525.Az

Əhməd bəy Ağaoğlunun izi ilə... - Araşdırma


 

"QİYAMƏTDƏN MƏKTUBLAR" ƏSƏRİ ƏSASINDA

Əhməd bəy Ağaoğlunun izi ilə... - <b style="color:red">Araşdırma </b>

XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi publisist, yazıçı, siyasətçi Əhməd bəy Ağaoğlunun Türkiyədəki yaradıcılığına və ictimai-siyasi fəaliyyətinə nəzər salarkən bir insan ömrünə sığmayan son dərəcə zəngin və gərgin həyat yolunun olduğunu görürük.

O, bir publisist, yazıçı, redaktor, mədəniyyətşünas, siyasətçi və xalqın gələcəyi üçün daim narahat olan ziyalı idi. Fəaliyyəti çoxyönlü və hərtərəfli olub; həm bir redaktor, müxbir, qurucu ("Həyat", "İrşad" və "Tərəqqi", "Axın" və s.), həm ictimai təşkilat rəhbəri ("Difai"), partiya üzvü və ideoloqu ("Ittihad və Tərəqqi"), həm millət vəkili, həm də bir müxalifətçi kimi yaşayıb-yaradıb. Yaradıcılığı ilə tanış olarkən görürük ki, Azərbaycan və Türkiyə mühitində Ə.Ağaoğlu kimi ikinci bir şəxsiyyət yoxdur ki, əsərlərini dörd dildə - azərbaycanca, türkcə, fransızca və rusca yazmış və bu ölkələrdə yayımlamış olsun, həm də yaradıcılığı Azərbaycan və Türkiyə mühitini, problemlərini eyni dərəcədə əhatə etsin.

Araşdırdıqca məlum olur ki, Əhməd bəy Ağaoğlu bütün fəaliyyəti dövründə islahatçı, obyektiv, sözünü açıq deyən, cəmiyyətin çıxarıları üçün çalışan, vətəndaşlığı hər şeydən üstün tutan bir ziyalı olmuş, əsərlərində də məhz belə bir ziyalı tipinin formalaşmasına çalışmışdır. Zənginlik, yüksək vəzifə naminə heç bir prinsipindən vaz keçməyən, yeri gələndə Atatürkə etiraz edərək prinsipial məsələlərdə ən sevdiyi dostlarına da güzəşt etməyən barışmaz mücadiləçi, haqqını hər mənada müdafiə edən bu dəmir iradəli insanı sevənləri qədər sevməyənlər də çox idi.

Ə.Ağaoğlu Azərbaycandan Türkiyəyə gedərkən fərqli siyasi və ictimai mühitə düşdüyündən müxtəlif məfkurələr hərəkatının mərkəzində yer alır. Mustafa Kamal Atatürk zəfər çalıb Türkiyəni işğaldan azad edəndən sonra onun ən yaxın silahdaşlarından biri də Əhməd bəy Ağaoğlu olur. Atatürk onu mühüm bir vəzifəyə - Baş mətbuat idarəsinə müdir təyin edir və daha sonra Böyük Millət məclisinə deputat seçilir. Atatürkün ona xüsusi diqqətlə və qayğıyla yanaşması ətrafındakılardan bəzilərinin qısqanclığına səbəb olur ki, bu da Əhməd bəy Ağaoğlunun həyatının son illərinə qədər dəyişmir.

Ağaoğluna qarşı istifadə olunan ən ağır ifadələrdən biri "Azəri türkü" idi ki, yeri gəldi-gəlmədi, ona xatırladılırdı. Türkiyə üçün bütün qəlbi ilə xidmətə sarılan Ağaoğlu heç nəyə fikir vermir, dayanmırdı; onun ensiklopedik zəkasına, tükənməyən enerjisinə, qəzetçilik fəaliyyətinə yetə biləcək zəka sahibi yox dərəcəsində idi. Atatürk də bunu görür və dəyərləndirirdi, ətrafdan ona Əhməd bəy haqqında gələn şikayətlərə "mənim onun kimi dürüst və bacarıqlı insana ehtiyacım var" deyərək susdururdu, onu qoruyur, dəyərləndirirdi. Bu, hələ ki belə idi, bir neçə il sonra Atatürkün əmri ilə yaradılacaq Sərbəst Firqə Partiyası elə onun öz əmri ilə də bağlanacaq və ... Ağaoğlu ömrünü adadığı siyasətdən uzaqlaşdırılacaqdı.

