525.Az

Ukraynadan sonra: yeni alyansa ehtiyac varmı?


 

Ukraynadan sonra: yeni alyansa ehtiyac varmı?<b style="color:red"></b>

Son zamanlar Krım məsələsinə görə Qərblə Rusiya arasında gərginliyin artması meydana çoxlu sayda aktual geosiyasi suallar çıxarıb. Ekspertlər Ukrayna hadisələrinə qlobal geosiyasətin gələcəyi aspektində nəzər salırlar. O cümlədən, Ukraynada proseslərin başa çatmasından sonra böyük geosiyasi güclərin hansı addımları ata biləcəyi ilə əlaqədar proqnozlar verilir. Həmin kontekstdə müstəqilliyini əldə etmiş keçmiş sovet respublikalarına da müəyyən rol ayırmağa çalışırlar. Lakin daha dərindən və geniş miqyasda məsələyə diqqət yetirəndə burada heç də bütün məqamların aydın olmadığı üzə çıxır.

ABŞ: "Asiyaya qayıdış" və birbaşa müdaxilədən imtina strategiyası

Amerika 2010-cu ildə "Asiyaya qayıdış" strategiyasını qəbul edəndə çoxları bunun arxasında nələrin dayandığını sonuna qədər dərk etməyə bilərdi. İndi Yaxın Şərq və Ukrayna hadisələri işığında bu dönüşün bir sıra mühüm məqamları aydın görünür. Vaşinqton sadə siyasət yeritmir. Onun geosiyasi planlarında başqasına mərhəmət və ya əvəzsiz yardım aspekti də yox dərəcəsindədir. Lakin planları dəqiq hazırlanıb, konkret məqsədləri mövcuddur.

Bir sıra ekspertlər "Asiyaya qayıdış" strategiyasını geosiyasi balanslaşdırma konsepsiyası çərçivəsində qiymətləndirirlər (bax: məs., Пэн Нянь. Стратегия "возвращения в Азию": каковы реальные цели Америки? / "Центр военно-политических исследований", 5 fevral 2013). Bu zaman ABŞ-ın əsas məqsədinin öz maraqlarına uyğun nisbətdə regional tarazlıq yaratmaqdan ibarət olduğu vurğulanır. Konkret ifadə edilsə, bu, Vaşinqtonun hər bir ölkəyə özünün maraqları çərçivəsində qiymət verməsi deməkdir. Onun geosiyasətdə yeri və rolu malik olduğu təbii status, inkişaf səviyyəsi, potensialı aspektlərində deyil, Amerikanın həmin dövrdəki məqsədləri müstəvisində müəyyənləşdirilir.

"Asiyaya qayıdış"da Çinin qarşısının alınması əsas hədəfdir. Lakin məsələ bununla məhdudlaşmır. Pekinə yaxın ərazilərdə yerləşən ölkələr arasında geosiyasi balans yaratmaq da bura daxildir. Paralel olaraq, Çinin geosiyasi gücü ilə həmin dövlətlərin cəm halında geosiyasi imkanları arasında tarazlıq yaratmaq xətti gözlənilir (bax: əvvəlki mənbəyə).

Görünür, Vaşinqtonun bu kursu kifayət qədər mürəkkəb tərkibə malikdir və geosiyasi meydanda incə gedişlər etməyi nəzərdə tutur. Maraqlıdır ki, bəzi analitiklər Ukrayna məsələsinə birbaşa və ya dolayısı ilə məhz bu aspektdə yanaşırlar. Doğrudan da, bu halda indi Şərqi Avropa və postsovet məkanında cərəyan edən geosiyasi proseslər kifayət qədər maraqlı məzmun kəsb edir (bax: George Friedman. From Estonia to Azerbaijan: American Strategy After Ukraine / "Stratfor", 25 mart 2014).

Həmin yanaşma çərçivəsində Ukrayna məsələsində nəyə görə Vaşinqtonun daha çox ehtiyatlı və təmkinli mövqe tutduğunu hiss etmək olur. B.Obama açıq bildirir ki, ABŞ-ın Rusiya ilə müharibə etmək fikri yoxdur. Təbii ki, hərbi savaş heç bir dövlətə sərf etmir. Bunun fonunda Amerika aktiv geosiyasi gedişlərini edir. "Stratfor"un qurucusu C.Fridmanın yuxarıda qeyd etdiyimiz məqaləsi bu kontekstdə xeyli düşündürücü məqamlarla zəngindir.

Əvvəlcə, vurğulayaq ki, ABŞ-ın Rusiya strategiyasının olmadığı haqqında bəzi ekspertlərin irəli sürdüyü fikirlər elə də inandırıcı görünmür. Məsələn, 2003-2005-ci illərdə Dövlət Departamentində işləmiş, hazırda "The National Interest"in təsisçisinin müavini və Milli Maraqlar Mərkəzinin icraçı direktoru olan Pol Sonders hesab edir ki, "Obama administrasiyasının Rusiya siyasəti bir çox mənalarda Birləşmiş Ştatların özünə vurduğu zərbədir" (bax: Paul J.Saunders. Obama's Missing Russia Strategy / "Nationalinterest.org", 8 avqust 2013).

Daha geniş miqyasda baxanda isə, məhz B.Obamanın komandasının Amerikanın strateji maraqlarına uyğun olaraq Rusiya ilə praqmatik münasibətlər qurduğu görünür. Çin faktorunu nəzərə alanda Vaşinqtona Moskva ilə hərbi toqquşma heç sərf etmir. Ağ Evin əsas vəzifəsi Rusiyanın da daxil olduğu böyük geosiyasi məkanda "süründürməçi xaos" yaratmaqla sürətlə irəliləyən ölkələri inkişaf paradiqmasından yayındırmaqdır. Bunun fonunda Çinin geosiyasi aktivliyini, bir aspekti qeyri-müəyyənlik olan mənzərə yaratmaqla aşağı salmaq məqsədinin mövcudluğu hiss edilir. C.Fridmanın yuxarıda vurğuladığımız məqaləsində irəli sürülən bəzi təkliflər bu kontekstdə maraq doğurur.

