525.Az

Vəkillərin sistematik cərimələnməsi vəkillik sisteminin vəziyyətini daha da ağırlaşdıra bilər


 

Vəkillərin sistematik cərimələnməsi vəkillik sisteminin vəziyyətini daha da ağırlaşdıra bilər<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar 

Asif Nərimanlı, jurnalist:

- 20 iyun: Ermənistanda seçki başa çatdı, Paşinyan qalib gəldi.

23 iyun: Əliyev Putinə zəng etdi və üçtərəfli razılaşmaların icrasının praktiki tərəflərini müzakirə etdi;

25 iyun: Əliyev avropalı diplomatları qəbul edərkən bildirdi ki, Bakının əsas tələbi yekun sülh müqaviləsinin imzalanmasıdır, Ermənistan hələ cavab verməyib, seçki öncəsi bu haqda danışmaq əlverişsiz idi, lakin artıq seçki bitib və artıq vaxtdır;

26 iyun: Əliyev "Ermənistan Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməli, qonşularla normal münasibətlər qurmalı və ərazi iddialarından əl çəkməlidir" şərtini açıqladı;

Proseslərin inkişafı fonunda Əliyevin şərtləri üç kontesktdə diqqət çəkir.

Birincisi, Bakı Ermənistana mesaj verir: seçki başa çatıb və artıq sülh müqaviləsi ilə bağlı açıq danışmağın, cavab verməyin vaxtıdır;

İkincisi, Bakı gözlədiyi cavabın mətnini açıqlayır: Dağlıq Qarabağ sözündən imtina edilməli, ərazi iddialarından əl çəkilməlidir;

Üçüncüsü, Bakı Ermənistan üçün yeganə çıxış yolunu göstərir: qonşularla normal münasibətlər qurulmalıdır;

Prezident "ya olacaq, ya olacaq" prinsipini irəli sürür və bunu Ordu günündə generalların önündə elan etməsi "əks cəhdlərin cavabı yeni müharibədir" mesajını çatdırmağa hesablanıb.

Bu, həm üçüncü ölkələrə, həm Ermənistan hakimiyyətinə, həm də seçkidə müharibə əleyhinə səs verən Ermənistan ictimaiyyətinə ünvanlanıb. Bakı Paşinyan hakimiyyətinə müharibə istəməyən erməni cəmiyyətinə "sülh müqaviləsi imzalamasaq, yenidən müharibə başlaya bilər" deyə bilməsi üçün pas ötürür. Ermənistan üçün pası qəbul etmək ən doğru seçimdir, çünki görünür, Bakı artıq səbr etmək fikrində deyil.

***

- Xankəndidə ermənilər arasında təşviş yaranıb. Məlumatlara görə, azərbaycanlılar ermənilərə zəng edərək, evlərini almaq istədiklərini bildirirlər. Erməni ekspert Tiqran Abrahamyan zənglərin kütləvi olduğunu deyir.

Paşinyan hakimiyyəti və Araik Arutyana qarşı olan bu iddialar ermənilərin daxili siyasi mübarizəsindən qaynaqlanır. Lakin belə şayiələrin yayılması Qarabağdakı ermənilərə psixoloji təzyiq baxımından effektlidir.

Birincisi, ermənilərdə azərbaycanlıların sülhməramlıların nəzarət etdiyi ərazilərə qayıtmağı planlaşdırdığı rəyi formalaşır;

İkincisi, edəcəkləri seçimi sürətləndirir: ya Azərbaycan vətəndaşı kimi yaşamaq, ya da bölgəni tərk etmək; bölgəni tərk edəcəkləri qarşıdakı dövrdə daha real görünür. 

Elxan Şahinoğlu, politoloq:

- Müdafiə naziri Zakir Həsənov "Real" TV-yə müsahibəsində qələbədən danışarkən Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələrinin böyük rolu olduğunu bu sözlərlə vurğulayıb: "Bizim çoxlu sayda zabitimiz Türkiyənin hərbi məktəblərində təhsil alıb. Bunların hamısının nəticəsi olaraq Azərbaycan Ordusunun hissə və birləşmələri - Azərbaycan əsgəri və Azərbaycan zabiti döyüşlərdə yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdi. Bunun nəticəsi də göz qabağındadır".

