525.Az

Putin Şoyqunu önə çıxarır - Xaqani Cəfərlinin şərhi


 

Putin Şoyqunu önə çıxarır - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Sentyabr ayında Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək. Hakim "Vahid Rusiya" Partiyasının proporsional seçki siyahısına partiyanın sədri, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan keçmiş prezident Dmitri Medvedyevin başçılıq edəcəyi gözlənilsə də, bu, baş vermədi.

Əksəriyyət üçün gözlənilməz halda seçki siyahısına Müdafiə naziri Sergey Şoyqu başçılıq edəcək. Rusiya qaynaqlarının məlumatına görə, keçmiş prezident Dmitri Medvedyev rəhbərlik etdiyi partiyanın seçki siyahısına müdafiə nazirinin başçılıq edəcəyini seçki siyahısının təsdiq olunduğu qurultaydan iki gün əvvəl xəbər tutub. Məlumata görə, hakim partiyanın seçki siyahısına kimin rəhbərlik edəcəyi prezident Vladimir Putin tərəfindən şəxsən müəyyənləşdirilib. "Vahid Rusiya" Partiyasının qurultayında seçki siyahısına başçılıq edəcək şəxslərin adları da məhz Vladimir Putin tərəfindən elan olunub.

Sergey Şoyqunun başçılıq etdiyi seçki siyahısında müdafiə nazirinin ardınca Xarici işlər naziri Sergey Lavrovun adı gəlir. Bu iki şəxsdən başqa hakim partiyanın seçki siyahısında koronavirusa qarşı mübarizədə nümunəvi həkimlərdən hesab olunan Denis Prorsenko, "Sirius" Təhsil Mərkəsinin rəhbəri Yelena Şmeleva və Ombudsman Anna Kuznetsovanın adları var. Müşahidəçilər bunu hakimiyyətin seçicilərin hakim "Vahid Rusiya" Partiyasına mənfi münasibətini dəyişmək cəhdi kimi dəyərləndirirlər. Son yerli seçkilər hakim partiyanın seçicilər arasında məhdud dəstəyə malik olduğunu üzə çıxarmışdı.

Rusiya müxalifətinin lideri Aleksey Navalnının təklif etdiyi "ağıllı seçim" seçki taktikası hakim partiyanın ciddi uğursuzluqla üzləşməsinə səbəb olmuşdu. Bu taktikanın parlament seçkilərində daha effektli olacağı ilə bağlı fikirlər Rusiya hakimiyyətini narahat etdiyi üçün müxalifət lideri Aleksey Navalnı öncə sui-qəsdə məruz qaldı, ardınca da həbs olundu. Navalnının qurucusu və lideri olduğu təşkilatlar isə qanundankənar elan edildilər. Bununla da Rusiya hakimiyyəti müxalifətin parlament seçkilərində iştirakının qarşısını tamamilə aldı. Buna görə də Dövlət Dumasına sentyabr ayında keçiriləcək seçkilərin siyasi və mənəvi legitimliyi şübhə altına düşdü. Amma belə görünür ki, bu vəziyyət Rusiyanın hakim dairələrini narahat eləmir. Rusiya hakimiyyəti də İranın dini hakimiyyəti kimi seçkidə iştirak edəcək namizədləri özü müəyyənləşdirir. Buna görə, Rusiyada gözlənilən parlament seçkilərini azad, ədalətli və demokratik seçki hesab etmək olmaz.

