525.Az

Dövlət dəstəkli ilk aqrar sığorta ödənişi həyata keçirilib


 

TƏSƏRRÜFATINDAKI İTKİNİN ƏVƏZİ OLARAQ, GÖYGÖLLÜ MALDARA 3 MİN MANATDAN ARTIQ VƏSAİT VERİLİB

Dövlət dəstəkli ilk aqrar sığorta ödənişi həyata keçirilib<b style="color:red"></b>

Dövlətimizin kənd təsərrüfatı istehsalçılarına zəmanətli yanaşma amillərindən biri kimi, ölkədə ilk dəfə dövlət dəstəkli  aqrar sığorta işinin tətbiqi, eləcə də bu işləri icra edəcək  müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması və  fəaliyyətə başlaması  haqda qəzetimizdə mütəmadi yazılar vermişdik (bax "525-ci qəzet"in 5.11.2020 və 23.04.2021 saylarına). 

Göstərilən məsələ baxımından ölkəmizdə bir növ, tarixə düşəsi ilk akt baş verib. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində ilk sığorta ödənişi həyata keçirilib. Sığorta ödənişi Göygöl rayonunun Üçtəpə kəndində fəaliyyət göstərən fermer Bəhruz Mustafaya məxsus olan heyvandarlıq təsərrüfatına edilib.

Təsərrüfatdakı  "Simmental" cinsli bir baş inək qanqrenozlu mastit diaqnozu səbəbindən məcburi kəsimə sövq edilib. Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb və Fondun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. "Mütəxəssislər tərəfindən müvafiq prosedurlar aparıldı və qərar çıxarıldı. Təsərrüfatımın uğradığı ziyana görə 3019 manat məbləğində sığorta ödənişi mənim bank hesabıma köçürüldü. Dövlətimizə, biz təsərrüfatçılara göstərilən həssas münasibətə görə, minnətdarlıq bildirirəm", - deyə B.Mustafa bildirib.

Bundan başqa, inəyin orqanizmindəki dəyişikliyin xarakteri qida üçün təhlükəli olmadığından,  təsərrüfatın sahibi məcburi kəsimə verilən inəyin istifadəyə yararlı ətinin satışından da gəlir əldə edib.

Qeyd edək ki, bu fermerə məxsus təsərrüfatda 70 baş mal-qara dövlət dəstəyi ilə güzəştli aqrar sığorta çərçivəsində sığortalanıb.

Göygöl rayonunun Üçtəpə kəndində yerləşən heyvandarlıq təsərrüfatında ilk aqrar sığorta ödənişi münasibətilə fermerlərlə məlumatlandırıcı görüş də keçirilib. Tədbirdə, Aqrar Sığorta Fondunun rəhbərliyi, yerli icra strukturlarının  və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Göygöl və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak edib. Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artır. O, həmçinin qeyd edib ki,  indiyədək aqrar sığorta çərçivəsində ümumilikdə 1,7 milyon manatdan artıq sığorta haqqı toplanılıb və bu məbləğdən 1,2 milyon manat heyvandarlıq, 500 min manatı isə bitkiçilik sektorundan əldə edilib.

"İyun ayına olan məlumata görə, indiyədək 2100 başa  yaxın mal-qara və 11,2 min hektar əkin sahəsi sığortalanıb. Ən çox sığortalanan əkinlər - buğda, pambıq, arpa və üzüm sahələridir. Sığorta ödənişinə başlanması isə aqrar sığorta sisteminin etibarlı çalışdığını, öz mühüm vəzifələrini yerinə yetirməyə başladığını göstərir. Heyvandarlıq və əkin sahələri ilə bağlı bir neçə yeni sığorta hadisələri də qeydə alınıb və yaxın günlərdə onlar üzrə də ödənişlər həyata keçiriləcək", - deyə Fuad Sadıqov məlumat verib.

Tədbirdə Aqrar Sığorta Fondu tərəfindən fermer B.Mustafaya ilk simvolik ödəniş çeki də təqdim edilib.

Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır. Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, həmçinin, sığorta oluna bilən bitkilərin siyahısı da genişləndiriləcək.

Zakir Muradov
Göygöl

 





01.07.2021    çap et  çap et