525.Az

Paytaxtın ümumi təhsil mənzərəsi - Münasibət


 

BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİ FƏALİYYƏTİNDƏ MÜASİR ÇAĞIRIŞLARA UYĞUNLUĞU ÖN PLANA ÇƏKİR

Paytaxtın ümumi təhsil mənzərəsi - <b style="color:red">Münasibət</b>

2020-2021-ci tədris ilində  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. 2020-2021-ci tədris ili bir tərəfdən ciddi sınaqlar ili kimi yadda qalsa da, digər tərəfdən yeni imkanlar ili kimi səciyyələndirilə bilər.

Bu tədris ilində, həmçinin, müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə və qarşıda duran vəzifələrin icrasına nail olmaq məqsədilə BŞTİ-nin və İdarənin tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.

BŞTİ-in İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Bəşarət Məmmədov deyir ki, İdarənin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir. 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456076 şagirdin təlim-tərbiyəsi ilə 28167 müəllim məşğul olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 44847, IX siniflərini 34874, XI siniflərini 20024, XII siniflərini isə 146 nəfər bitirib.

B.Məmmədovun sözlərinə görə, paytaxt üzrə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 45791 müraciət edilib. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub. Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibə təşkil edilib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar onlayn müsahibə prosesi "Microsoft Teams" platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib. Müsahibə nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası da fəaliyyət göstərib. Sektor müdiri bildirib ki, 2020-2021-ci tədris ilində paytaxt üzrə BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1083 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 26754 uşaq cəlb olunub.

2020-2021-ci tədris ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16 040 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb: "Qeyd edim ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb-valideyn əlaqələrinin bu proses çərçivəsində daha da təkmilləşdirilməsinə və valideylərin təhsil müəssisələri ilə təmasının daha rahat və şəffaf təşkilinə xidmət edir".

B.Məmmədovun dediyinə görə, paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin davamlılığı təmin edilib. Layihə çərçivəsində 2020-2021-ci tədris ilində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 "Sağlam təhsil" sinfi fəaliyyət göstərib. Həmçinin, paytaxtdakı 20 məktəbdə 26 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu təşkil olunub.

2020-2021-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 154, 216, 251 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. Həmçinin, Prezident İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 nömrəli və Suraxanı rayonundakı 97 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.

Sektor müdiri vurğulayıb ki,  ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 709 təmayül sinif təşkil olunub. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin, "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Bu, sağlamlıq imkanları qismən məhdud uşaqlarla tam sağlam uşaqların eyni sinifdə oxuduğu siniflərdir. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına xidmət edir.

 

Onun sözlərinə əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci tədris ili üçün 1739 vakansiya təqdim olunub. Müsabiqə və müsahibələr nəticəsində 1600 nəfər işə qəbul olunub. Bunlardan 760  nəfər  müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 580 nəfər  müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub. 2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan 901 nəfərlə müddətli müqavilə bağlanıb.

2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 43 nəfər, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə 23 nəfər təyin olunub. 2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb.

20 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib: "BŞTİ tərəfindən tədris ili ərzində iki dəfə IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib. Mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunan ilk qiymətləndirmədə 35667, ikinci qiymətləndirmədə isə 30730 şagird iştirak edib.

Riyaziyyat, ingilis dili və təlim dili üzrə keçirilmiş sınaq qiymətləndirmənin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir. Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib".

B.Məmmədov qeyd edib ki, ümumi təhsil məktəbləri direktorlarının vacib mövzular üzrə ictimaiyyətə açıqlığını və kommunikasiyasını təmin etmək məqsədilə "Direktorlar klubu" yaradılıb. Təhsil Nazirliyinin dəstəyi, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, "Kapital Bank"ın baş sponsorluğu ilə yaradılmış klubun əsas məqsədi ümumi təhsil məktəbi direktorlarının təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək və təhsilin idarəetməsində keyfiyyətin artırılmasına töhfə verməkdən ibarətdir.

Sektor müdiri söyləyib ki, BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi" təşkil edilib. 16-30 iyun tarixlərini əhatə edən "Yay məktəbi"nə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla qoşulublar. "Yay məktəbi" şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

Paytaxtın 123 ümumi təhsil məktəbində "Rəqəmsal bacarıqlar" layihəsi həyata keçirilib. Layihədə Bakı şəhəri üzrə 950 müəllim və 83700 şagird iştirak edib.

Layihə çərçivəsində  VI sinifdə təhsil alan 1440 şagirdin informatika fənninə olan marağının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə imtahanı keçirilib.

2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 305 ümumi təhsil müəssisəsində "Kiçik akademiya" fəaliyyət göstərib.

"Kiçik akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində "Kiçik akademiya" yaradılması nəzərdə tutulur. Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb "Kiçik akademiya" üzrə mərkəz olaraq müəyyənləşdirilib: "Paytaxtın 77 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib. Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən "Virtual məktəb" layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447843 şagird və 29293 müəllim qeydiyyatdan keçib. Teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən "Virtual məktəb" layihəsinin üzrə səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə İdarə tərəfindən 9 müəllim "Təşəkkürnamə"yə layiq görülüb".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





01.07.2021    çap et  çap et