Putin ordunu Suriyadan çıxardır - Meydan.TV 

Dövlət Dumasına keçirilməsi gözlənilən seçkilərlə bağlı iqtidardakı "Vahid Rusiya" Partiyasının seçki siyahısı Rusiya hakimiyyətinin daxilində gedən prosesləri dəyərləndirmək baxımından önəmlidir. Siyahı elan olunmazdan əvvəl belə fikirlər mövcud idi ki, "Vahid Rusiya"nın namizədlər siyahısına partiyanın sədri Dmitri Medvedyev başçılıq edəcək və seçkidən sonra bu şəxs Dövlət Dumasının sədri olacaq. Ancaq prezident Vladimir Putinin şəxsən elan etdiyi siyahıda Dmitri Medvedyevin adı yer almır. Rusiyalı şərhçilərin bir qismi bunu keçmiş prezidentin reytinqinin çox aşağı olması ilə izah edirlər. Ancaq belə fikirlər də mövcuddur ki, seçicilərin necə səs verəcəyi əvvəlcədən müəyyən olunduğu bir şəraitdə Dmitri Medvedyevin reytinqinin aşağı olmasına görə hakim partiyanın namizədlər siyahısına başçılıq etməkdən məhrum edilməsi inandırıcı deyil. Məlumatlı şərhçilər bildirirlər ki, prezident Vladimir Putin Dmitri Medvedyevə qarşı qəzəbli olduğu üçün onu "Vahid Rusiya"nın namizədlər siyahısına rəhbərlik etməkdən məhrum edib. Bu fikri gündəmə gətirənlər prezident Putinin Təhlükəsizlik Şurasının sədr müavininə qarşı qəzəbini müxalifət lideri Aleksey Navalnıya qarşı sui-qəsd ideyasının məhz Dmitri Medvedyevə məxsus olması ilə izah edirlər. Məlum olduğu kimi, müxalifət liderinə qarşı sui-qəsddən sonra Rusiya hakimiyyətinin beynəlxalq aləmdə imici kəskin şəkildə pisləşib. ABŞ prezidenti Co Bayden bu olaya görə  rusiyalı həmkarı Vladimir Putini qatil adlandırıb. Avropa dövlətlərinin liderləri də ad çəkmədən müxalifət liderinə qarşı sui-qəsdə görə Rusiya prezidentini ittiham ediblər. Rusiyanın özündə də onlarla nüfuzlu ictimai-siyasi xadim müxalifət liderinə qarşı sui-qəsdə görə prezident Vladimir Putini günahlandırıblar. Müşahidəçilərə görə, məhz bu məqam Dmitri Medvedyevin sədri olduğu partiyanın seçki siyahısına başçılıq etməkdən məhrum edilməsinə səbəb olub.

Müdafiə nazirinin hakim partiyanın seçki siyahısına başçılıq etməsini isə nazir Sergey Şoyqunun reytinqinin yüksək olması ilə izah edənlərlə yanaşı, prezident Putinin "varis"ini müəyyən etməsi kimi dəyərləndirənlər də var. Sergey Şoyqunun adı daima Putinin ehtimal olunan siyasi varislərinin arasında çəkilib. Hətta onu Putindən sonra Rusiyaya başçılıq etməyə əsas namizəd hesab edənlər də var. Belə fikirlər mövcuddur ki, müdafiə nazirinin hakim partiyanın seçki siyahısına başçılıq etməsilə Putinin siyasi varisinin kim olacağı ilə bağlı Rusiyanın siyasi elitasını düşündürən suala təxmini cavab verilib. Bu fikrin həqiqətə nə qədər uyğun olduğunu yaxın gələcək göstərəcək. Ancaq bir məsələ tam aydındır ki, prezident Vladimir Putin müdafiə nazirini hakim partiyanın seçki siyahısına başçılıq etməsini təmin etməklə Sergey Şoyqunun rəqibləri ilə müqayisədə önə çıxmasına şərait yaradıb.  Artıq hər kəsə aydındır ki, Şoyqu Putinin siyasi varisləri arasında adları çəkilən şəxslərin hər biri ilə müqayisə edilməz dərəcədə güclü mövqe qazanıb. Bir çox müşahidəçilər hesab edirlər ki, bu hadisədən sonra Sergey Şoyqunun 70 yaşlı Vladimir Putini prezident kürsüsündə əvəz etməsi ancaq zaman məsələsidir.

 





30.06.2021    çap et  çap et