525.Az

Poeziyada əks olunan uşaq dünyası - Resenziya


 

Poeziyada əks olunan uşaq dünyası - <b style="color:red">Resenziya</b>

Gələcək nəslin yetişməsində, bir şəxsiyyət kimi formalaşmasında uşaq ədəbiyyatının rolu danılmazdır. Uşaq ədəbiyyatı ədəbiyyat tariximizin ən zəngin səhifələrindən biridir.

Vaxtı ilə böyük şairimiz Səməd Vurğun "Balalarımız üçün gözəl əsərlər yaradaq" adlı məqaləsində uşaqlar üçün yazmağın nə qədər məsuliyyətli və çətin bir iş olduğunu, uşaq həyatını tərənnüm etməyin nə qədər vacib olduğunu yazmışdı. Sözün həqiqi mənasında uşaqlar üçün, gələcək balalarımız üçün yazmaq həm şərəfli, məsuliyyətli, həm də çətindir.

Çağdaş uşaq poeziyamızda Ələsgər Əlioğlu bu işin öhdəsindən layiqincə, ləyaqətlə gəlir. Ələsgər Əlioğlunun yüksək poetik istedadı onun bütün yaradıcılığında olduğu kimi, uşaq şeirlərində də boy göstərir. Ömrünü uşaq ədəbiyyatına həsr edən bu bənzərsiz şairin uşaq poeziyası orijinallığı və novatorluğu ilə seçilir. Ələsgər Əlioğlunun yenicə çapdan çıxan "Sərnişin qarışqalar" kitabını oxuduqdan sonra bu qənaətimin bir daha təsdiqini tapdım.

Ələsgər Əlioğlunun uşaq şeirlərində ən diqqət cəlb edən rakurs təbiət lövhələri yaradaraq, uşaqların quşlar və heyvanlarla dostluğunu vəhdətdə götürməsidir. Şair şeirlərdə obrazlı ifadələrlə uşaqları bitkilər və heyvanlar aləmi ilə tanış edir, onların əlamətlərini balaca oxuculara çatdırır. "Yemlik", "İşıldaböcək", "Şanapipik", "Arıquşu", "Pərpətöyün" və digər şeirlərdə canlıların xüsusiyyətləri yüksək poetik sənətkarlıqla ifadə edilir.

Yeni nəsildə vətənpərvərlik duyğularını oyatmaq, vətəni sevmək şairin uşaq şeirlərinin əsas missiyalarından biridir. Bu cəhətdən kitabın ilk səhifələrində yer alan "Ələsgərin tüfəngi" və "Səngər" şeirlərində balacalarımıza vətənpərvərlik duyğuları, vətəni sevmək hissi aşılanır.

Ələsgər Əlioğlunun uşaq şeirləri mövzu baxımından olduqca rəngarəngdir. O, uşaq psixologiyasını, onların daxili aləmini bütün incəliyinə kimi duyan şairdir. Şair əxlaqi-mənəvi düşündürücü fikirlərlə uşaqların dünyagörüşünə təsir edə bilir. Uşaq təfəkkürünü, zehni qabiliyyətini inkişaf etdirmək baxımından bu şeirlər xüsusi əhəmiyyətə malikdir.

Fikri yığcam, aydın, sadə dildə, axıcı ifadə etmək Ələsgər Əlioğlunun uşaq şeirlərinin başlıca xüsusiyyətidir. Şair əsl sənətkar kimi şeirlərdə məzmun və formaya, qafiyəyə məsuliyyətlə yanaşır. Axıcı qafiyələr, təzə-tər obrazlı ifadələr, gözəl dolğun süjetlər Ələsgər Əlioğlunun uşaq şeirlərini daha da poetikləşdirir, oxunaqlı edir. Şair kitabdakı bütün şeirlərində öz orijinal üslubu və deyim tərzi ilə diqqəti cəlb edir:

Bahar gəlib,
Ağacların
Puçurları qucaq-qucaq.
Bahar açıb məktub kimi,
Puçurları oxuyacaq.
("Puçurlar")

və yaxud:

Çimərlikdə çətirlər
Göbələyə bənzəyir.
Sahili başdan-başa
Gör necə də bəzəyir.
Günəşdən qorunmağa
Çox qəşəngdir, çox qəşəng.
Burda göbələkləri,
Payız gəlib dərəcək.
("Çimərlikdə göbələk")

 

Ələsgər Əlioğlunun kitabdakı hər bir şeiri əxlaqi-didaktik mövzularla uşaqları tərbiyələndirir, obrazlı, düşündürücü manevrlərlə onların məntiqi təfəkkürünü və zehni qabiliyyətini inkişaf etdirir:

Mən anamdan hündürəm,
Mən atamdan hündürəm.
Bağda gəzib-dolanan,
Hər adamdan hündürəm.

Yaşım elə çox deyil,
Mən altı yaşındayam.
Hündürəm ona görə,
Ağacın başındayam.
("Hamıdan hündürəm")

Şeirləri oxuyarkən söz hörgüsündə incə-incə hörülən məcazi ifadələrin seçiminə, məna çalarlığına heyran olmaya bilmirsən.

Çıxıb dağda gəzirdik biz,
Giləmeyvə üzürdük biz.
Tutdu dağı qatı duman.
Görünmədi daha heç yan.
Düşündük ki, biz nə edək?
İndi evə necə gedək?
Birdən gəlib çıxdı külək,
Duman qaçdı hürkək-hürkək.
("Duman qaçdı")

Kitabda forma və məzmun gözəlliyi ilə seçilən poeziya nümunələri içərisində "Ağacın balası", "Payız yağışı" şeirlərini də vurğulamaq yerinə düşər.

Gavalı ağacının
Çıxıb neçə pöhrəsi.
Pöhrəylə dolub tamam,
Ağacın yan-yörəsi.
Baxdıqca bu guşəyə,
Üzü gülür Siracın:
- Bu pöhrənin hər biri,
Balasıdır ağacın.
("Ağacın balası")

Şair şeirdə  epik lövhələr və canlı təsvirlər yaratmaqla körpə balalara səmimi duyğular aşılayır. Ümumiyyətlə, Ələsgər Əlioğlu təbiətə həsr etdiyi bütün şeirlərində uşaqların dili ilə təbiəti danışdırır, uşaqların estetik tərbiyəsində, dünyagörüşünün formalaşmasında əsaslı rol oynayır.

Kitabdakı hər bir şeirdə şair gərəkli mövzulara üz tutur, yadda qalan obrazlar yaradaraq, gərəkli ideyalar təbliğ edir. Ələsgər Əlioğlu müasir uşaq ədəbiyyatında əvəzsiz, orijinal uşaq şeirləri yaradan, uşaq ədəbiyyatının formalaşmasında və inkişafında yeri və rolu olan ŞAİRdir.

 





30.06.2021    çap et  çap et