Yeni alyans arzusu: bu, kimə sərfəlidir?

"Stratfor"un qurucusu Vaşinqtona təklif edir ki, Ukraynadan sonra Estoniyadan tutmuş Azərbaycana qədər geniş bir məkanda yeni alyans yaratsın (bax: George Friedman. Göstərilən məqaləsinə). Burada əsas məqsəd Rusiyanın sonrakı geosiyasi fəallığını azaltmaqdan ibarətdir. Əgər Moskva həmin ərazidə yerləşən dövlətlərə qarşı hərbi güc tətbiq etmək istəsə, Amerika birbaşa buna qarışmamalıdır. Əvəzində, Vaşinqton həmin ölkələrə müasir silahlar verməli, onların özünümüdafiə imkanlarını artırmalıdır. Bəs bütün bunlar C.Fridmana görə, Amerikanın nəyinə lazımdır?

Analitik hesab edir ki, Ağ Evin əsas geosiyasi vəzifəsi Yaxın Şərqə diqqətini azaldıb, "Asiyaya üz çevirməkdən ibarətdir". Görünür, bu, yuxarıda bəhs etdiyimiz "Asiyaya qayıdış" strategiyasına uyğundur. Eyni zamanda, həmin kurs daxilində hansı addımlar atılmalı olduğunu anlamağa ip ucu verir. Burada bizi düşündürən məqam Estoniyadan Azərbaycana qədər yaradılmalı olan alyansda dövlətlərin silahlandırılıb Rusiyaya qarşı kökləndirilməsidir. Məsələn, Azərbaycan hərbi yolla özünü Rusiyadan necə müdafiə edə bilər?

Realist olmaq lazımdır. Hər şeydən əvvəl, Azərbaycanın Rusiya ilə hərbi toqquşmaya getməsinə heç bir ehtiyac yoxdur. Bakı ilə Moskvanı tarixi dostluq, konkret iqtisadi və energetik əməkdaşlıq birləşdirir. İki ölkənin geosiyasi və strateji maraqlarına uyğun olanı bütün sahələr üzrə faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Nəyə görə, Azərbaycan hansısa antiRusiya alyansına üzv olmalıdır? Bunu doğru hesab etmirik.

Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün indiyə qədər ABŞ başda olmaqla Qərb dövlətləri hansı addımları atıblar? Konkret olaraq heç bir iş görülməyib və görüləcəyi də hiss edilmir. Elə isə bu problem qeyri-müəyyən qala-qala Azərbaycan necə hansısa hərbi-geosiyasi alyansa daxil ola bilər? Bu sualın cavabı bizə aydın deyil.

Başqa bir amil Gürcüstan və Ermənistan məsələsi ilə bağlıdır. Sirr deyil ki, Amerika Gürcüstana daha çox üstünlük verir. Ermənistana müxtəlif yardımlar göstərir. İnsan haqları, söz azadlığı, milli azlıqlar, siyasi məhbus və s. kimi məsələlərdə isə tənqid hədəfi Azərbaycan olur. Buna rəğmən, məhz Azərbaycanı silahlandırıb Rusiyaya qarşı qoymaq niyyəti vardır (bax: George Friedman. Göstərilən məqaləsinə).

Diqqət etsək görərik ki, Amerika, əsasən, müsəlman dövlətlərini riskə atır. Bu siyasət prizmasından Azərbaycanı hansısa alyansa daxil etməyə İranın verə biləcəyi reaksiyanı unutmaq olmaz. Bakı Tehranı qıcıqlandıra bilən istənilən addımdan imtina etməlidir. İndiyə qədər Azərbaycan bu mövqedə olub. Belə çıxır ki, C.Fridmanın arzuladığı alyans yaradılsa, İran-Azərbaycan münasibətlərində qeyri-müəyyənlik meydana gələ bilər.

Nəhayət, ABŞ-ın özünü hərbi toqquşmalardan kənarda tutması xırda məsələ deyil. Yaxın Şərq təcrübəsi göstərir ki, bu taktika Amerikanı müsəlmanların gözündən salmamağa xidmət edir. Məsələn Livan təcrübəsini analiz edən ekspertlər həmin kontekstdə maraqlı fikirlər söylərilər (bax: F. Stephen Larrabee, Peter A. Wilson. NATO Needs a Southern Strategy / "The National Interest", 27 yanvar 2014).

Bütün bunlar Ukrayna məsələsinin qlobal geosiyasi mübarizə ilə sıx bağlı olduğunu göstərir. Dünyanın güclü dövlətləri nüfuz uğrunda kəskin və amansız mübarizə aparırlar. Görünür, onlar bunu bütün postsovet məkanına yaymaq mərhələsinə başlayırlar. Kifayət qədər mürəkkəb vəziyyətdir. Belə situasiyalarda müstəqilliyini əldə etmiş dövlətlərin hansı kursu seçməsi prinsipial əhəmiyyət daşıyacaq. Lakin onu da unutmayaq ki, böyük dövlətlər təzyiq üsulundan istifadə etməkdən vaz keçmirlər. Həmin səbəbdən mübaliğəsiz deməliyik ki, tarixi sınaq məqamı gəlir.

Newtimes.az

 





07.04.2014    çap et  çap et