525.Az

Kişi ömrü...


 

YAXUD ÇİYNİDƏ BİR MƏKTƏB VARDI, ƏDƏB MƏKTƏBİ

Kişi ömrü...<b style="color:red"></b>

Onunla çox görüşmüşdük, çox söhbət etmişdik. Hər dəfə üzbəüz oturanda nədənsə düşünürdüm ki, haqqında vaxtsa yazmalı olsam, Boris Polevoyun "Əsl insan haqqında povest" əsərinin adını sərlövhə kimi vermək olar. Bir yandan da "Bizim Cəbiş müəllim" filminin qəhrəmanının da bütün xarakter cizgiləri eyni ilə onun xarakterləri ilə üst-üstə düşürdü. O da Cəbiş müəllim kimi hər addımının nəticəsini əvvəlcədən ölçür-biçir, deyəcəyi sözləri, mühakimə yürüdəcəyi məsələləri seçir, özü üçün deyil, insanlar, soydaşları üçün yaşamağı üstün tuturdu. Ən başlıcası isə o, ilk vəzifəsi olan müəllimliyin öhdəsindən böyük məsuliyyətlə gəlirdi. Bu adamın amalı ali bir insaniyyət, məqsədi xalqa, insanlara insanlığa xidmət etmək idi. Deyəsən, söhbətin kimdən getdiyini bilmək üçün əməlli-başlı darıxdınız. İsmayıl müəllimdən danışırıq. O İsmayıl müəllimdən ki, bütün şüurlu həyatı Ağsu rayonunun Çiyni kəndində keçib. O İsmayıl müəllimdən ki, hamı onu böyük bilib, hörmətini saxlayıb.

...Hələ ötən ilin oktyabrında Ağsudan hazırladığım qəzet materiallarının birində bir arzunu yazmışdım. Yazmışdım ki, neçə vaxtdır ki, "Çiyni kəndinin adamları" adlı bir yazı qələmə almaq istəsəm , bunu reallaşdıra bilməmişəm. gizlədim, neçə dəfə kənddə olanda ayrı-ayrı adamlarla görüşmüşəm. Söhbət etmişəm, amma ürəyim istədiyini ala bilməmişəm ki, bilməmişəm.

Gəlin, siz bu kəndi görün. Görün ki, burada necə böyük işlər görülüb. Hamısı onun təşəbbüsü ilə ərsəyə gəlib. Məscid tikilib. Mədəniyyət evi camaatın istifadəsinə verilib. Yeni məktəb binası Çiyniyə xüsusi yaraşıq verir. Kənd icra nümayəndəliyinin binası, stadion daha nələr, nələr. Bu yaxınlarda yeni tikilmiş uşaq bağçası artıq qapısını balalarımızın üzünə açıb.

Oğlu Cümşüd yana-yana danışır. "Bir dəfə infarkt keçirmişdi, - deyir, - Hamımız yalvarırdıq, xahiş edirdik. Deyirdik ki, heç olmasa, bircə dəfə sanatoriyaya get, özünü müalicə etdir. Qoy yoxlasınlar, baxsınlar".

Dinləyib, dinləyib, axırda cavabı belə olurdu: "Mənim üçün sanatoriya doğma Çiynidir. Bir burda olanda rahatlıq tapıram".

Düz deyirdi. O, hər gün kəndi gəzməsəydi, buradakı adamlarla söhbət etməsəydi, qərar tuta bilməzdi. Bəzən bir gündə iki-üç dəfə rayon mərkəzinə gedirdi. Əslində, özünün işi yox idi. Gedirdi kiminsə xahişini eləsin, kiminsə problemini yoluna qoysun. Bu da bir xarakterdir. Bütün qapılar üzünə açıq idi. Hamı bilirdi ki, İsmayıl müəllim nahaq yerə gəlməz.

Görüşlərimizdə dəfələrlə, özü gülə-gülə deyirdi: "Siz yaradıcı adamların "Vətən hardan başlanır" sualına hərə bir cür cavab versə , mənim cavabım həmişə bir olub: "Doğma Çiyni kəndindən".