Həyatının son illərini haqsızlıqlarla mübarizəyə həsr edən Əhməd bəy müxtəlif qəzetlərdə ona qarşı qaldırılan ittihamlara cəsarətlə cavab verir, mövqeyindən, əqidəsindən vaz keçmirdi. Ayrı-ayrı illərdə yazdığı "Sərbəst insanlar ölkəsində", "Sərbəst firqə xatirələri", "Mən kiməm?", "Könülsüz olmaz" və sair əsərləri, eləcə də, yüzlərlə məqalələri və məktublarında siyasi əqidəsini ortaya qoyurdu.

Belə əsərlərindən biri də həyatının ən qarışıq günlərində qələmə aldığı "Qiyamətdən məktublar" ("Kıyametten mektuplar". "Her Ay" dergisi, 20 Haziran, 1937) əsəridir. Bu əsərində də, eynilə digərlərində olduğu kimi, əsas qəhrəman yazarın özüdür; bu dəfə də narahat, mücadilələrin boşa getdiyini düşünən, qəlbi qırılmış, susdurulmağa çalışılsa da, susmayan üsyankar obrazla qarşımıza çıxır.

Əsər Orhan adlı dostu ilə müəllif arasında baş vermiş bir xatirə ilə başlayır:

"Azizim Orhan!

Vaadimi yapmağa başlıyorum. Hatırlarsın: bir gün yine karşı karşıya gelmiştik. Bermutad sağa sola, aşağıya yukarıya bakındık, ikimiz de derinden bir "Lahavle" çektik ve birbirimizin yüzüne dikildik; sen bana:

 

- Pekala ne olsun?! dedin,

Ben sana:

- Pekala ne olsun?! dedim.

Ve birdenbire, deli gibi ikimiz de yüksek kahkahalar atmağa koyulduk; nihayet, sen benim elimi tuttun ve dedin ki:

- Karabağlı, hatırıma bir şey gelmiştir, bilmem nasıl telakki edeceksin?

- Söyle bakalım!

- Söyliyecegim, sabret!.. Mademki bu böyledir, mademki bu fani dünya işleriyle uğraşmak, hem zahmetli, hem meşakkatlı ve hem de, ne bileyim, Allahın hangi belasıdır. Kendi kendime dedim ki, daha iyisi ve kolayı ahret işleriyle uğraşmaktır. Vakia sahih bir hadise göre müminin dünyası ahiretinin bir kopyesidir, dünyası olmıyanın ahireti olmaz. Fakat ben buna inanmıyorum. Bana öyle geliyor ki senin ve benim ahiretlerimiz çok iyi, çok keyifli olacaktır. Burada yaptıklarımızın semeresini hep orada alacağız!"

Yazının girişində və sonrakı hissələrdə dəfələrlə özünə "Karabağlı" deyə müraciət etdirən Əhməd bəyin Vətən nisgili çox incə məqamdır. Artıq hər addımda sıxışdırılan və bütün iş səlahiyyətlərinə xitam verilən Ə.Ağaoğlu türk xalqı üçün etdiyi fədakarlıqların cavabını digər aləmdə "axtarmağa" üz tutur, "hem burada üvey, hem orada! Bu ne yaman, ne menhus talih!" deyə üsyan edirdi. Ə.Ağaoğlu əsər boyu tək özünü düşünmür, dostlarını da xatırlayaraq "Acaba kendimi ve arkadaşlarımı bu menhus talihten kurtarmak imkanı yok mudur" - deyə çarə axtarırdı.

Üzləşdiyi haqsızlıqlara sitəm edən, apardığı mücadilə ilə bağlı adı tez-tez qəzet manşetlərində keçən Ə.Ağaoğlu "Qiyamətdən məktublar" əsərində artıq axirətdə də bir şeylərin "tərs getdiyini" vurğulayır, Orhan obrazının dili ilə şikayətini davam etdirərək deyir ki, "İyice bil ki koca bir öte dünya veyahut ahret vardır ve senin içinde bulunduğun dünyadan hiç de geri kalmaz. Burada da işler hemen oradakı gibidir ve "açık göz"denilen o maymunlar yok mu? Burada da işlerini tıkır tıkır yürütmekdedirler; hayret etmez misin?" - deyərək etiraz edir. Ağaoğlu "açık göz meymunlar" deyərkən çəkinmədən yaşadığı mühitdə başına gətirilən haqsızlıqlara səbəb olan insanları işarə edir, onların hər yerdə, hətta axirətdə də kök saldıqlarını vurğulayır. Düşünsək ki, əsərin yazıldığı illərdə (1937) Ə.Ağaoğlunun bütün səlahiyyətlərinə xitam verilmişdi və məqalələrini qəzetlərdə çap edilməsinə maneələr var idi, o zaman yazarın nə demək istədiyini aydın başa düşmək mümkündür.