Bəli, qələbədə Türkiyədə hərbi məktəblərində təhsil alan hərbçilərimizin də böyük payı var. Azərbaycan müstəqilliyini qazandıqdan bu yana minlərlə gəncimiz Türkiyədə hərbi təhsil alıb və geri dönüb. Təəssüf ki, uzun illər ordumuza rəhbərlik edən Səfər Əbiyev və Nəcməddin Sadıqov kimilər və onların ordudakı adamları Türkiyədə yüksək təhsil alan hərbçilərimizi sıxışdırıblar, paxıllıq hisslərindən onların bilik və bacarıqlarına əhəmiyyət verməyiblər. Bunu mən kənardan deyil, məhz Türkiyədə hərbi təhsilini başa vuran, bir neçə xarici dil bilən zabitlərimizin dillərindən şəxsən eşidirdim. Buna son qoyulmalıydı və qoyuldu. Qələbəmizdə və torpaqlarımızın azad olunmasında əsas amillərdən biri ordumuzun Türkiyə və NATO standartlarını mənimsəməsi olub. Bu standartları isə hərbçilərimizə Rusiyanın hərbi məktəblərində deyil, Türkiyənin hərbi məktəblərində tədris edirlər. Demək, bundan sonra da ordumuzun güclənməsində bu standartların tətbiqi yer tutacaq. 

Müsəllim Həsənov, jurnalist:

- Allah insaf versin, Orman Əliyev! Heydər Əliyev sarayında Orman Əliyevin "BİZ" filminin təqdimatının ilk 5-ci dəqiqəsində ağlıma gələn fikir bu oldu!

44 günlük müharibənin bütün emosiyalarını bir yerdə təqdim edən film!

Təbii ki, müharibə barədə bundan sonra da çoxlu filmlər çəkiləcək, müharibədəki qələbə əzmini, ağrı-acını göstərəcək.

Amma 44 günlük müharibənin emosiyalarını, sevincini və kədərini bu qədər dəqiqliklə əks etdirən film olmayacaq!

Bir də... İllər keçəcək, müharibə günlərində "BİZ"im - sənin, mənim, onun yaşadığı hisslər unudulacaq. Bu film isə o günlərin emosiyalarını, o günlərdəki "BİZ"i daim xatırladacaq.

Sənədli kino budur!

Sənədli kinonun gücü budur!

"BİZ", yəni kim?

Son qəpiyini müharibə fonduna köçürən məşhur pensiyaçı, əsir oğlunun məktubunu əlinə götürmədən "oğlum yazıb, ətrini aldım" deyən ana, Qələbə xəbərini göz yaşı ilə elan edən TV aparıcısı, müharibə dəhşətlərini lentə alan operator və kimlər-kimlər...

Yəni biz hamımız - "BİZ" filmində...

Eşq olsun Baku Media Center!

Təbriklər Orman Əliyev!

Filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlər... 

Həmid Herisçi, yazıçı:

- Rusiya Şərqşünaslıq İnstitutunun direktoru Aleksandr Skakov Ermənistana gəlib. Tarixi, elmi bir kənara ataraq müasir siyasətə yuvarlanıb. Böyük Ermənistan xəritəsi önündə müsahibə verib Yerevan mətbuatına. Rəsmi Bakını quru yuyub, yaş sərib...

Bəli, təkcə Rusiya Şərqşünaslıq İnstitutu deyil, dünyanın bir çox elmi-tədqiqat institutları sırf antitürk mövzuları tirajlayırlar. Dünya elmində türkologiya ləğv edilib. Əvəzində kürdologiya, iranistika, ermənişünaslıq və s. çiçəklənir. Niyə fundamental elmlərdə türkologiya yoxdu? Cavab verirəm: çünki, fundamental elm, bəli, futuristika, yəni gələcəklə bağlıdır. Gələcəyin siyasi xəritələrində isə türklərə yer yoxdu...

Bax budu həqiqət...

Noolsun... biz buna öyrəncəliyik... 44 günlük müharibədən əvvəl belələri çoxdu. Barəmizdə ağızlarına gələni danışırdılar. Qəfil, diksinib çaşdılar...

