525.Az

80 səhifənin 80 rəngi - Müsahibə


 

80 səhifənin 80 rəngi - <b style="color:red">Müsahibə </b>

Sözün qüdrəti səsin və qələmin gücü ilə qəlblərə yol tapır. Belə qüdrət sahibləri illərin, qərinələrin, əsrlərin süzgəcindən keçib ölməzlik qazanırlar. Bəli, bu günümüzün söz sahiblərinin ünvanı qəlblərdir - həm də həssas qəlblərdə...

Ağahüseyn  Hüseynov... Bir söz ömrünə müəllif... Bir qələm taleyinə dost... Bir müəssisəyə qismət... "Bakı"  qəzetinin baş redaktoru... Çoxsaylı jurnalist həmkarına ustad... 80 illik ömrə möhür...

Bu qələm sahibinin qəlbindən süzülənləri sözlə ipə-sapa düzürük.

- Jurnalistika nədir, bir elm kimi nəyi ehtiva edir?

- Bəli, jurnalistika elmdir. Həm də çox zəngin bir elmdir. Jurnalist qələmi çox böyük gücə malikdir. Bu sənətə gəldinsə, hər zaman axtarışda olmalısan, yaradıcılığın çoxşaxəli olmalıdır. Jurnalistika böyük zəhmət, xüsusi səy, professional qiymətləndirmə və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir.

- Fəaliyyətiniz dövründə bir jurnalist kimi ən əsas nəyə üstünlük verirsiniz?

- Ömrümün əsas hissəsi qələmlə, sözlə bağlı olub. Fəaliyyətim dövründə həmişə çalışmışam ki, qələmin obyektliyinə söykənim, vətəndaşlıq mövqeyimə sadiq qalım. Bu, mənim cəmiyyətdə elmi ictimai-siyasi sahədə tutduğum əsas prinsiplərdən biridir. Məncə, hər bir jurnalist bu prinsipə söykənməlidir.

- Sevib-seçdiyiniz bu peşədə ustadlarınızın rolu da əvəzsizdir yəqin...

- Əlbəttə. Müəllimlərimin rolu mənim yaradıcılıq taleyimdə böyük rol oynayıb. Onlardan biri, əvəzolunmazı - müqtədir insan, peşəkar jurnalist, böyük insan Nəsir İmanquliyev olub. Mən Nəsir müəllimi ilk dəfə 1958-ci ilin yayında görmüşəm. "Kommunist" nəşriyyatının darısqal sexində "Bakı" qəzetinin səhifələnməsi üçün taler dəzgahının önündə hündürboylu, bir qədər dolğun, lakin tipik ziyalı görünüşlü bir şəxs dayanmışdı. O gündən mənim böyük müəllimlə uzun illərin birgə fəaliyyətimin təməli qoyuldu.

Zəngin həyat və iş təcrübəsi olan bu müdrik insanın gözəl seçim keyfiyyəti və qabiliyyəti vardı. Nəsir müəllimin qəzetə gətirdiyi gənclərin bir çoxu sonralar mətbuatda rəhbər vəzifələrə yüksəldilər. Otuz il ərzində jurnalist sənətinin incəliklərini, redaktənin sirlərini, idarəetmə bacarığını ondan öydəndim, əsl həyat məktəbi keçdim. Bütün bunlara görə Nəsir müəllimə dönə-dönə minnətdaram, onun ruhu qarşısında baş əyirəm.

Nəsir İmanquliyev milli mətbuatın patriarxı, böyük mühərrir, jurnalistikamızın ağsaqqalı, zəhmətsevər, bacarıqlı idarə başçısı, əla təşkilatçı və ictimai xadim, nəhayət, sayqılı redaktor, ləyaqətli insan, vətəndaş, vətənpərvər şəxsiyyət idi. İndi iftixar hissi ilə demək olar ki, Nəsir müəllimin redaktoru olduğu şəhər qəzetləri Azərbaycan milli mətbuatında sanballı iz qoyub.

Mənim Nəsir müəllimlə ünsiyyətim ömrümün son gününə qədər davam etdi. O, həmişə mənə zəng edib qəzetdə gedən maraqlı yazılara öz münasibətini bildirərdi, lazım gələndə iradlarını da çatdırardı. Tam əminliklə deyə bilərəm ki, kollektivdən, bizlərdən çoxunun öz redaktoru ilə sıx ailə münasibətləri yaranmışdı. Nəsir müəllim bir nümunə kimi daima qəlbimizdə yaşayacaq.

- Uzun illər "Bakı" qəzetinin baş redaktoru olaraq  bu fəaliyyəti necə dəyərləndirirsiniz?

- "Bakı"-"Baku" qəzetləri zərurətdən doğulmuşdu. O vaxtlar respublikada, həmçinin, paytaxtda böyük quruculuq işləri görülürdü, yeni müəssisələr açılırdı, şəhər abadlaşırdı, sakinlərin rahatlığı üçün bütün imkanlardan istifadə edilirdi. Bu siyasəti ictimaiyyətə dolğun və düzgün çatdırmaq üçün "Bakı" və "Baku" qəzetlərinin üzərinə böyük məsuliyyət düşürdü. Qəzet obyektivliyi və operativliyi ilə ilk nömrələrindən oxucularının rəğbətini qazanmışdı.

O zaman rəsmi qəzetlər partiya-bürokrat diktəsi ilə işıq üzü görürdü. Təbii ki, belə möhkəm olan çərçivədə bütün düzgünlüyü oxuculara çatdırmaq çox çətin idi. Lakin "Bakı"-"Baku" qəzetləri bütün çətinliklərə baxmayaraq, öz aktuallığını və yüksək reytinqini qoruyub saxlaya bilmişdi.

- Müasir dövrün diktəsi, onlayn fəaliyyət, digital platforma oxucunu qəzetdən uzaqlaşdırır. Buna necədir münasibətiniz?

- Bəli, bu gün qəzetlər öz oxucularını itirirlər. Əlbəttə, burada zamanın da hökmü var. Bu günün reallıqları başqadır, lakin bütün bunlara baxmayaraq, peşəsinə hörmət edən, onu düzgünlüyün, ədalətin güzgüsü sayan jurnalistlər indi daha çox lazımdır. Qoy bütün platformalarda fəaliyyət göstərən gənc qələm sahibləri öz peşələrinə daha vicdanla, məsuliyyətlə yanaşsınlar. Doğru, düzgün, qərəzsiz informasiyaları geniş auditoriyaya çatdırmağı özlərinə vəzifə borcu bilsinlər. Təbii, bəzən  bu, o qədər də asan olmur. Amma prinsipiallıqla və peşəkarlıqla hər şeyə nail olmaq olar.

- Ağahüseyn müəllim, 80 illik ömrün 80 baharı, 80 payızı... Ömrün Günəşi, ömrün sazağı... Bu gün Ağahüseyn Hüseynov bu ömür yoluna necə qiymət verərdi?

- Əlbəttə, həyat enişi, yoxuşu, istisi, soyuğu ilə maraqlıdır, sevimlidir. Həmişə çalışdım ki, cəmiyyətə faydalı olum, peşəmə sadiqliyim əsas meyarım oldu. Xalqımı, vətənimi  sevirəm. Bir ziyalı kimi ölkəmin bütün uğurlarını fəxrlə izləyirəm və alqışlayıram. Jurnalistikanın gələcəyinə inanıram.

- Biz sizə təşəkkür edir, cansağlığı, uzun ömür arzulayırıq.

Fəxriyyə LİLPAR (İSAYEVA)

 





30.06.2021    çap et  çap et