Əsər boyu Orhanın dilindən Arafın (cənnət və cəhənnəm arasında bir yer) necə bir məkan olduğu təsvir edilir, oranın "çok arzu edilir bir yer" olmadığı söylənilir. Çünki "burası da sağa sola yalpa vuran renksiz, benliksiz varlıklara mehsustur. Fani dünyada bunlara idarei maslahatçı, hünsa, kıdış derler..." deyərək üzüntüsünü dilə gətirir. Orhan nə cəhənnəmi, nə də cənnəti bəyənmədiyini söyləyir, fani dünya üçün darıxdığını dilə gətirir, çünki artıq bütün "dünya"ların eyni olduğu qənaətindədir və "Cəhənnəm də orayı andırdığı için şimdi beni çekiyor" - deyərkən yaşayaraq gəldiyi dünya ilə cəhənnəm arasında fərq görmədiyini deyir.

Orhanla cənnətin qapısını qoruyan Rıdvan adlı bəkçi ilə aralarında keçən dialoq da çox maraqlıdır. Cənnətə "dühuliyesiz" (icazə kağızı) olmadan keçmək istəyən ərəbi qapıdan qovan Ridvana özü haqqında deyir ki, "...Ben fani dünyada bir mektep hocası idim. Bu hakikat dünyasına göç ettim. Beni sorğuya, suale çektiler. Fani dünyada ben idealist denilen zümreye mensuptum. Ömrümde kimseye fenalık etmedim ve emrolunan bütün vecibeleri ifa ettim. Kendim ve herkes zannediyordu ki, buraya gelir gelmez Cennetin mükemmel bir köşesine yerleşib keyif sürecegim ve fani dünyadakı mahrumiyyetlerimin mükafatını görecegim..." deyə qarşılaşdığı haqsızlıq nəticəsində qəlbində olan hayqırtını dilə gətirir. Ridvanın onu ələ salaraq giriş kağızı olmadığını xatırlatmasından sonra böyük təəssüflə "Böyle şeyler öteki dünyada vaki oluyordu, fakat biz orada hiç olmasa bu hakikat dünyasında bunların olmıyacağı ve herkesin liyakatine göre mukafat alacağı ümidi ile müteselli oluyorduk"... deyərək təəssüfünü bildirir.

Əfsuslar olsun ki, əsərin sonunda "ardı var" yazılmasına baxmayaraq, hələ də, ikinci hissəsini əldə etmək ümidilə axtarışdayam. Görünür ki, ya Ə.Ağaoğlu əsərin davamını yazmamışdır (bu ehtimal azdır, çünki o, xarakter olaraq heç bir işi yarımçıq saxlamağı sevməzdi), ya da ki, yazılarının nəşrinə qoyulan qadağa səbəbi ilə əsərin ardını çap etdirə bilməmişdir. İkinci ehtimal daha böyükdür, çünki 1937-1938-ci illərdə Əhməd bəyin müxtəlif qəzetlərdə yalnız üç-dörd məqaləsinə rast gəlinir. Bu da ömrünə sayılı günlər qalanadək yazan bir qələm adamı üçün əsəri tamamlamamağı haqqında şübhələrə cavab ola bilər.

"Qiyamətdən məktublar" əsəri bir daha onu göstərdi ki, Əhməd bəy Ağaoğlu irsində hələ də "əl dəyməyən", gözdən iraq qalan əsərlər, məqalələr var ki, araşdırılmasını gözləyir. Ə.Ağaoğlunun zəngin ədəbi, publisistik, elmi, bədii, fəlsəfi irsini təşkil edən əlyazmaları və kitabları, yüzlərlə məqaləsi Azərbaycana gətirilərək müxtəlif istiqamətlər və problemlər baxımından fundamental araşdırmaya cəlb edilməlidir. Bu, türk dünyasının görkəmli məfkurəçisinə olan vəfa borcumuzdur.

 





28.06.2021    çap et  çap et