Gələcəkdə türk adı gəlincə hələ çox diksinəcəklər. 

Cavid İsmayıl, tarix üzrə fəlsəfə doktoru:

- Mülki Prosessual Məcəlləyə yeni dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış bu dəyişiklik deputatların narazılığı ilə qarşılanıb. Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Qənirə Paşayeva məhkəmələrin vəkilləri cərimələməsinin böyük narazılıq doğuracağını bildiriblər.

Burada bir neçə məqama diqqət yetirmək lazımdır:

1. Son vaxtlar sürətlə fantastik cərimələrin tətbiqi hansı prinsip əsasında aparılır? Bəlkə Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin gəlirlərinin fantastik dərəcədə artması barədə hesabat yayıb, xəbərimiz yoxdur? Bu cür qanun layihələri hazırlanarkən əhalinin cəriməni ödəmə qabiliyyəti nəzərə alınırmı?

2. İndiyədək Azərbaycan məhkəmələrinin qəbul etdiyi bəzi qətnamələrə görə Avropa İnsan Haqları Məhkəməsi dövlətimizi külli miqdarda cərimələyib. Bu zaman həmin qətnamələrə imza atan hakimlər hansısa cəzaya məruz qalıbmı? Qəbul etdiyi qətnamə dövlətin cərimələnməsinə səbəb olduğu halda, maaşından həmin cərimələrin ödənilməsi üçün istifadə olunmayan hakimlərin müdafiə priyomu kimi vəsatətlərlə hökm oxunmasını uzadan vəkilləri cərimələməsi absurddur.

3. Təcrübə sübut edir ki, Azərbaycanda cərimə yazmaq hüququ olan bəzi orqanlarda cərimə gündəlik plan tələbi kimi əməkdaşların qarşısında qoyulur. Məhkəmələrdə də belə olmayacağına təminat varmı?

4. Yazılan cərimələrin neçə faizininsə cərimələyən orqanın işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi barədə müddəa artıq həmin cərimələri yazan əməkdaşların obyektivliyini şübhə altında qoyur. Çünki avtomatik olaraq maraqlı tərəfə çevrilirlər.

5. Vəkillərin sistematik cərimələnməsi ölkədə vəkillik sisteminin vəziyyətini daha da ağırlaşdıra, sözəbaxan vəkillik institutu formalaşdıra və bu peşənin nüfuzunu daha da aşağı sala bilər.

Sahilə Yaya, yazıçı:

- İşlədiyim ofislərdən birində xadimə qadın yaşına görə cavan qalmışdı, çox da gözəl idi. Həmişə kompliment deyirdim ona. Ərim məni incitməyib deyirdi. Bir dəfə əri gəldi, birlikdə nahar etdilər. Məni də kələm dolmasına qonaq etdilər. Dolmaya dadlı demək olmazdı. Amma kişi susmadı, dolmanı, yoldaşını o qədər təriflədi... Stulların üstündə yuyulmuş çay dəsmalları yığılmışdı, onları da qatladı, getdi. Zavodda işləyirdi. Gedəndən sonra qadına dedim hə, indi başa düşdüm niyə belə cavan qalmısan. Həmişə belədi dedi. Azərbaycanda boşanan çoxdu deyirlər, sosioloji sorğular və s. aparırlar. Başqa səbəblər də var, təbii. Amma əsas səbəblərdən biri cütlüklərin məhz məişətdə birlikdəliklərinin olmamağıdı. Evlənirsinizsə, EV - hər ikinizindi, yoxsa, o ev dağılacaq. Yaradıcı adamların bizim evi məişət yıxdı kimi bəhanəsi var. Məstan, məişət yıxmayıb e, sənin evdə əlini ağdan qaraya vurmamağın yıxıb. Qadının yüz köməkçisi ola bilər, amma məhz yoldaşının ev işlərində, hansısa işdə iştirakını hiss etməsi qədər xoş şey yoxdu. Ailəni yoldaşlıq, birlikdəlik, ortaqlıq, əməkdaşlıq möhkəmlədir.

 





30.06.2021    çap et  çap et