Belə bir adam idi İsmayıl müəllim. Doğma yurduna, elinə-obasına bağlı bir insan. Ona görə bu ilin əvvəlində Ağsuda görüşəndə ilk sualı belə oldu: "Bəs Çiynidən hazırlayacağın yazı necə oldu?"

Düzü, əvvəlcə qəfil sualdan çaşıb qaldım. Sonra "Sizi gözləyirəm, - dedim, - yaddaşınızı vərəqləyin, gələn ay gələndə görüşərik". Söz üçün məəttəl qalmayan İsmayıl müəllimin cavabı da maraqlı oldu: "Narahat olma, qocalsam da, yaddaşım təzədir, oğul".

Bax beləcə görüşmək ümidi ilə ayrıldıq. Amma sən saydığını say, gör fələk sayır. Bir gün Ağsudan aldığım qəfil xəbər məni, sözün həqiqi mənasında, sarsıtdı. Bu yurdu, bu torpağı canından da çox sevən İsmayıl İsmayılov ömrünün 73- ilində elə oğlunun dediyi ürək çatışmazlığından dünyasını dəyişdi.

Ağır dərd idi. Onunla vidalaşmağa yaxından-uzaqdan çox adam gəlmişdi. Gəlmişdi ki, bütün həyatını insanların xoş güzəranına həsr etmiş bir el ağsaqqalına son borcunu versin. İllər uzunu dərs dediyi şagirdləri bir tərəfə çəkilib için-için ağlayırdılar. Onlara baxırdım. Düşünürdüm ki, bu kədərli anlarda onlar, görəsən, düşünürlər, fikirləşirlər, nəyi xatırlayırlar, ağırdır, çox ağırdır... Övladları danışırlar ki, həmişə təhsildən söhbət düşəndə Çin filosofu Konfutsinin bir sözünü dönə-dönə təkrar edirdi: "Əgər bir illik planınız varsa, taxıl əkin, on illik planınız varsa, bağ salın, yüz illik planınız varsa, məktəb tikin".

Cümşüd söyləyir ki, kaş kəndimizdə məktəb tikiləndə onun sevincini siz görəydiniz. Görəydiniz, əlində sinif jurnalı dərsə getməyi müqəddəs sayan atam uşaq kimi necə sevinirdi.

İndi bu qeydləri yazıram, yadıma bir nəfər ağsaqqalın dediyi sözlər düşür: "Oğul, İsmayıl müəllim, sözün həqiqi mənasında, çox şey öyrənə biləcəyimiz bir məktəb idi - ədəb məktəbi.

Sərrast deyilmiş sözdür. Bunu bu gün kiçikdən, böyüyə hamı bilir. Bilir ki, İsmayıl müəllimin üzündə bir nur vardı bu nur yüzlərlə, minlərlə insanın yoluna işıq salıb.

İsmayıl İsmayılovun ailəsində altı övlad dünyaya gəlib - üç oğlan, üç qız. Hamısı ev-eşik sahibidir. Hər biri özünə görə müəyyən mövqe tutub. Doğma kənddə ata ocağında isə Müşfiq yaşayır. İstər-istəməz düşünürəm, böyük məsuliyyətdir. Yenə dərdi olan bura gələcək, yenə çətinliyə düşən bu qapıya üz tutacaq...

Çünki bura hamının ümid yeri olub. Təəccüblənməyin. Həmin hüznlü günlərdə onun övladlarına yaxınlaşıb başsağlığı vermək istəyənlərin çoxu birinci bu sözü işlədiblər: "Sizlə bərabər bizim atamız əlimizdən getdi. Allah rəhmət eləsin!".

Bu rəhməti hər adam qazanmır. Yadıma yenə eşitdiyim bir söz düşdü: "İsmayıl müəllim kişi ömrü yaşadı. Bu, hər adama nəsib olan xoşbəxtlik deyil".

Dəqiq bilmirəm. Bilmirəm ki, 250- yaxın yaşı olan bu kənd haqqında konkret desək, "Çiyni kəndinin adamları" yazısını vaxt yazacam. Amma bir onu bilirəm ki, bu yazının qəhrəmanı siz olacaqsınız, İsmayıl müəllim! Ruhunuz şad olsun!

İlqar HƏSƏNOV

 





08.04.2014    çap et  çap et