525.Az

Qalib Ordumuzla unudulmaz bayram görüşü - Foto


 

Qalib Ordumuzla unudulmaz bayram görüşü - <b style="color:red"> Foto </b>

Hələ axşam öyrənmişəm ki, səhərə çox vacib səfərim var. Həm sevinirəm, həm də həyəcanlıyam. Axı bu, başqa səfərlərə bənzəməz. Sabah 26 iyundur, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü. Qalib ordumuzun qələbə əzmli bayramı. Biz də məhz o ordunun - qalib, müzəffər Azərbaycan ordusunun bayramını təbrikə gedirik. Yolumuz Füzuli rayonundakı N saylı hərbi hissəyədir.

Yol uzunu çal-çağır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədov təşkil etdikləri bu gözəl səfərə qatılmağımı təklif edəndə, şübhəsiz, çox sevinmişdim. O qürurlu, şərəfli Azərbaycan əsgərini görməkdən, ona canlı-canlı təşəkkür etməkdən möhtəşəm nə ola bilərdi ki? Səhər deyilən vaxtdan bir az da tez görüş yerində - ADMİU-nun həyətində idim. Məndən də tez gələnlər var. Əksəriyyət ADMİU Musiqi sənəti fakültəsinin məzun və tələbələridir. Bizi Füzulidə gözəl bir konsert proqramı gözləyir.

Hər kəs gələndən sonra avtobus ağır-ağır tərpənir. Yolumuz uzun, amma şərəfli yoldur. Tədbirin təşkilatçısı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin nümayəndəsi Nəsimi Cəfərli ilə, Cavid Əhmədovla söhbətlərimiz yola körpü salır. Deyirlər ki, bu cür səfərlər tez-tez təşkil olunur. Xüsusən, Silahlı Qüvvələr Gününü heç unutmurlar, hər il əsgərlərimiz üçün bayram konserti təşkil edirlər. Sevinirəm. Əsgər və zabitlərimiz üçün bu diqqətin nə qədər dəyərli və önəmli olduğunu düşünürəm.
Avtobusumuz isə yolları ayağına dolaya-dolaya görüş yerinə tələsir. Bir müddət kimsədən səs çıxmır. Hələ öz-özümə fikirləşirəm ki, musiqiçi olasan, bu qədər səssiz? Görəsən, niyə çalıb-oxumurlar? Deyəsən, sualımı gözləyirmişlər. Konsertin 1-ci hissəsi avtobusdaca başlayır. Tamaşaçılar isə hələlik əsgərlərimiz yox, elə özümüzük. İstedadlı ifaçılarımızın səsindən gah "Nar ağacı"nı vəsf edirik, gah "Anadır arzulara hər zaman Qarabağ" deyirik, gah "Yaşa, Azərbaycan!" nidaları səslənir, gah da "Cənab Leytenant"dan hay istəyirik.
Bir ara, universitetimizin tələbələrindən Xasay Şıxıyev Nargilə adlı bütün xanımların şərəfinə ölməz bəstəkar Tofiq Quliyevin "Sən niyə susursan" filminə yazdığı o gözəl nəğməni oxuyur, davamında "Yar məndən incidi" deyir. Sonra bir-birinin ardınca onları müşayiət edən Elnur Qarayev (qarmon) və Ağakərim Abbasovun (nağara) ifalarında gah "Tərəkəmə"yə yerimizdəcə rəqs edir, gah da "Vağzalı"nın sehrinə qapılırıq.

Unudulmaz görüş

Görüşün əvvəlində hərbi hissə komandiri qonaqları salamlayaraq əsgərlərə göstərilən bu diqqət və qayğıya görə təşəkkürünü bildirdi, hər kəsi bayram münasibətiylə təbrik etdi. Tədbirin aparıcısı, ADMİU-nun tələbəsi Kazımova Əzizəxanım özünün gözəl və rəvan nitqiylə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin və ADMİU-nun rektoru, professor Ceyran Mahmudovanın salamlarını, təbriklərini çatdırdı. Eyni zamanda, Silahlı Qüvvələr Gününün tarixindən və önəmindən, Qarabağ Zəfərimizdən danışdı.

ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Azərbaycan ordusunun öz gücünü, qüvvətini II Qarabağ müharibəsində ən yaxşı şəkildə göstərdiyini və xalqımıza böyük qələbəni yaşatdığını vurğuladı.

 

M.Cəfərzadə çıxışından sonra ATİAHİ Respublika Komitəsi adından hədiyyələri hərbi hissəyə və tədbirdə iştirak edən Vətən müharibəsi qazilərinə təqdim etdi. Sonra söz Vətən müharibəsində iştirak edən qazilərə verildi. Onlar da hərbi qulluqçuları bayram münasibətiylə təbrik edib, göstərilən diqqətə görə tədbir təşkilatçılarına təşəkkürlərini bildirdilər.

"Qarabağ Azərbaycandır!" əks-sədası

Nəhayət, növbə gəlib çatdı tədbirin bədii hissəsinə. Bu hissədə ADMİU-nun Musiqi sənəti fakültəsinin məzun və tələbələri möhtəşəm konsert proqramı ilə çıxış etdilər. Elnur Qarayev (qarmon), Ağakərim Abbasov (nağara), Natiq Xudiyevin (sintezator) müşayiəti ilə bir-birindən gözəl mahnılar səsləndirildi.

 

Xasay Şıxıyev "Ey vətən", Rəvanə Vəliyeva və Aynurə Ədilova gözəl mahnılarımızın popurisi, Şəhanə Vəliyeva "Yaşa, Azərbaycan!", Nuranə Tanrıverdiyeva "Xudayar təsnifi", Şıxəli Bağırzadə "Azərbaycan", Jalə Quliyeva "Mənim ordum", Fəridə Şəfiyeva "Mənim Azərbaycanım", eyni zamanda, tədbirin dəvətli ifaçıları Mətanət Bayramova (Meti Mell) "Çırpınırdı Qara dəniz" və Sultaliyeva Aygün (Luna) "Ey həyat" kimi vətənpərvərlik mövzulu nəğmələri, xalq mahnılarıyla tədbir iştirakçılarına xoş anlar bəxş etdilər. Qonaqlardan ADMİU-nun məzunları Ramal Allahverdiyev, Hüseyn Hacıyev və başqaları tədbirin idarə olunmasında THİK-nin sədri Cavid Əhmədovla birgə çox yaxından dəstək oldular.

Daha sonra çıxış edən ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədov əsgərlərimizlə hər görüşün onlar üçün bir bayram olduğunu vurğuladı: "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudova başda olmaqla, universitet kollektivi istər müharibə zamanı, istərsə də, müharibədən sonra hər zaman xalqımızın, ordumuzun yanında oldu, dəstəyini əsirgəmədi. Biz ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsi olaraq bu gün sizin kimi qəhrəman igidlərimizin görüşünə gəlməyi özümüzə şərəf, fəxr bilirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bayramınız mübarək!"

 

Sonda N saylı hərbi hissə adından millət vəkili Səttar Möhbalıyev, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, ADMİU THİK-nin sədri Cavid Əhmədov və tədbirin aparıcısı, ADMİU-nun tələbəsi Əzizəxanım Kazımovaya "Təşəkkürnamə"lər təqdim olundu.

İki saatdan artıq davam edən konsert proqramımız sonda əsgərlərimiz, zabitlərimiz, qazilərimiz, ifaçılarımız, hətta tədbirin ən kiçik nümayəndələri olan zabit övladlarının da birgə səsləndirdiyi, dörd bir yanda əks-səda verən "Qarabağ Azərbaycandır!" nidasıyla yekunlaşdı. 

 

  

 

  

  

  

  

  

   

  

  

 

Şahanə MÜŞFİQ


 

 





29.06.2021    çap et  çap et