiyanın xarici siyasəti ilə bağlı tərəfdaşları və rəqibləri məlumatlandırmaq məqsədi daşıyır. Konfransda Rusiyanın siyasi rəhbərliyinin əksər üzvlərinin iştirak etməsi, konfransı Prezident Vladimir Putinin açması da bu fikri təsdiqləyir. Budəfəki konfrans da istisna təşkil etməyib.

IX Beynəlxalq Təhlükəsizlik Konfransının açılışını bu dəfə də Prezident Putin edib. Konfrans üzvlərinə giriş sözü ilə müraciət edən Prezident Vladimir Putin NATO-nun Rusiyanın ətrafında güc cəmləşdirdiyini vurğulayıb. Müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Şimali Atlantika Alyansı Rusiya və Çinin qarşısını almaq istəyən təşkilata çevrilib. Rusiya müdafiə naziri Avropanı hərbi qarşıdurmaya meyl etməkdə də ittiham edib. Sergey Şoyqu hesab edir ki, NATO həm Avropada, həm də Asiyada Rusiya sərhədlərinə yaxın bölgələrə qoşunların operativ şəkildə yerləşdirilməsi üçün marşrutlar hazırlayır. Bundan başqa, Rusiya müdafiə naziri NATO-nu "Sea Breeze" təlimləri adı altında Ukrayna ordusuna hücum silahları verməkdə də ittiham edib. Sergey Şoyqu hesab edir ki, həmin müasir hücum silahları məqsədli şəkildə Ukraynanın millətçilərdən ibarət hərbi qüvvələrinə verilir. Sergey Şoyqu Avropada yaranmış vəziyyətin hər ana partlayışa səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib və gərginliyin aşağı salınması üçün təxirəsalınmaz addımların atılmasına çağırıb.

Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov isə terrorçuların sosial şəbəkələr vasitəsilə gəncləri öz tərəfinə çəkdiyini bəyan edərək bu halların qarşısını almaq üçün qanunvericiliyi təkmilləşdirməyə çağırıb.

Bu iki hadisə - Böyük Britaniyanın döyüş gəmisinin yoluna doğru xəbərdarlıq atəşi açılması və IX Beynəlxalq Təhlükəsizlik Konfransında Rusiya rəsmilərinin çıxışları, xüsusilə də müdafiə naziri Sergey Şoyqunun səsləndirdiyi bəyanatlar Rusiyanın NATO-ya xəbərdarlığı kimi dəyərləndirilir. Eyni zamanda, Rusiya bununla müharibədən çəkinmədiyini nümayiş etdirir.

Almaniya parlamentinin deputatı, "Solçular" franksiyasının üzvü Sevim Dagdelen nd.DerTag qəzetindəki məqaləsində rəsmi Berlinin müdafiə xərclərini artıraraq Rusiya ilə müharibəyə hazırlaşdığını yazıb. Xanım siyasətçi Almaniya hökumətini Rusiya ilə dostluq müqaviləsi imzalamağa çağırıb. Rusiyanın müdafiəsinə yönəlik belə çıxışları Avropanın solçu siyasətçiləri tez-tez edirlər. Bu zaman isə Avropa ilə Rusiya arasında yaranmış gərginliyə görə ABŞ və NATO ittiham olunur. Avropalı solçular bu zaman Rusiyanın Ukraynanın beynəlxalq hüquqla tanınan ərazisini ilhaq etdiyini görməzdən gəlirlər. Halbuki Rusiya ilə Avropa arasında münasibətlər məhz Krımın Moskva tərəfindən ilhaqından sonra gərginləşib. Krımın ilhaqının yaratdığı təsirlər aradan qalxmayınca Rusiya ilə Avropa arasında münasibətlər müharibə ərəfəsini xatırladacaq. Bu mənada, Böyük Britaniyanın "Defender" döyüş gəmisilə bağlı baş verən hadisənin tez-tez təkrarlanacağı halda, müharibə ehtimalı hər zaman yüksək olaraq qalacaq.  

 





28.06.2021    çap et  çap et